Azərbaycanda müxbir döyüldü - VİDEO

Azərbaycanda müxbir döyüldü - VİDEO
Bütün Xəbərlər
18:49 26.05.2014
1362
Mayın 26-da Azadlıq Radiosu-nun müxbiri Elçin İsmayıl İsmayıllı rayonunda təzyiqə məruz qalıb.
ANS PRESS-in məlumatına görə, o, İsmayıllının Buynuz kəndində sakinlərin şikayəti əsasında çəkiliş edirmiş. Bu zaman ərazidə olan mülki geyimli şəxslər ona hücum edib.
İsmayıllı rayon polis şöbəsinin rəisi müavini Şöhrət Kərimovun dediyinə görə, jurnalist Elçin İsmayıllıya hücum araşdırılır: "Hazırda hadisə ilə bağlı təhqiqat aparılır. Bütün materiallar toplanandan sonra aidiyyatı qurumlara təqdim olunacaq".
Qeyd edək ki, Elçin İsmayıla hücum edən ata və oğul saxlanılıb. Hazırda həm jurnalist, həm də ona hücum edənlər İsmayıllı rayon polis idarəsində izahat verirlər.
Elçin İsmayıla xəsarət yetirən həmin şəxslər onun çəkiliş apardığı kamerasını da sındırıblar:
“Sakinlər mənə şikayət etdilər ki, restoranlar su xətlərinə qanunsuz müdaxilə edir və buna görə də kəndlərə su getmir. Çəkiliş xahiş etdilər. Bu şikayət əsasında mən Buynuz kəndinə çəkilişə getdim. Çəkiliş apardığım obyekt Qəbələnin Tikanlı kəndindən olan Fazil Şəfiyevə məxsusdur. Çəkiliş zamanı onun oğlu və işçisi məni vurdular, söyüb təhqir etdilər. Onlar kameramı alıb qırandan sonra özümə qaytardılar. Məsələ barədə 102 xidmətinə və İsmayıllı Rayon Polis Şöbəsinə müraciət etmişəm”.
İsmayıllı Rayon Polis Şöbəsindən 102 xidmətinə məlumat daxil olduğunu təsdiqlədilər. Elçin İsmayıl hazırda İR polis şöbəsindədir, ona faktla bağlı araşdırma aparılacağı vəd edilib.
OXŞAR XƏBƏRLƏR