Azərbaycanda mobil telefonlara əxlaqsız video göndərilir – FOTO

Azərbaycanda mobil telefonlara əxlaqsız video göndərilir – FOTO
Bütün Xəbərlər
11:30 05.03.2015
15599
İki azərbaycanlı gənc bu yolla milyonlar qazanırlar.
Azərbaycanda mobil telefonlara pornoqrafik məzmunlu virus yayıldığı aşkar olunub.
AZXEBER.COM xəbər verir ki, yerli mobil operator istifadəçiləri “Report”un redaksiyasına müraciət edərək telefondan bəzi xəbər saytlarına keçid edərkən “hot-ero.net” saytına yönləndirildiklərini bildiriblər.
Virusun telefona daxil olması nəticəsində abunəçinin balansından pul silinir və erotik məzmunlu video təqdim olunur. Sonradan abunəçiyə həmin xidmətdən imtina etməyin qaydasının yer aldığı SMS gəlir. Bildirilir ki, eyni cür virus, həmçinin wap.edugate.az saytına keçidi də təmin edir.
Araşdırma nəticəsində virus yayılan erotik məzmunlu xidmətin mobil operatorlar üçün “Navigator Mobile Services” (NMS) şirkəti tərəfindən təqdim olunduğu müəyyənləşib.
Şirkət hazırda ölkədə fəaliyyət göstərən hər üç mobil operator ilə əməkdaşlıq edir və bu cür keçidlər istənilən smartfondan baş verir. NMS şirkətindən istifadəçilərə bildirilib ki, qeyd olunan saytların yaydığı videonun məzmunundan məlumatsızdırlar və müraciət edən şəxslər həmin xidməti deaktiv edə bilərlər.
“Lakin nəzərə almaq lazımdır ki, abunəçi müraciət edənədək artıq onun balansından 0,41 qəpik hesabı ilə bir və ya bir neçə dəfə pul silinir”, - bu cür problemlə üzləşən mobil telefon istifadəçilərindən biri deyib.
O əlavə edib ki, qısa yoxlamadan sonra NMS şirkətinin saytının (www.nms.az) və həmin pornoqrafik videolar yayan saytların sahiblərinin eyni şəxslər - Aslan Hacıyev və Anar Hacıyevin olduğu müəyyənləşib:
“Bu da şirkət tərəfindən həmin videoların məzmunundan xəbərsiz olduğunu istisna edir”.
Vəkil Kamandar Nəsibov məsələ ilə bağlı “Report”a bildirib ki, bu fakt Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin İctimai mənəviyyat əleyhinə cinayətlər fəslinə daxildir.
Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 242-ci maddəsinə görə pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarətə görə üç ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Vəkil vurğulayıb ki, əvvəllər bu maddə ilə cəza 2 ilədək azadlıqdan məhrumetməni nəzərdə tuturdusa, son dəyişikliklərlə məsuliyyət daha da artırılıb.
Şirkətdən açıqlama: “Azərbaycanda mobil telefonlara pornoqrafik məzmunlu virus yayıldığı aşkar olunub” və “virusun telefona daxil olması nəticəsində abunəçinin balansından pul silinir və erotik məzmunlu video təqdim olunur” adlı xəbərlərdə qeyd edilir ki, “Araşdırma nəticəsində virus yayılan erotik məzmunlu xidmətin mobil operatorlar üçün "Navigator Mobile Services" (NMS) şirkəti tərəfindən təqdim olunduğu müəyyənləşib. Şirkət hazırda ölkədə fəaliyyət göstərən hər üç mobil operator ilə əməkdaşlıq edir və bu cür keçidlər istənilən smartfondan baş verir.” Daha sonra bildirilir ki, “qısa yoxlamadan sonra NMS şirkətinin saytının (www.nms.az) və həmin pornoqrafik videolar yayan saytların sahiblərinin eyni şəxslər - Aslan Hacıyev və Anar Hacıyevin olduğu müəyyənləşib”.
İlk növbədə qeyd etmək istərdik ki, Naviqator Mobil Servises şirkətinin və adları  çəkilən Anar Hacıyevin və Aslan Hacıyevin mobil telefonlarda yayıldığı iddia edilən “pornoqrafik virus”la heç bir əlaqəsi yoxdur. Xəbərdə “virus”un hansısa texniki vasitələrlə “telefona daxil olması” və orada abunəçinin balansından “pul sildiyi” və “erotik məzmunlu video”nun peyda olduğu iddia olunur. Bildiririk ki,  əvvəla,  belə bir “virusa” biz rast gəlməmişik və ikincisi də, bu “virus”un Naviqator Mobile Servisesə, Anar Hacıyevə və Aslan Hacıyevə məxsus olması böhtandır.
O ki qaldi “hot-ero.net” internet səhifəsinə, bu sayt nə Naviqator Mobil Servises şirkətinə, nə də onun rəhbərliyinə məxsus deyil və Naviqator Mobil Servises sadəcə “sms” göndərmək yolu ilə bu sayta abunə olmaq imkanı yaradan xidmətləri bu saytın sahiblərinə təqdim edir. Buna görə də, saytdan istifadə edərkən istifadəci ödənişin təsdiqlənməsi üçün Naviqator Mobil Servises şirkətinə məxsus “edugate.az” səhifəsinə keçid edir və yalnız xidmətləri almaq istəyini təsdiq etdikdən sonra yenə geri-əvvəlki səhifəyə qaytarılır. Bununla da hər bir istifadəçi mütləq qaydada telefon nomrəsindən pul vəsaitinin silinməsinə razılıq verir.
Naviqator Mobil Servises üçüncü şəxslərə xidmətlərini təqdim etdikdə onların məzmununu yoxlayır. Bu xidmətlərin məzmunu həmçinin mobil operatorlar tərəfindən də yoxlanılır. Bu baxımdan yuxarıda adı çəkilən saytlar da yoxlanılmışdır və orada “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilmiş “pornoqrafik materiallar ‐  əsas məzmunu seksual münasibətlərin anatomik və fizioloji cəhətlərinin kobud və ləyaqətsiz təsviri olan bədii, foto, rəsm əsərləri, informasiyalar və digər materiallar” kimi dəyərləndirilə bilən pornoqrafik məzmunlu video və şəkillərin olmadığı müəyyən edilmişdir.  
Naviqator Mobil Services ölkəmizin  qeyri-neft sektorunun ən prioritetli sahələrindən biri olan İKT sahəsində fəaliyyət göstərən ən uğurlu və innovativ şirkətlərdən biridir. Şirkətin təqdim etdiyi xidmətlər sırasında iş axtaranlara dərc olunan yeni vakansiyalar haqqında məlumatı “SMS”-lə ani çatdıran “Job-SMS” xidməti kimi müasir tələblərə uyğun operativ xidməti vardır. 
Saytınızda verilən xəbərdə “millyonlar qazanmaq” barədə irəli sürülən iddialara gəlincə isə, bunun əsassız olduğunu diqqətinizə çatdırmalıyıq. Belə ki, dövriyəmizin əksər hissəsi partnyorlarımızın  xidmətlərinin ödənişinə yönəlir, qalan hissəsindən isə qanunvericiliyə uyğun olaraq müvafiq ödənişlər, sosial xərclər,  o cümlədən yüksək ixtisaslı İKT mühəndislərinin əməyinin ödənilməsi həyata keçirilir. 
Təəssüf hissi ilə bildiririk ki, araşdırma aparılmadan yayılan bu qərəzli  xəbər yalan və böhtan xarakteri daşıyır, Naviqator Mobil Servises şirkətini və onun rəhbərliyini  hüquqi məcrada müvafiq addımlar atmaq məcburiyyətində qoyur. 
OXŞAR XƏBƏRLƏR