Azərbaycanda həkimlər üçün yeni platforma quruldu - FOTOLAR

Azərbaycanda həkimlər üçün yeni platforma quruldu - FOTOLAR
SOSİAL
10:29 06.10.2021
879
 Həkimlər səhiyyədə müasir yanaşmalar, innovasiyalar və yeni müalicə üsulları ilə vaxtında vaxtında tanış olacaqlar.
 
AZXEBER.COM xəbər verir ki, Azərbaycan Tibb Universiteti və "Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyəti” Bioloji Təbabət Klinikalar şəbəkəsinin dəstəyi ilə Lənkəranda "Səhiyyədə müasir yanaşmalar - 2021” I regional elmi-praktik konfrans həyata keçirdi.

Konfransın əsas məqsədinin regionda olan həkimlərin davamlı tibbi təhsil prosesinə dəstək olmaq, onları yeni tibbi tədqiqatlar, müasir yanaşmalarla tanış etməklə əhaliyə səmərəli və keyfiyyətli tibbi xidmət göstərilməsinə töhfə vermək olduğu bildirildi.

Açılış nitqi ilə qonaqları salamlayan Bioloji Təbabət Klinikalar şəbəkəsinin təsisçi direktoru Elxan Yaqubov konfransın önəmini vurğuladı: "Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Biz inanırıq ki, səhiyyənin inkişafı həkimin peşəkar inkişafı ilə paraleldir. Həkimlərin mütəmadi olaraq səhiyyədəki yeniliklərlə, yeni tədqiqatlarla, innovasiyalarla tanış edilməsi onların inkişafı ilə bərabər pasiyentə, xəstəliklərə, bütövlükdə tibbi xidmətə yanaşmanın təkmilləşməsi deməkdir. Bioloji Təbabət Klinikalar şəbəkəsi olaraq biz, Azərbaycan səhiyyəsinin inkişafına xidmət edən belə təşəbbüslərə daima dəstək verəcəyik”.

Çıxış edən "Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyəti”nin sədri, Azərbaycan Tibb Universitetinin professoru Fikriyyə İbrahimli bu tip konfransın regionda ilk dəfə keçirildiyini qeyd etdi: "Müzakirə olunacaq mövzuların hər biri özünəməxsus səviyyədə vacib, önəmli mövzulardır. İnanıram ki, bu müzakirələrlə biz xeyli yeni məlumatlar əldə edəcəyik. Konfransın ardıcıl olaraq hər il keçilirməsi planlaşdırılıb”.

Konfrans üç əsas panel - I Panel: "Xroniki xəstəliklərə müasir yanaşma – İnteqrativ tibb”, II Panel: "Cərrahi xəstəliklərə müasir yanaşma”, III Panel: "Pediatriya və neonatologiyada yeniliklər”dən ibarət olmaqla: "İnteqrativ tibb: Bu günün və sabahın təbabəti”, "İltihabi bağırsaq xəstəliklərinin müalicəsinə müasir yanaşma”, "Ginekoloji xəstəliklərin biotənzimləyici terapiyası”, "Prenatal diaqnostikada genetik testlərin əhəmiyyəti”, "Mədə xərçənginin cərrahi müalicəsində müasir yanaşmalar” və digər maraqlı mövzuları əhatə etdi.

Konfransda Azərbaycan Tibb Universitetindən professor-müəllim heyəti, Bioloji Təbabət Klinikalar şəbəkəsinin həkimləri və mütəxəssisləri səhiyyənin müxtəlif sahələri üzrə təqdimatlar, fərqli xəstəliklərə müasir yanaşmalarla bağlı çıxışlar etdilər.

Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Astara, Lənkərandan, ümumilikdə 130 həkimin qatıldığı konfransda iştirakçılar müzakirələr və spikerlərlə sual-cavab sessiyaları vasitəsilə yeniliklərlə tanış oldular, onları maraqlandıran suallara cavab tapdılar.

Konfransın nəticəsi olaraq, Bioloji Təbabət Klinikalar şəbəkəsinin təşəbbüsü ilə "Səhiyyədə müasir yanaşmalar” tibbin inkişafı platformasının qurulduğu elan edildi. Platformanın qurulma məqsədinin regionda fəaliyyət göstərən həkimləri səhiyyədə müasir yanaşmalar və innovasiyalarla vaxtında tanış etmək, onları sahələri üzrə yerli və beynəlxalq mütəxəssislərlə görüşdürmək, yeni müalicə üsullarını çatdırmaq, həmçinin fikir və təcrübə mübadiləsi üçün elmi-praktik mühit formalaşdırmaq olduğu bildirildi.
 
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR