Azərbaycanda fəaliyyət göstərən iki bank arasında gedən gizli 'savaş'

İQTİSADİYYAT
16:02 10.02.2014
3098

“Bank of Baku"nun kadrları "Unibank"da işə məmnuniyyətlə qəbul edilir”

Azərbaycanda avtomobil kreditlərinin verilməsinə qoyulan qeyri-rəsmi qadağa hələ də qüvvədədir. Müşahidələr bu qadağanın yaxın zamanlarda götürülməsini vəd etmir. Bir tərəfdən istehlak kreditlərinin şərtlərinin sərtləşdirilməsi, digər tərəfdən avtokreditlərin verilməsinə qadağanın qoyulması artıq bəzi özəl bankların büdcələrinə də ciddi təsir edib.

Avtokreditlərə tətbiq edilən qadağanın ən azı 5-6 ay davam etməsi ölkənin 20-yə qədər bankına sarsıdıcı zərbə vura bilər. Həmin bankların əksəriyyətinin müflisləşmə ehtimalı yüksəkdir. Bankların kredit portfelində istehlak kreditlərinin payı 40%-ə çatıb. Avtokreditlər portfeldə əhəmiyyətli paya malikdir. Heç kimə sirr deyil ki, bir sıra bankların kredit protfelində avtomobil kreditlərin payı daha yüksəkdir.

Qabaqlayıcı tədbirlər görməyə çalışan banklar, daha çox marketinq büdcələrini azaltmaqla bu böhranı aradan qaldırmağa çalışırlar. Bununla yanaşı, banklarda kadrlar arasında ixtisarlaşdırma da başlayıb.

Məhz belə banklardan biri də “Bank of Baku”dur. AZXEBER.COM-un elektron ünvanına Samir Hüseynov adlı oxucunun göndərdiyi məktub da bu bankda son günlər gedən ixtisarlaşmayla bağlıdır:

“İstehlak kreditləri sahəsində ölkənin fəal banklardan olan Bank of Baku son zamanlar bu sahədəki banklararası rəqabətdə təşəbbüsü əldən verməyə başlayıb. Buna təsir edən əsas amillərdən biri isə bankın kadr siyasətində yol verdiyi ardıcıl nöqsanlar olub. Son bir neçə ildə bu bankı onlarla yüksək ixtisaslı işçi tərk edərək digər banklara keçib. Bank of Baku onları yetişdirsə də bu şəxsləri öz sıralarında saxlaya bilməyib. Nəticədə bu tendensiya, bankın öz rəqibləri ilə mübarizəsinə mənfi təsri etməyə başlayıb, çünki bəlli olduğu kimi, “kadrlar hər şeyi həll edir””.

S.Hüseynov adlı oxucu məktubunda“Bank of Baku”da olan bir çox işçilərin “Unibank” tərəfindən transfer edildiyini və hər iki bank arasında kəskin rəqabətin getdiyini yazıb:

“Əslində bu kadr axınında katolizator rolunu təxminən 3 il əvvəlki bir hadisə oynadı. Bank of Baku-nun o zamankı sədri Cəlal Qasımov qəfildən tutduğu vəzifədən azad edildi və o bunu ədalətsizlik kimi qəbul etdi. O Unibanka keçdi və hazırda orada icraçı direktordur. Həm Bank of Baku-nun müştərilərini, həm də əməkdaşlarını Unibanka cəlb etmək üçün planlı iş başladı. Bank of Baku-nun kredit, maliyyə, İT, plastik kartlar və digər bank sahələrini təmsil edən onlarla peşəkar kadrı Unibanka keçdi. Bank of Baku-nun kadrları Unibankda işə məmnuniyyətlə qəbul edilir. Unibank onlara daha yaxşı maddi və karyera şəraiti yaradıb öz sıralarına cəlb edir və bunu faktiki olaraq özünün kadr siyasətinə çevirib. Bu gün Unibankın bir çox mühüm vəzifələrində əyləşmiş şəxslərin keçmişinə baxsaq görərik ki, onlar məhz Bank of Baku-dan gəliblər. Bank of Baku illərlə yetişdirdiyi peşəkarları bir anda əldə verir və nəticədə peşəkarlarla zənginləşən rəqib Unibank maliyyə bazarındakı mövqelərini daha da gücləndirmiş oldu. Eyni zamanda Unibank istehlak kreditləri bazarına aqressiv daxil olaraq Bank of Baku-nu sıxışdırmağa başladı. Halbu ki, Bank of Baku kütləvi istehlak kreditlərinin verilməsində ilk bank olub.Lakin qısa müddət ərzində Unibank istehlak kreditləri bazarında rəqibini sıxışdıraraq birinciliyi əldə edib”.

P.S. Məsələylə bağlı hər iki bankla əlaqə saxlamağa çalışsaq da, adıçəkilən bankarın ictimaityyətlə əlaqədar məsul şəxslərinin əlaqə telefonlarını tapmaq mümkün olmadı.

Buna görə də məktubda adı keçən bankarın mövqeyini saytda dərc etməyə hazırıq.

OXŞAR XƏBƏRLƏR