Azərbaycanda mobil operatorlar saxta SMS-lərlə vətəndaşların cibinə necə girir?

Azərbaycanda mobil operatorlar saxta SMS-lərlə vətəndaşların cibinə necə girir?
Bütün Xəbərlər
16:40 04.03.2014
1769

“Mobil operatorlar məsuliyyətdən yayınmaq üçün bu cür SMS xidmətlərini ayrı-ayrı MMC-lərə veriblər”.

Bu gün Milli Məclisdə mobil operatorların hər gün istifadəçilərin mobil telefonlarına müxtəlif xarakterli reklam SMS-lərini göndərməsi və istehlakçıların hüquqlarının kobud şəkildə pozulması ilə bağlı müzakirə keçirilib.

Milli Məclisin iclasında çıxış edən millət vəkili Elmira Axundova bildirib ki, bu mobil operatorların istehlakçıları aldatmasından başqa bir şey deyil:

“Həmin mesajlar mənasız və bezdiricidir. Gün ərzində müxtəlif firmaları reklam edən mesajlar alıram. Bundan başqa, belə mesajlarda insanları aldatmaq, mənasız oyunlara yarışlara cəlb etmək halları kifayət qədərdir. Ən əsası odur ki, bu mesajları açanda abunəçinin balansından pullar silinir. Nəzərə alsaq ki, bir ailədə beş altı mobil telefon var. Onda ailə büdcəsinə dəyən ziyanı təsəvvür etmək çətin deyil. Bu hal daha çox Bakcell Mobil operatorunda müşahidə olunur. Mən müraciət edirəm ki, mobil operator müştərinin razılığı olmadan belə mesajların gəlməsini dayandırsın. RİTN də bunun qarşısını almaq üçün əməli tədbirlər görsün”.

Milli Məclisin Spikeri Oqtay Əsədov da qaldırılan məsələ ilə razı olduğunu bildirib:

“İnsanların razılığı olmadan onların telefonuna mesaj göndərmək doğru deyil. Gün ərzində o qədər lazımsız sms-lər alıram ki... Əli Hüseynli, bəlkə bunun bir qaydasını müəyyənləşdirməyi fikirləşmək lazımdır”.

Mobil operatorlar doğurdanmı vətəndaşların hüquqlarını pozur?

Məsələylə bağlı AZXEBER.COM portalına danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov gün ərzində təşkilatın ofisinə bu cür faktla bağlı istehlakçılar tərəfindən 15-20 müraciətin olunduğunu deyib:

“Mobil operatorların istehlakçıların hüquqlarını bu cür üsullarla kobud şəkildə pozması bizim tərəfimizdən də hər zaman diqqətdə saxlanılır. Təkcə bir gün ərzində bizim ofisimizə bununla bağlı 15-20 şikayət ərizəsi daxil olur. İnsanların asudə vaxtları zamanı lazım olmayan SMS-lərin onların telefonuna gəlməsi və onların istirahətinin hansısa bir reklam SMS-i ilə pozulması özü bir cinayətdir. İkinci tərəfdən isə SMS istifadəçinin telefonuna gəldikdə, həmin istifadəçi aldanıb o SMS-dəki koda cavab göndərir. Bununla da onun özü də bilmədən balansından kontur çıxılır. Biz dəfələrlə bu məsələni araşdırmışıq. Və məlum olub ki, mobil operatorlar məsuliyyətdən yayınmaq üçün bu cür SMS xidmətlərini ayrı-ayrı MMC-lərə veriblər. Hansısa bir məhkəmə prosesində mobil operator məsuliyyətdən yayınır və ünvan kimi həmin MMC-ni göstərir. Bu birbaşa olaraq istehlakçıların hüquqlarının kobud şəkildə pozulmasıdır. Xüsusən “Azercell” şirkəti istehlakçıların hüquqlarını göndərdiyi SMS-lərlə pozur. Sözügedən mobil operatorun 8282 xidməti var ki, Azercell bunu “Sindibad” adlı bir MMC-yə verib. Və hər iki şirkət istehlakçıları aldatmaqla bundan küllü miqdarda gəlir əldə edirlər”.

“Mobil operator bunu boynundan atır və istifadəçini başqa bir şirkətə yönləndirir”

Məsələylə bağlı AZXEBER.COM-a danışan İKT eksperti Cahid İsmayıloğlu da mobil operatorların bu cür fəaliyyətinin istehlakçı hüququnun kobud şəkildə pozulması kimi qiymətləndirib:

“Reklam xarakterli SMS-lərin göndərilməsi əksər hallarda mobil abunəçilərin razılığı olmadan həyata keçirilir. Bu reklam mətnlərinin məzmunu aldadıcı da ola bilər. Müəyyən şirnikləndirici yollarla abunəçiləri SMS göndərməyə məcbur edirlər. Şəbəkəyə düşən nömrə isə artıq mütamadi olaraq hər gün, hər saat bu cür SMS-lərin “bombardımanına” tutulur. Abunəçilər bununla bağlı mobil operatora müraciət etdikdə isə, mobil operator bunu boynundan atır və istifadəçini başqa bir şirkətə yönləndirir. Yaxşı olar ki, mobil operator abunəçiyə bu reklam xarakterli SMS-lərin gəlməsinə və ya ləğvi üçün bir seçim yarada. Məsələn şəxsən mən özüm bir qadın paltarı dükanından hər gün mənə gələn reklam SMS-lərinin qarşısını ala bilmirəm. Mənim nömrəmin hansı reklam siyahısına düşdüyünü də tapa bilmirlər. Amma mənə hər gün SMS-lər gəlir. Düşünürəm ki, mobil operatorların bu formada fəaliyyəti istehlakçıların tamamilə onlardan uzaqlaşmasına səbəb olacaq”.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR