Azərbaycanda müasir dövlət quruculuğunda yeni mərhələ

Azərbaycanda müasir dövlət quruculuğunda yeni mərhələ
SİYASƏT
22:05 04.12.2019
3706
Əxlaqlı, savadlı və yüksək ixtisaslı gənc kadrlar bu prosesin avanqardında dayanır  

 

Müasir dünya sürətlə dəyişir, həm gəncləşir, həm də yaşlanır. Hadisələr, yeniliklər, sosial-iqtisadi və siyasi yanaşmalar, o cümlədən informasiya texnologiyaları o qədər sürətlə dəyişir ki, hətta bəzən zamanla ayaqlaşmaq belə, mümkünsüz olur. Ona görə də qabaqcıl dövlətlər gələcəyə hesablanmış proqramlara, genişmiqyaslı layihələrə üstünlük verməklə bir növ gələcəyi qarşılayıb zamanın tələbini elə zamanında dəyərləndirməyə çalışırlar. Aydın məsələdir ki, belə məqamda ən ciddi məsuliyyət gənclərin üzərinə düşür. Ona görə də hansı ölkədəki gənclərə üstünlük verilir, onların inkişafına, təhsilinə, önə çəkilməsinə şərait yaradılırsa, həmin dövlətlər hədəfə daha tez çatırlar.
 
Bir növ bəri başdan öz xoşbəxt gələcəyini təmin etmiş olurlar. Bu baxımdan müasir Azərbaycan dövləti öncül dövlətlərdəndir. Hələ 1990-cı illərin əvvəllərində yenicə müstəqillik qazanmış Azərbaycan dövləti üçün nə qədər təlatümlü bir zaman olsa da, ulu öndər Heydər Əliyev ölkənin sosial-iqtisadi inkişafı istiqamətində aparılan islahatlarla yanaşı, gənclər siyasəti, onların sağlam gələcəyini diqqətdə saxladı. Bu gün həmin siyasət artıq öz bəhrəsini verir: bütün sahələrdə gənc kadrlar dövlətin əsas tənkanverici qüvvəsinə çevrilib. 

Müasir Azərbaycanın dövlətçilik tarixinə nəzər saldıqda bu proseslərin necə və hansı mərhələlərdən keçdiyini tam aydın görmək mümkündür. Belə ki, 26 il əvvəl - 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qaydışı hər şeyi kökündən dəyişdi. Ciddi sınaqla üz-üzə qalan gənc dövlətdə öncə sabitlik bərpa olundu, ölkəni bürüyən xaosun və əzəli Azərbaycan torpaqlarının erməni quldurları tərəfindən işğalının qarşısı alındı. Sonra əsas hədəf ölkənin inkişafına yönəldildi. Dövlət quruculuğu islahatlarının uğurla həyata keçirilməsi, bəşəri dəyərlərə, Azərbaycan xalqının milli mənafelərinə əsaslanan milli dövlətçilik modelinin formalaşmasında gənclərə xüsusi önəm verildi. İstər ordu quruculuğunda, istər sosil-iqtisadi islahatların inkişafında, istərsə də dövlət idarəçiliyində ixtisaslı kadrlara, yerli mütəxəssislərə, xüsusilə gənclərə çox böyük ehtiyac var idi. 

Odur ki, elə ilk illərdən sosial layihələrin icrası ilə yanaşı, savadlı kadrların hazırlanması istiqamətində əsaslı islahatlara başlanıldı. Baxmayaraq ki, ulu öndər Heydər Əliyev hələ SSRİ-də vəzifədə olarkən Azərbaycan gənclərinin Sovet İttifaqının aparıcı ali məktəblərində oxuması üçün böyük səylər göstərmiş və bunun nəticəsində hər il təqribən 800-ə yaxın azərbaycanlı gənc Bakıda imtahanlar verməklə Moskva, Leninqrad və digər böyük şəhərlərdəki aparıcı ali məktəblərinə ezam edilib, təhsil alıb. Müstəqil Azərbaycanın gələcəyi üçün güclü kadr potensialı yaradılmaslında ilkin addımlar o zamandan başlayıb. Elə müstəqilliyimizin ilk dövrlərində o illərdə yüksək təhsil almış kadrlar ölkənin inkişafına öz töhfələrini verdilər. 
 

 

Müasir Azərbaycan dövləti ilə böyüyən gənc kadrlar

Amma sürətlə dəyişən, inkişaf edən dünyada gənc kadrlara daha çox ehtiyac var və bu tendensiya Azərbaycanda zamanında dəyərləndirilib. Azərbaycan gənclərinin təşkilatlanması və ümummilli problemlərin həlli uğrunda mübarizəyə başlaması dövlət müstəqilliyimizin yenidən bərpa edilməsi və inkişafında da özünü göstərdi. Hələ 1996-cı il fevralın 2-də Müstəqil Azərbaycan Gənclərinin I Forumunun keçirilməsi və bu forumda ölkə başçısı cənab Heydər Əliyevin çıxışı gənclər üçün çox ciddi mesaj oldu və bu çıxışla hər bir Azərbaycan gəncinin həyat yolu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi dəyərləndirildi.
 
Bundan sonra konkret olaraq gənclərin problemlərinin həlli, hüquqlarının müdafiəsi, mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsi, beynəlxalq gənclər təşkilatları ilə əlaqələrin qurulması sahəsində işlər geniş vüsət aldı. 1999-cu ildə II Forum zamanı artıq nəticələr var idi və əldə olunan nailiyyətlər, gənclərin uğurları hər kəsi sevindirirdi. Forumdakı nitqində Prezident Heydər Əliyevin respublika gənclərinə müraciətlə söylədiyi fikirlər forum iştirakçıları və bütün gənclərimiz tərəfindən böyük razılıqla qarşılandı və hər bir azərbaycanlı gənc üçün həyat amalına çevrildi: "Siz Azərbaycanın bu günü və gələcəyisiniz.
 
Sizin üzərinizə böyük vəzifələr düşür. Bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz, müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”
Beləcə, gənclər Azərbaycanda bütün sahələrin əsas aparıcı qüvvələrinə çevrilməyə başladılar.
 
Ölkədə baş verən iqtisadi yüksəlişdə, dövlət idarəçiliyndə gənc kadrların çəkisi ildən-ilə artdı. 29 iyul 1999-cu ildə ölkə başçısı tərəfindən imzalanan "Dövlət gənclər siyasəti haqqında" qanun və digər hüquqi sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün geniş şərait yaratdı. Artıq Prezident, Milli Məclis və bələdiyyə seçkilərində iştirak edən gənclər ordusu formalaşmağa başlamışdı. 

Gənc kadrların yetişməsində təhsilin rolu


Peşəkar mütəxəssilərin, ölkəyə, dövlətə layiqli vətəndaşların yetişdirlməsi üçün sözsüz, təhsilin keyfiyyətinin yüksəldilməsi ən ümdə məsələdir. Təkcə ölkə idarəçiliyində yox, iqtisadiyyatda, sənayedə, kənd təsərrüfatının inkişafında belə savadlı kadrlara həmişə ehtiyac var. Ona görə də Azərbaycanda gənclərin inkişafında təhsil səviyyəsinin yüksəldilməsi birbaşa rol oynadı. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 13 iyun tarixində imzaladığı "Azərbaycan Respublikasında təhsil sisteminin daha da təkmilləşdirilməsi haqqında” Fərmanı və sonrakı illərdə bu istiqamətdə təsdiq olunan fərman və sərəncamlar bu sahənin inkişafına ciddi təkan verdi. 

Heydər Əliyevin ideyaları, təməlini qoyduğu nəhəng quruculuq işlərini uğurla davam etdirən Prezident İlham Əliyev də hakimiyyətə gəldiyi ilk vaxtlardan başlayaraq savadlı və vətənpərvər gənclərin formalaşması üçün səylərini əsirgəmədi. Bütün sahələrdə islahatların daha da dərinləşməsi, eyni zamanda təhsilin elmi əsaslara söykənən dövlət proqramları vasitəsilə idarə olunması diqqətdə saxlanıldı. Prezident İlham Əliyev "Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” deməklə, bu sahənin inkişafının son dərəcə vacibliyini gündəmə gətiridi.  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsində də əsas məqsəd ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması idi. Təbii ki, bütün bunlar ökənin sosial-iqtisadi inkişafına, gələcəyinə hesablanmış islahatlar idi.
 
Azərbaycan dövləti təhsilin inkişafına geniş maliyyə vəsaiti ayırmaqla ölkənin gələcək inkişafının əsaslı təminatını yaratmışdı. 

 

Azərbaycanda sosial-iqtisadi inkişafın əsas təkanverici qüvvəsi gənclərdir

 

Nəhəng neft-qaz müqavilələrinin imzalanmasından tutmuş qeyri-neft sektorunun inkişafına qədər bütün sahələrdə, o cümlədən yerli istehsal müəssisələrinin sürətlə artmasında, kənd rəsərrüfatının, sahibkarlığın dirçəlməsində gənclər həm yeni-yeni ideyalar irəli sürdülər, həm də təcrübəli mütəxəssislərin tövsiyə və məsləhəti ilə icraçı kimi fəallıq göstərdilər. Necə deyərlər, illərin zəhməti bəhrəsi vermişdi. Dövlətin dəstəyilə elm, təhsil qazanıb önə çəkilən gənclər dövlətə dəstək olmağa başlamışdılar. Son illər dövlət başçısının xeyir-duası ilə yaradılan və dünyanın inkişaf etmiş ölkələri üçün nümunə olan "Asan xidmət” mərkəzlərinin yüksək rəğbət qazanması da gənclərin xidmətləri və beyin məhsulları idi. 
 
Həmçinin, DOST mərkəzinin fəaliyyəti, bir neçə agentlik və çevik xidmət sahələrinin yaradılması insanların rahatlığını təmin etməklə vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanıb. Diqqət çəkən bir məqam odur ki, yeni və uğurlu layihələrin hər birində gənc kadrlar xüsusilə fəaldırlar. Bu yanaşma sosial iqtisadi sahələrin də inkişafında özünü göstərir.
 

 

Qeyd edək ki, bu gün vətəndaşlarımızın məmnunluq səviyyəsi 93 faizdən yuxarıdır. Xalq-dövlət birliyi, gənc kadrlara inam və onların önə çəkilməsi dövlət başçısının çevik islahatlar aparmasında, sosil-iqtisadi göstəricilərin yüksələn  xətlə inkişafında özünü tam aydın göstərir.
 
Son dövrlərə nəzər salaq: təkcə 2019-cu ilin ilk 6 ayı ərzində iqtisadiyyatımız 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artıb. Ən yaxşı göstəricilərdən biri 15,7 faiz artımla qeyri-neft sənayesindədir. Kənd təsərrüfatı isə cari ilin birinci yarsında 13 faiz artıb. 2004-cü ildən başlayaraq ölkədə regionların sosial-iqtisadi inkişafına yönəldilən diqqət paytaxt Bakı ilə yanaşı, regionların tarazlı və davamlı inkişafını təmin edib. Belə ki, regionlarda yaradılmış 9 sənaye parkı və məhəllələr, bu istiqamətdə icra olunan layihələr nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Sözsüz, bu və ya digər layihələrin reallaşması minlərlə gəncin daimi işlə təmin olunması, onların yaşayış şəraiti və rifah halının yaxşılaşması deməkdir. Layihələrin icrası zamanı yerli mütəxəssislərin - ali təhsil müəssisələrimizin yetişdirdiyi mühəndislər və ixtisaslı kadrların əməyindən geniş istifadə olunub.
 
Tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycan iqtisadiyatı müstəqlillik dövrünün indiyə qədərki ən yüksək mərhələsindədir. Təsadüfü deyildir ki, bu gün Azərbaycan dünyada etibarlı güclü dövlət kimi qəbul olunur. Nəhəng iqtisadi layihələrin təşəbüskarı və təşkilatçısı olmaqla yanaşı, onları bacarıqla reallaşdıran etibarlı tərəfdaş kimi xarakterizə edilir.

Ölkə başçısının kadr islahatları dövlət idarəçilik sisteminin müasir nümunəsini yaradır

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən köklü islahatların son dövrdə keyfiyyətcə yeni mərhələnin başlanğıcı olması hər kəsə bəllidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, regional idarəetmə orqanlarında, ümumiyyətlə, dövlət həyatının bütün sahələrində aparılan struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır.

Həyata keçirilən islahatların sistemli xarakter daşıması, qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri, digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşdirilməsini, parlamentin yenilənməsini zəruri edib. Əlbəttə qanunverici orqanın yeni tərkibi formalaşarkən orada gənc kadrların sayının artacağı istisna deyil. Bu islahatlar son 16 il ərzində Azərbaycan dövlətinin sürətli inkişafının təzahürü və dünyəvi dövlət olaraq zamanın tələbi, beynəlxalq çağrışlara uyğunluğun təminatı kimi çox vacibdir. Zamanında sağlam və savadlı gənclərin yetişdirilməsi istiqamətində atılan addımlar, bu istiqamətdə ardıcıl olaraq reallaşan dövlət proqramları ölkənin bu günə və gələcəyə ehtiyacı olan kadr potensialını təmin edib. Əks təqdirdə bir neçə ay və ya qısa müddətdə belə çevik islahatın reallaşması mümkün olmazdı. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bizim istənilən sahəni inkişaf etdirmək üçün konkret nəticələri məlum olan planlarımız, proqramlarımız var, istənilən sahədə islahatlar aparmaq üçün fikirlərimiz, təkliflərimiz var və vaxtı çatdıqca bu layihələrimizin hamısı reallaşacaq.
 
Ötən ayın 26-da Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə Prezident İlham Əliyev ölkədə aparılan kadr islahatlarına toxunaraq bilikli, savadlı, milli, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə alan gənclərin ölkəmizi gələcəyə inamla aparacağını qeyd edib: "...Təcrübə, bilik və gənclərin dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meyilliliyi - bu sintez Azərbaycanda var. Həm cəmiyyətdə, həm iqtidarda var. Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq...” Bu çıxışı ilə dövlət başçısı gənclərə həm də yeni bir ismarıc verdi. Savadlı, bilikli olmaqla yanaşı, milli-mənəvi dəyərlərin qorunması, onların hər zaman yaşadılmasının vacibliyi də önə çəkildi.

Bəli, milli dövlətçiliyimiz tarixində Azərbaycan heç zaman indiki qədər güclü olmayıb. Bu gün Azərbaycan dövlətçiliyinin əsas qüvvələri, aparıcı beyinləri olan gənclər elə müasir Azərbaycan dövləti qurulduqdan sonra həyata atılan, böyüyüb bu səviyyəyə çatan insanlardır. Azərbaycan gənc bir dövlət olaraq dünya trendində təkcə demokratik göstəricilərinə görə yox, özünəməxsus sürətli iqtisadi model yaratmaqla ən yüksək yerlərdə qərarlaşıb. Prezident İlham Əliyein gənc kadrlara yüksək etimad göstərməsi, ölkə daxilində bütün sahələrdə onların önə çəkilməsi, beynəlxalq və regional əməkdaşlıqda gənclərə geniş imkanlar yaradılması həm də onların bir azərbaycanlı olaraq özlərini doğrultması, savadlı və layiqli vətəndaş olmasının nəticəsidir.

Elnur Hadıyev,
"Oil and İndustry” jurnalının məsul katibi

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi "SƏLİS Jurnalist” müsabiqəsinə təqdim olunacaq


OXŞAR XƏBƏRLƏR