Azərbaycanda məktəblərdə din dərsi keçirilməlidir? - Avropada var, bizdə isə...

Azərbaycanda məktəblərdə din dərsi keçirilməlidir? - Avropada var, bizdə isə...
SOSİAL
16:14 08.12.2021
465
Dünyanın inkişafı, yeni texnologiyaların kəşfi, müasirləşməyə doğru irəliləyiş, heç şübhəsiz ki, təhsildən keçir. Bütün istiqamətlərdə təhsil ən vacib məqamlardan biridir. Dünya ölkələrinin bəzilərində isə təhsilin digər bir istiqaməti olan dini təhsilə də yer verilir.

Apardığımız kiçik araşdırmalar nəticəsində İslam dini yarandıqdan və geniş yayıldıqdan sonra dünyada ilk dəfə olaraq yaranan ali təhsil ocağı Mərakeşin Fes şəhərində yaranan Əl-Qarauin Universitetinin olduğunu gördük. Bu universitetin əsası 859-cu ildə Fatimə əl Fihri tərəfindən qoyulmuşdur. İlk olaraq məscid kimi fəaliyyət göstərən bu təhsil ocağında 1957-ci ilə kimi təbiət elmləri tədris olunurdu və daha sonra isə fizika, riyaziyyat, kimya və xarici dillər kimi elmlər də əlavə edilərək tədris olunmağa başladı. Bu universitet fasiləsiz olaraq indiki dövrə kimi fəaliyyət göstərən ən qədim ali təhsil ocağı olaraq Ginnesin Rekordlar Kitabına daxil edilmişdir.
 
Hazırda isə, demək olar ki, bütün dünyada, xüsusən də Avropada din dərsləri məcburidir. Amerika və Avropada dini təhsili araşdıran Marmara Atatürk Təhsil Fakültəsi İbtidai Təhsil Din Mədəniyyəti və Əxlaq Tərbiyəsi bölməsinin müəllimi, Professor Mehmet Zeki Aydının "Dünyada Dini Təhsil Təcrübələri” adlı 33 səhifəlik hesabatında bir çox ölkədə dövlət məktəblərində dini təhsilin "seçmə” və "məcburi” olaraq tədris edildiyini müəyyən edilib.

Məsələn, Almaniyada konstitusiyaya görə dövlət məktəblərində din və ya əxlaq mütəmadi olaraq tədris olunur. Uşaq bağçalarında 70 %-i kilsələr tərəfindən idarə olunur. Kurs dövlətin nəzarət hüququnu pozmadan, icmaların prinsiplərinə uyğun olaraq verilir.

Belçikada dövlət məktəblərində ibtidai və orta təhsil müddətində şagird həftədə ən azı iki saat olmaqla din və ya etika seçməlidir. Finlandiyada da din və ya etika kurslarında biri seçilməlidir.

İngiltərədə isə dövlət məktəblərində din dərsləri kurrikuluma daxildir. Bütün məktəblərdə günə toplu dua ilə başlamaq məcburdur. Dini qruplar və icmalar özəl məktəblər aça bilər.

Danimarkada din dərsi yuxarı sinif şagirdləri üçün məcburi şəkildə tədris olunur. 

İsveçdə orta məktəblərdə ümumilikdə 1—9 siniflər aralığında 885 saat din dərsi tədris olunur.

Norveç də bu dərsləri məcburi şəkildə tədrisinə başlanılıb.

Avtraliyada din və əxlaq dərsləri dövlət məktəblərində məcburi, özəl məktəblərdə isə könüllü şəkildə tədris olunur.

Hollandiyada da bu dərslər tədris olunur. Dərslər həftədə 3 saatı keçməmək şərti ilə ümumilikdə 120 saat təşkil edir.

Ölkəmizdə isə bu sahədə vəziyyət adı çəkilən ölkələrdən fərqlidir. Azərbaycanda din təhsil praktikası inkişaf etməyib. Ölkədə 1989-cu ildə fəaliyyətə başlayan Bakı İslam Universiteti (BİU) 2018-ci ildə bağlanıb. Təxminən, 30 ilə yaxın fəaliyyət göstərən universitetin diploma isə bu gün tanınmır. Buna isə universitetin 21 il lisenziyasız fəaliyyət göstərməsi səbəb kimi gətirilir. Dini təhsil almaq istəyən azərbaycanlılar daha çox Türkiyə, İran, Suriya, Misir, Səudiyyə Ərəbistanı kimi ölkələrə üz tutur.
 
Ölkələrin din və əxlaq mövzusunu orta məktəblərdə keçməsinin əsas səbəbi yetişməkdə olan gəncliyi müxtəlif dini radikal qruplardan qorumaq, onlara dinin əsas fəlsəfəsini erkən yaşdan aşılamaqdır. 

Bəs Azərbaycanda dini məktəblərin fəaliyyət göstərməsinə ehtiyac varmı?
 


Məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa AZXEBER.COM-a fikirlərini bildirib. Deputat qeyd edib ki, ayrıca dini məktəblərin olması məsələsini genişləndirmək düzgün olmaz:

"Bu istiqamətdə bir neçə təkliflər olub. Dini dərslərin orta, ali məktəb tədris proqramına salınması kimi fikirlər irəli sürülüb. Ayrıca dini məktəblərin olması məsələsi də məhdud səviyyədə həllini tapıb. Amma bunu genişləndirmək, fikrimcə, doğru olmaz. Çünki sırf peşəkar mütəxəssislərin hazırlanması istiqamətində işlər görülməlidir. Bunu ümumi şəkildə etmək çətin və problemlər yaradan məsələdir. Ona görə də, ayrıca məktəblər forması doğru deyil. Bir İlahiyyət İnsitutu var və ayrıca ilahiyyat sistemilə bağlı dövlətin tədbirləri istiqamətində müəyyən işlər də görülüb.
 
Mənəvi Dəyərlərə Yardım Fondu da bu istiqamətdə öz dəstəyini əsirgəmir. Ona görə də bu şəbəkəni genişləndirmək doğru deyil. Bu, sırf ixtisaslaşmış istiqamətdə bölgələrdə belə bir məktəblərin olması nəzərdə tutulub. Əsas diqqət İlahiyyat İnistitutuna yönəlməlidir. Bu İnistitutda daha peşəkar, dindar kadrların hazırlanması, savadlı və Azərbaycan dövlətinə bağlı insanların yetişməsi, mütəxəssislərin olması ümumi işin faydasınadır. Gələcəkdə bu istiqamətdə əgər tələblər olarsa, bu tələblərə baxmaq olar. Amma düşünürəm ki, bizdə dini cəhalətin qarşısını almaq üçün tədbirlər daha çox genişləndirilməlidir. Savadlı din adamlarının yetişməsinə şərait yaradılmalıdır. Bu istiqamətdə dövlət tərəfindən də ciddi tədbirlər görülür və son vaxtlarda da Azərbaycanda kadr hazırlığı istiqamətində də müsbət irəliləyişlər də var. Ona görə də xüsusi dini məktəblərin fəaliyyət göstərməsi bir ənənəyə çevrilməməlidir. Çünki bizdə konustitusiyada nəzərdə tutulan təhsil prinsipindən kənara çıxmaq düzgün olmaz”.
 


Məsələ ilə bağlı təhsil üzrə ekspert Elçin Əfəndi də AZXEBER.COM-a fikirlərini bildirib. Ekspertin sözlərinə görə, ölkəmizdə dini məktəblərin fəaliyyət göstərməsi hazırda nəzərdə tutulmur və buna gərək yoxdur:

lkəmizdə dini məktəblərin fəaliyyət göstərməsi hazırda nəzərdə tutulmur. Qarşıdakı illərdə də yaradılması, fikrimcə, mümkün olmayacaq. Ölkəmiz tolerant bir ölkədir. Burada hər bir dinə aid müvafiq olaraq ibadət yerləri var. Müsəlmanlar üçün məscidlər, xristianlar üçün kilsələr var və digər dini bağlılığı olan şəxslər üçün müvafiq dini yerlər var. Amma sırf təhsillə bağlı yalnız orta məktəb dərsliklərində bəzi müvafiq məlumatlar yer alır. Azərbaycanda iki universitet var ki, islamşünaslıq, dinşünaslıq kimi ixtisaslar yer alır. Universitet səviyyəsində dərslər tədris olunur. Bu da sırf islam dininə aid olan ixtisaslaşmadır. Amma orta ümumitəhsil müəssisələrində dini dərslərin tədrisi real görünmür. Dünyanın bir çox ölkələrində dini məktəblər, mədrəsələr var, ancaq ölkəmizdə yoxdur və yaradılacağını da düşünmürəm.

Hər hansı bir dini məktəbin ölkəmizdə fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Bəzi vəsaitlərdə ümumi informasiyaların verilməsi məqsədəuyğundur. Çünki dinlər arasında ayrıseçkilik salmaq olmaz. Bundan başqa məlumdur ki, din dövlətdən ayrıdır və konustitusiya da bunu təstiq edir. Bu səbəbdən dövlət hər hansı təhsil müəssisəsi yaradıb, onu dinlə bağlamasını da gözləmirəm”.
 
Aydın Nuri
 
Yazı Medianın İnkişafı Agentliyinin "Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusu üzrə dərc edilib. 
 


OXŞAR XƏBƏRLƏR