Azərbaycanda ‘kişi’lər niyə cinsini dəyişib qadın olmaq istəyir? - ARAŞDIRMA

Azərbaycanda ‘kişi’lər niyə cinsini dəyişib qadın olmaq istəyir? -  ARAŞDIRMA
Bütün Xəbərlər
14:24 21.11.2013
3254

Təkcə Azərbaycanda yox, bütün dünyada cinsiyyət orqanını dəyişənlərin daha çox kişilər olduğu deyilir.

Son zamanlar bununla bağlı həkimə müraciət edənlərin sayının artdığı da söylənilir. Azərbaycanda cinsini dəyişmək istəyənlərin sayı ilə bağlı rəsmi statistik məlumatlar olmasa da, qeyri-rəsmi məlumatlara görə bu gün ölkəmizdə cinsini dəyişməyə cəhd edən onlarla vətəndaş var.

2002-ci ildən 2011-ci ilə qədər cinsini dəyişdirilməsi üzrə təxminən 30-35 nəfər müraciət edib. Cinslərini dəyişmək istəyənlər əsasən 22-30 yaş arası gənclər olub. Müraciət edənlərdən yalnız 9-u əməliyyat olunaraq cinsini dəyişib. Həmin şəxslərin biri qadın, qalan 8 nəfər isə kişi olub.

Ölkəmizdə bu əməliyyat daha ucuz olduğuna görə, cinsini dəyişmək istəyənlər bizim həkimlərə daha çox müraciət edirlər. Türkiyədə bu cür əməliyyatlar 15-20 min AZN-ə edilir. Ancaq Azərbaycanda bu cür əməliyyatlar təxminən 5 min AZN-ə başa gəlir.

Ölkəmizdə bu cür əməliyyatları ən yaxşı bacaran Avropa Beynəlxalq Estetik, Plastik və Rekonstruktiv Cərrahlar Cəmiyyətinin üzvü, tanınan plastik cərrah, Azərbaycanda ilk cinsiyyət dəyişmə üzrə əməliyyat aparan mütəxəssis Camal Əzimzadə olmuşdu. C.Əlizadə bu sahə üzrə bir çox əməliyyatları yerinə yetirmişdi. Əməliyyatların 5 min AZN-ə endirilməsinə nail olan cərrah, keçən ilin fevral ayında dünyasını dəyişib.

Ancaq hazırda bu istiqamətdə bir sıra özəl klinikalarda əməliyyatlar aparılır. Daha çox əməliyyatlar Türkiyədən gətirilən həkimlər tərəfindən yerli klinikalarda keçirilir. Qiymətlər isə, həkimin adı və təcrübəsinə görə dəyişir.

Qanun cinsini dəyişmək istəyənlərin yanındadırmı?

Azərbaycanda qəbul edilən "İnsan orqanlarının transplantasiyası haqqında" qanunda transplantasiyanı kimlərin edə bilməsi, orqanın kimdən götürülməsinin mümkünlüyü və bu əməliyyatın hansı müəssisələrdə həyata keçirilməli olması göstərilib. Amma cinsin dəyişdirilməsi barədə dəqiq qanun yoxdur.

Hüquqşünasların fikrincə cinsin dəyişdirilməsinin qarşısını almaq üçün insanlara qanunvericiliklə qadağa qoyulması düzgün deyil. Çünki bu qadağanın qoyulması Konstitusiyamıza, eyni zamanda, İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasına da zidd hesab olunur.

Avropada cinsi azlıqlara münasibət necədir?

Avropada cinsi azlıqların cəmiyyətdə mövqeyinin artması keçən əsrin 50-ci illərindən sonra başlamışdır.

İlkin mərhələdə cinsi azlıqlara sadəcə dözümlü yanaşılırdı. Daha sonra şou-biznesdə və incəsənət adamları arasında cinsini dəyişən şəxslərin sayı artdı. Mətbuatın, xüsusən də televiziyaların bu tendensiyanı artıq Qərb cəmiyyətinin xarakterik xüsusiyyəti kimi təqdim olunmasında böyük rolu oldu. Nəticə isə özünü çox gözlətmədi. Günümüzdə Avropada artıq siyasətçilər də daxil olmaqla cəmiyyətin bütün təbəqələri arasında cinsi azlıq nümayəndələri ən ön sıralardadır. Hətta bəzi ölkələrdə onların təmsil olunduqları partiyalar seçkilərə belə təsir etmək iddiasındadır. Əslində sual yarana bilər ki, burda təəccüblü nə var ki? Demokratik prinsiplərə əsasən bütün insanların hüquqları bərabərdir. Bu zaman təzadlı bir paradoks yaranır. Avropada müxtəlif ölkələrdə aparılan sosioloji sorğular göstərir ki, əksər hallarda rəyi soruşulanların ən azı 50%-i cinsi azlıqların cəmiyyətdə rolunun artırılması təşəbbüslərindən narazıdırlar.

Hazırkı "Mavi Avropa” tendensiyası bütün bu toxunulmaz hesab olunan tabuları alt-üst etməkdədir. Doğrudur Avropada bu tendensiya yenilik deyil. Qədim Roma imperiyasının son dövrləri təxminən eyni mənzərəni canlandırırdı. Tarixi məlumatlara görə həmin vaxt həmcins intim münasibətlər, qadınlar və kişilər arasında pozğunluq adi yaşayış tərzinə çevrilmişdi.

İslamda cinsini dəyişən şəxslərə münasibət necədir?

İlahiyyatçı Elşad Miri AZXEBER.COM-a açıqlamasında dində bu cür əməllərin haram sayıldığını deyir. O, cinsini dəyişən şəxslərin Allah qatında böyük günaha batdıqlarını bildirib:

“İslamda insanın hansısa bir orqanına xələl gətirməsi haram sayılır. Peyğəmbərimizin vaxtında da bu cür əməllər qəti qadağan edilib və haram sayılıb. O vaxt hansısa döyüş əsnasında bədəninin bir yeri kəsilən şəxslərə, onu əvəzləyə biləcək hansısa bir vasitədən istifadəyə icazə verilib. Hələ o vaxt peyğəmbərimiz buyururdu ki, özünü kişiyə oxşadan qadına və ya qadına oxşadan kişiyə Allah lənət edər. Bu, o dövrdən günah və haram sayılırdı. Bundan başqa, o da buyurulur ki, kişilərin özünü qadınlara, qadınların kişilərə bənzətməsi qiyamətin əlamətlərindəndir. İslamda nəyinki, cinsini dəyişmək eyni zamanda bədəninə müəyyən döymələr etdirmək və ya gözəlləşmək adı ilə müəyyən əməliyyatlar etdirmək də haramdır”.

“Bu tip oğlanlarda feministik hal yaşanır”

Psixoloq Elnur Rüstəmov portalımıza məsələylə bağlı verdiyi açıqlamada insanların öz cinslərini dəyişmələrinə psixoloji amillərin mütləq təsir etdiyini söyləyib:

“Atasını itirən qızlarda vaxt keçdikcə anasına bağlı olması səbəbindən kişilərə xas davranışlar, xüsusiyyətlər formalaşmağa başlayır və zamanla buna ciddi yanaşma formalaşır. Əgər valideynlər bu cür hallara müəyyən qədər tədbirli davranarlarsa, psixogen faktorları aradan qaldırmaq o qədər də çətin olmur. Nəzərə almaq lazımdır ki, bu cür hallar bizim cəmiyyət tərəfindən qəbul edilmir. Düşünürəm ki, yaxın gələcəkdə də bununla bağlı insanlar tərəfindən təpki olacaq”.

Psixoloq E.Rütəmovun fikrincə, həyatını qadın kimi davam etdirmək istəyən kişilərin əksəriyyəti uşaqlıqda yaşadığı travmadan sonra bu qərara gəlirlər:

“Psixoloj faktor misal kimi 3 bacının bir qardaşını göstərmək olar. Zaman keçdikcə görürsən ki, onda xanımlara xas bir hərəkətlər, davranışlar formalaşmağa başlayır. Əsasən bu hal orada özünü qabarıq göstərir ki, ata ilə oğul arasında yetərincə kontakt olmur. Bu tip oğlanlarda feministik hal yaşanır”.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR