'Azərbaycanda fahişəliyin leqallaşdırılması effekt verə bilməz' - Zahid Oruc

Bütün Xəbərlər
13:11 23.04.2013
2257

“Əslində, parlamentdə məhz fahişəliyin leqallaşdırılması təklifi irəli sürülmədi. Sadəcə olaraq insan alverinin qurbanları ilə bağlı, həmçinin bu işi həyata keçirən əməllərə qarşı mübarizə aparmağın alternativ yolu bu idi.”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında deputat Zahid Oruc deyib. Millət vəkili Azərbaycanda fahişəliyin leqallaşdırılması ilə bağlı iddialara münasibət bildirib: “O ki qaldı, müxtəlif ölkələrin praktikasında bu cür tendensiyalara, xüsusilə, qeyri-əxlaqi halların aradan qaldırılması üçün görülən tədbirlərə, bu, başqa ölkələr üçün model ola bilməz. Fahişəliyin leqallıq qazanması hələ belə bir mənaya gəlmir ki, məsələ öz yerinə düşüb və burada hər hansı problemlər meydana çıxmır, insan alverini dayandırır və s. Bilirsiniz, insanların alqı-satqı predmetinə çevrilməsi, onların qul kimi satılması, tarixdə mövcud olsa da, bu gün dünyanın bütün ölkələri tərəfindən pislənməkdədir. Avropa ölkələrində bu prosesə qarşı daha sərt təpki sərgilənməkdədir. Mən bu təklifin ciddi bir addım atacağını düşünmürəm. Başqa tərəfdən milli-mental dəyərlər, Azərbaycandakı ənənələr bizə onu deyir ki, hər hansı sosial və şəxsi zəminlərdə kiminsə həyatında problemlər baş verirsə, bu o demək deyil ki, bunu bütövlükdə milliləşdirmək lazımdır, məncə, bu, çox yanlış olardı. Əslində, həmkarımızın mövqeyi bu deyildi ki, fahişəlik Azərbaycanda leqallaşdırılsın. Hər kəs bunu müxtəlif qanunlarla, yollarla həyata keçirsin, hətta dövlətdə hər hansı ödənişlərə səbəb olsun. Bu gün məsələni bu şəkildə davam etdirmək, öz-özlüyündə ictimailəşdirmək məntiqi nəticələr verə bilməz. Sonrakı dövrdə həmkarımızın açıqlaması ilə bağlı daha deqiq çıxışlar eşitdik. O, alternativlər deyərkən məhz buna çağırış etmirdi və mən deyə bilərəm ki, bu barədə heç bir leqallaşma öz effektini verə bilməz.”

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Milli Məclisinin iclasında ölkədə fahişəliyin leqallaşdırılması məsələsi müzakirə olunmuşdu. Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Siyavuş Novruzov bu sahədə beynəlxalq təcrübədən istifadə edilə biləcəyini və Azərbaycanda da fahişəliyin leqallaşdırılmasının mümkün variant olduğunu demişdi.

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR