Bu günlərdə redaksiyamıza maraqlı şikayət ərizəsi daxil olub. Qeyd edək ki, bu barədə şikayət edənlərin sayı çox olduğuna görə, onların nədən etiraz etdiklərini ümumi olaraq bir şikayət şəklində təqdim edəcəyik.
Quba rayonunun Xınalıq kəndinə giriş pulludur. Yox, yox bunu kiminsə yol kəsib xərac alması məsələsi ilə qarışdırmayın. İndi o zəmanə deyil ki, quldurluq, yolkəsənlik baş alıb getsin. 1992-93-cü illər olsaydı haradasa bunu başa düşmək olardı. Bir sözlə, şikayətçilər bildirirdidlər ki, Xınalığa giriş pulludur. Kəndin girəcəyində şlaqbaum qoyulub, kəndə kim girir, ondan pul alırlar.
Eləmə tənbəllik, əməkdaşımızı ezam etdik Xınalıq kəndinə. Təsadüf elə gətirdi ki, əməkdaşımız "həm ziyarət, həm ticarət" prinsipindən istifadə edib (kənddə əməkdaşımızın dostu oğluna kiçik toy edirdi) üz tutdu Xınalığa. Gördüklərini bizimlə bölüşəndə təəccübümüzü gizlədə bilmədik. Əməkdaşımızın dediyinə görə, kəndə bir az qalmış həqiqətən də şlaqbaum qoyulub. Kəndə daxil olmaq istəyənin arzusu yalnız 2 manat rüsum ödəyəndən sonra çin ola bilər. Bunun səbəbini soruşduqda şlaqbaumun o tərəfində olanlar bildiriblər ki, Xınalıq kəndi qoruq elan edildiyindən Mədəniyyət və Turizm Nazirliyi kəndə girişin pullu olduğu barədə qərar çıxarıb və həmin gündən hər kəs iki manat verib buradan keçir.
Maraqlıdır turizm məqsədi ilə gələnlərin pul ödəmələrini başa düşmək olar, amma toya, yasa, nə bilim dostunun evinə qonaq gedənlər niyə pul ödəməlidirlər? Bu sualın cavabını Mədəniyyət və Turizm Nazirliyindən iş günündə almaq ümidi ilə... sabahı gözləyək. /SİA/