Bıçağlanan şəxs isə səbəbi bilmir...
Abşeron rayonunda bu ilin iyununda bir nəfəri bıçaqlayan və istintaqdan gizlənən şəxs 5 ay sonra tutulub.
AZXEBER.COM APA TV-yə istinadən xəbər verir ki, hadisə Qobu qəsəbəsində baş verib. İstintaqın məlumatında görə, 32 yaşlı Kərimov Aqşin Əlisəfa oğlu heş bir səbəb olmadan Dədəyev Alim Mehralı oğluna bıçaqla xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib və müalicə olunub. Hadisə yerini tərk edən Aqşin Kərimovu isti izlərlə saxlamaq mümkün olmayıb. O, iyundan noyabradək istintaqdan gizlənib. Nəhayət, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onu noyabrın 13-də saxlamaq mümkün olub. Aqşin Kərimov hadisəni qısqanclıq zəminində törətdiyini bildirib:
Müstəntiq Muxtar Muxtarov deyib ki, Kərimov Aqşin Əlisəfa oğlu əməlini etiraf edib: "Bildirib ki, həyat yoldaşı Ülviyyə mağazada xəsarət yetirdiyi Alim Dədəyevlə mübahisə edib. Bundan sonra o, Dədəyev Alim Mehralı oğlunu əvvəlcə yumruqla vurub, sonra isə bıçaqla xəsarət yetirib".
Aqşin Kərimov isə bıçaqlanan şəxsin onun həyat yoldaşına sataşdığını iddia edir. Onun sözlərinə görə, Alim Dədəyevi yalnız yumruqla vurduğunu xatırlayır və bıçaqladığı yadına gəlmir. Aqşin Kərimov deyir ki, həyat yoldaşı mağazaya müştəri kimi daxil olub və hər şey bundan sonra baş verib: "Getdi dükana, gördüm gec gəlir. Getdim arxasınca. Gördüm ki, bir nəfərə qarşı xoşagəlməz ifadələr işlədir. Bildim ki, nəsə olub. Mən də çatan kimi həmin şəxsi əlimlə vurdum, yıxıldı. Bayıra çıxanda əlində bıçaq dalımca gəldi. Bıçağı əlindən aldım, qaçdı getdi".
Aqşin Kərimov qorxduğu üçün istintaqdan yayındığını bildirib və 5 ay ərzində Bakının müxtəlif yerlərində kirayədə yaşadığını deyib.
Bıçaqlanan Alim Dədəyev isə istintaqa ifadəsində bildirib ki, heç kimə sataşmayıb və Aqşin Kərimovun onu niyə bıçaqladığını bilmir.
Faktla bağlı araşdırmalar davam etdirilir.