Azərbaycanda daha bir sevgi cinayəti - TƏFƏRRÜAT

Azərbaycanda daha bir sevgi cinayəti - TƏFƏRRÜAT
Bütün Xəbərlər
13:54 08.05.2014
1466
Oğlanın anası polis rəisini Qurana and içdirdi.
Naftalan rayonunda diş həkimi işləyən Rasif Məmmədzadə bir neçə gün əvvəl qız qaçırıb.
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən o tapılaraq həbs edilib.
İlk olaraq bu hadisə ilə bağlı özünü zərərçəkmiş kimi təqdim edən R.Məmmədzadənin ailəsi məlumat verib. Ailədən bildirildi ki, Naftalan rayonunda diş həkimi işləyən Rasif Məmmədzadə uzun müddət sevdiyi qızı qaçırıb. O, qıza heç bir təzyiq göstərmədən Bakıya gətirib. İddia edilir ki, polis rəisi Rasifi aldadaraq həbs edib. Guya, rəis oğlanın anası Məlahət Məmmədovanın yanında Qurani-Kərimə and içərək Rasifi həbs etməyəcəyini deyib, lakin sonradan andını pozub. R.Məmmədzadənin ailəsi bu həbsi sifarişli adlandırır.
Naftalan Rayon Polis Şöbəsində işi araşdırmış müstəntiq Rüfət Quliyev bildirdi ki, baş vermiş hadisə qrup şəklində həyata keçirilmiş adam oğurluğudur.
Müstəntiqin sözlərinə görə, diş texniki işləyən R.Məmmədzadə bir neçə yaxın qohum və tanışı ilə 24 yaşlı musiqi müəllimi Lalə Paşayevanı zor tətbiq edərək qaçırıblar. Rasif ilk olaraq Laləni yaşadığı Qaşaltı kəndindən qaçırmaq istəsə də, alınmayıb. Sonra Laləni izləyərək niyyətini həyata keçirib. Qız işlədiyi məktəbdən çıxarkən bir neçə nəfər onu sürüyərək Bəylər Əlizadənin maşınına mindiriblər. Qızı ilk olaraq Bərdəyə aparıblar, onların izinə polis düşüb. Lakin qızı oradan Yevlaxa, sonra isə Bakıya gətirib gizlədiblər. Qaçırmada iştirak edən kişilərdən birinin valideyni polisə qızın saxlandığı yeri deyəndən sonra cinayətin üstü açılıb.
Maraqlısı odur ki, L.Paşayevanın uzun illər Rasif tərəfindən sevilməsindən xəbəri belə olmayıb. Qaçırılarkən Lalə bədən xəsarəti alıb.
Hazırda dəstənin iki üzvü R.Məmmədzadə və B.Əlizadə tutulub. Onların barəsində Cinayət Məcəlləsinin bir qrup şəxs tərəfindən adam oğurluğu (144.2.3-cü) maddəsi ilə cinayət işi başlanıb və onların barəsində həbs-qətimkan tədbiri seçilib. Cinayət işinin istintaqını isə Daxili İşlər Nazirliyinin Baş istintaq və təhqiqat idarəsi aparır.
R.Məmmədzadənin anası Məlahət Məmmədova əvvəllər Cinayət Məcəlləsinin fahişəliyə cəlb etmə (243) və əxlaqsızlıq yuvası saxlama (244) maddələri ilə məhkumluq həyatı yaşayıb.
OXŞAR XƏBƏRLƏR