Azərbaycanda məmur övladları odlu silahı haradan əldə edirlər?

Azərbaycanda məmur övladları odlu silahı haradan əldə edirlər?
Bütün Xəbərlər
00:42 09.01.2013
2727

Və yaxud bayram günləri atəfəşanlıq hansı silahlardan törədilir

“Azərbaycanda kriminogen durun nəzarət altındadır”. Hüquq mühafizə orqanlarının hər dəfə verdiyi bu açıqlama artıq özünü doğrultmur, desək, fikrimizdə yanılmarıq. Respublika ərazisində ardıcıl baş verən cinayət hadisələri ictimaiyyəti narahat etməkdədir. Qıcıqlandırıcı fakt ondan ibarətdir ki, baş verən cinayət hadisələri odlu silahla törədilir. Vəziyyət o həddə çatıb ki, kriminogen qruplar paytaxtın mərkəzində “Makarov” tipli tapança ilə  “razborka” aparırlar. Aydındır ki, bu tip silahların adı vətəndaşlarda olması qeyri-mümkündür. Lakin bəzi məmur övladları belə odlu silahları sanki oyuncaq kimi istifadə edirlər. Elə bir neçə gün öncə Sabunçu rayonunun Balaxanı qəsəbəsində baş verən hadisə dediklərimizə əyani sübutdur. Xəbər verildiyi kimi, 2013-cü il yanvarın 6-da saat 18.00 radələrində paytaxtın Balaxanı qəsəbəsi ərazisində qəsəbə sakinləri Əsəd Əliyev, oğlu Məhəmməd və qardaşı Seymurla münaqişə zəminində Bakı şəhər sakinləri Elçin Əliyev və Sadiq Musayevi odlu silahdan atəş açaraq yaralamış, Elxan Bayramzadəyə isə bıçaqla xəsarət yetirmişlər. Yaralılar dərhal Sabunçu rayonundakı 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilsə də Elxan Bayramzadə və Elçin Əliyevin həyatını xilas etmək mümkün olmamışdır", - məlumatda belə deyilir. Bildirilir ki, həmin məlumatla əlaqədar daxili işlər və prokurorluq orqanlarının əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitlərə baxış keçirib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar - 1 ədəd "Makarov" tipli tapança, 5 giliz və 1 bıçaq götürülüb, habelə digər zəruri hərəkətlər yerinə yetirilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğuna həvalə edilib. Maraqlı məsələ ondan ibarətdir ki, insanlar odlu silahları haradan və necə əldə edirlər. Necə olur ki, hətta ölkədə bəzi “razborkalar” həbsxanalardan idarə olunur. Avtoritet şəxslər paytaxta toplaşaraq günün günorta çağı vəzifə bölgüsü aparır, yeni təyinatlar edirlər. Etiraf edək ki, hüquq mühafizə orqanları ölkədə kriminogen durumun sabit saxlanması, silahlı dəstələrin zərərsizləşdirilməsi istiqamətində çox ciddi addımlar atırlar. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, 2012-ci ilin 9 ayı ərzində Bakı şəhərində DİN və Prokurorluq üzrə ümumən 7.392 cinayət qeydə alınmış, onların 6.356-u və ya 85,9%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 14,1%-i isə ağır və xüsusilə ağır cinayətlər olmuşdur. Zorlama, adamları girov götürmə, banditizm kimi cinayətlər isə ümumiyyətlə qeydə alınmamışdır. Ümumi cinayətlərin açılması ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9% yaxşılaşaraq 78,9%, ağır növ cinayətlərin açılması isə 7,9% yaxşılaşaraq 79,2% təşkil etmiş, bütövlükdə naməlum şəraitdə baş vermiş cinayətlərin 62,2%-nin (2011-ci ildə 53,9%) açılması təmin olunmuşdur. Hesabat dövründə qeydə alınmış 2.070 şəxsiyyət əleyhinə cinayətdən ötən ildən icraatda olmuş cinayətlərlə birlikdə 1.979-nun, başqa sözlə 95,5%-nin (2011-ci ildə 94,5%) açılması təmin olunmuş, ötən ildən icraatda olmuş cinayətlərlə birlikdə qeydə alınmış 55 qəsdən adam öldürmələrin 94,5%-i, 23 ölümə sui-qəsdlərin hamısı , qəsdən sağlamlığa az ağır xəsarət yetirmələrin 88,7%-i, quldurluqların 77,2%-i, soyğunçuluqların 65,6%-i, dövlət və ictimai bələdiyyə əmlakı oğurluqlarının 71,4%-i açılmış, 51 soyğunçuluq və quldurluq cinayəti törətmiş 85 nəfərdən ibarət 35 qrup, eləcə də 107 şəxsi əmlak oğurluğu cinayəti törətmiş 92 nəfərdən ibarət 52 qrup ifşa edilmişdir. "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində və keçiriləcəyi zaman Bakı şəhərində ayrı-ayrı qruplar tərkibində terror-təxribat aksiyalarını törətmək istəyən dəstə zərərsizləşdirlib. Statistik rəqəmlərdən göründüyü kimi ölkədə kriminogen ünsürlərin sıradan çıxarılması sahəsində çoz ciddi profilaktik tədbirlər həyata keçirilir. Lakin bunun müqabilində cinayət hadisələrinin tamamilə qarşısını almaq mümkün olmayıb. Hələ də insanlarda odlu silahlar mövcuddur və bundan təyinatı üzrə istifadə edilir. Məlumata görə, Bakı kəndlərində belə silahların sayı həddindən artıq çoxdur. Yeni il bayramında gecə saatlarında havaya açılan atəş səsləri bunu deməyə əsas verir. Mənbənin bildirdiyinə görə, xüsusilə imkanlı şəxslərin məskunlaşdıqları bağ evlərində bayram axşamları əsil “müharibə”  yaşanıb. Hətta adi günlərdə belə gecə saatlarında silah səsləri eşidilməkdədir. Təkcə bu fakt deməyə əsas verir ki, ölkədə yalnız imkanlı şəxslər və onların harınlamış övladları qanunsuz olaraq  odlu silah gəzdirir və lazım gəldikdə istifadə edirlər. Onu da qeyd edək ki, Azərbaycan kriminogen durumu normal olan ölkə kimi tanınıb. Ölkə vətəndaşları ilə yanaşı, respublikamıza təşrif buyuran əcnəbilər də günün istənilən vaxtında sərbəst gəzmək və istirahıt etmək iqtidarındadır. Məhz bunun bariz nümunəsidir ki, ölkəmizə möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi etmək tövsiyyə edilir. Hələ qarşıda neçə-neçə möhtəşəm beynəlxalq tədbirlərin keçirilməsi planlaşdırılır. Belə bir şəraitdə ölkədə sabitliyə kölgə salmaq istəyən qüvvələrin fəallaşması Azərbaycanın nüfuzuna xələl gətirə bilər.  Məhz bu hallar nəzərə alınaraq ölkədə kriminogen duruma nəzarət gücləndirilməlidir. Çünki əldə olan silahlardan növbəti qətllərin törədilməyəcəyinə heç kim zəmanət verə bilməz.

//Olaylar qəzeti

OXŞAR XƏBƏRLƏR