Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, "Odlar Yurdu" Gənclər İctimai Birliyinin təşkilatlığı ilə Gəncədə həyata keçirilən forum respublikada ilk dəfədir ki, təşkil olunur. "Turizmin inkişafı və gənclər" adlı forum da regionlardan 60 nəfərə yaxın gənclər iştirak edir.
Tədbirin əsəs məqsədi ölkənin turizm potensialından istifadə imkanlarının öyrənilməsi, regionların sosial-iqtisadi inkişafında turizm sektoru vasitəsilə gənclərin rolunu artırmaqdır. Həmçinin bu sahədə yeni kadrların formalaşmasına şərait yaratmaqdır.
Bu gün tədbirin rəsmi açılış mərasimi keçirildi. Açılış mərasimində "Odlar Yurdu" Gənclər İctimai Birliyinin sədri, Azərbaycan Gənclər fondundan, Turizm İdarəsindən və Gəncə şəhər İcra Hakimiyyətindən nümayəndələr iştirak edirdilər.
Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov tədbir iştirakçılarını Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Cənab Elmar Vəliyevin adından salamladı, gənclərə və eləcə də tədbirin işinə uğurlar arzuladı. Çıxışçılar dinlənildikdən sonra forum sual-cavab şəklində davam etdi.
Tədbirdə "Azərbaycanın turizm potensialı və perspektivlər”, “Eko- Turizm” və “Gənclər Turizm sektorunda” və digər mövzularda ekspertlərin məruzələri dinlənəcək.
Qeyd edək ki, forum 17 - 21 iyun tarixində 5 gün davam edəcək. Bu müddət ərzində gənclər peşəkar ekspertlərin təcrübələrini dinləyəcək, yeni informasiyalar əldə edəcəklər. Layihənin sonunda gənclər turizm şirkətlərində təcrübə proqramı keçəcəklər.
Bununla yanaşı 10 nəfər fəal gənc işlə təmin olunacaq.
Gencenews.az