"Azərbaycanda kazinoların fəaliyyətinə icazə verilməsi turizm infrastrukturunun daha da inkişaf etdirilməsi üçündür"

"Azərbaycanda kazinoların fəaliyyətinə icazə verilməsi turizm infrastrukturunun daha da inkişaf etdirilməsi üçündür"
İQTİSADİYYAT
17:16 21.06.2025
289
Azərbaycan Respublikasında qanunvericiliyin tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində olmaqla kazino oyunlarının təşkili və keçirilməsi nəzərdə tutulur.
 
Bununla bağlı "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanunda dəyişiklik edilməsi təklif olunur.

Müvafiq qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, qanuna yeni fəsil əlavə olunur, süni torpaq sahələrində sahibkarlığın təşviqi və inkişafı məqsədilə investisiya fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılır.

Beləliiklə, süni torpaq sahələrində Azərbaycanın normativ hüquqi aktları ilə qadağan olunmayan bütün sahibkarlıq fəaliyyəti növləri həyata keçirilə bilər. O cümlədən, kazino oyanları yalnız xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun tələblərinə cavab verən yerlərdə keçirilə bilər.

Kazino oyunlarının keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Oyunları yalnız nəzarət orqanının rəyi nəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs təşkil edə bilər.

21 yaşına qədər şəxslərin kazino oyunlarında birbaşa və yaxud dolayı iştirakına yol verilmir.
 
Bu gün isə Milli Məclis kazinoların fəaliyyəti ilə bağlı qanuna təklif edilən dəyişiklik layihəsini birinci oxunuşda qəbul edib.
 
Qəbul olunmuş dəyişiklik və bunun Azərbaycan iqtisadiyyatına verəcəyi töhvələrlə bağlı AZXEBER.COM-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycana gələn turistlərin sayındakı artım turizm infrastrukturunun daha da inkişaf etdirilməsini, əlavə istirahət və əyləncə obyektlərinin açılmasın daha da aktuallaşdırıb:

"Son illər müxtəlif alətlər, eləcə də kazinolar vasitəsi ilə fərqli dövlətlərdə gəlmə turizmin təşviq edilməsi müşahidə olunur. Bu turizm sektorunda daxil olmalara birbaşa təsir etməklə yanaşı, gəlmə turizmi təşviq edir. Hazırda qlobal kazino sənayesinin ümumi dövriyyəsi yarım trilyon dollardan çoxdur. Son illər bu sahədə artım dinamikası müşahidə olunmaqla yanaşı, proqnozlar da trendin davam edəcəyindən xəbər verir. Belə ki, 2023-cü ildə kazino sənayesinin gəlirləri 540 milyard dollar olub, 2024-cü ildə isə 580 milyard dollara yüksəlib. 2028-ci ilə qədər dövriyyənin həcminin 745 milyard dollara çatacağı proqnoz edilir. 


"Azərbaycana gələn turistlərin sayındakı artım turizm infrastrukturunun daha da inkişaf etdirilməsini, əlavə istirahət və əyləncə obyektlərinin açılmasın daha da aktuallaşdırıb. Bir çox turizm ölkələr kimi Azərbaycanda da kazinoların fəaliyyətinə icazə verilməsi bu addımlardan biri ola bilər".
 
Deputat həmçinin qeyd edib ki, kazino biznesinin leqallaşdırılmasına görə ərazi və əhali sayına görə kiçik ölkələr turizm gəlirlərinə görə bizdən öndədirlər:
 
"Belə ki, ərazi və əhalisinin sayına görə Gürcüstan Azərbaycandan kiçik olsa da, turizm gəlirlərinə görə daha öndədir. Tədqiqatlar göstərir ki, bunun əsas səbəblərindən biri kimi kazino biznesinin leqallaşdırılmasıdır. 2021-2022-ci illərdə Gürcüstanda mərc oyunları və kazinoların dövriyyəsi 16,45 milyard avrodan 17,82 milyard avroya yüksəlib. 2024-cü ildə Gürcüstanda kazino sektorunun dövriyyəsi 28 milyard ABŞ dolları olub. 2024-cü ildə 20 mindən çox insan bu sahədə çalışıb, Gürcüstan kazinolarının gəlirlərinin əhəmiyyətli hissəsi xarici müştərilərdən, həmçinin Azərbaycandan səfər edən turistlərdən daxil olur".
 
Günel Hüseynli
 
Yazı Medianın İnkişafı Agentliyinin "azad sahibkarligin ve liberal iqtİsadiyyatın təşviqi" mövzusunda dərc edilib.

 



OXŞAR XƏBƏRLƏR