AZXEBER.COM-un musavat.com-a istinadən xəbər verir ki, hələlik sonuncu olaraq məhsullarının qiymətini qaldıran “Azərsun” Holdinqdir. Ölkə bazarında kifayət qədər yer tutan və yerli məhsula olan tələbatın böyük hissəsini təmin edən “Azərsun” Holdinq avqustun 18-dən etibarən mağazalara verdiyi məhsullarının qiymətini dəyişib.
Məsələn, çəkisi 100 qram olan 80 qəpiklik “Azərçay” artıq mağazaların vitrinlərində 1 manata qoyulub. Bu, məhsulun 25 faiz bahalanması deməkdir. Holdinq bütün məhsullarının qiymətini 20-35 faiz arasında bahalaşdırıb.
Mağaza işçiləri ilə söhbətimizdə qiymətləri qalxan digər məhsullarla da bağlı məlumatlar öyrəndik.
Qiymətləri ilk olaraq qaldıran şirkətlərdən biri “Prokter & Gembl Azərbaycan Servisləri” MMC-dir. Bu MMC-yə məxsus məhsulların qiymətləri 35 faiz qaldırılıb.
Qeyd edək ki, “Prokter & Gembl Azərbaycan Servisləri” MMC bazara “Oral-B Pro-flex” diş fırçası, “Duracell” batareyası, “Ariel” yuyucu tozu, “Blend-a-med Pro-expert” diş məcunu, “Pampers” və bir çox məhsullar çıxarır.
Son 5 gün ərzində qiymətləri bir neçə dəfə qaldıran firma isə “Milla” süd məhsullarıdır. Belə ki, ötən həftənin son günündə qiymətləri 10 faiz qaldıran “Milla” avqustun 17-də qiymətləri növbəti dəfə 5 faiz artırıb. Hazırda “Milla” süd məhsulları minimum 15 faiz bahalaşıb.
Qiymətləri qaldıran böyük firmalar arasında “Avrora” da var. Bu firma Azərbaycanda makaron, biskvit, peçenye kimi şirniyyat məhsullarının istehsalı, pərakəndə və topdansatışı ilə məşğul olur. Bazarda kifayət qədər tanınmış “Tanelli”, “Doymak”, “Laferella” markalı makaronlar bu firmanın məhsullarıdır. “Avrora” firması qiymətləri 15-25 fazi arasında qaldırıb.






