Azərbaycanda neçə kişi arvadı tərəfindən döyülür? - ARAŞDIRMA

Azərbaycanda neçə kişi arvadı tərəfindən döyülür? -  ARAŞDIRMA
Bütün Xəbərlər
14:03 17.11.2014
1996

Bir qurbanın taleyi…

“O mənə hər gün işgəncə verir. Arvadımla uzun zamandır dava-dalaş içərisindəyik. O məni istəmədiyini deyir və hər gün evdə dava salır qəsdən. Əvvəllər pulun az olmasını bəhanə edirdi. İndi isə işləməməyimdən istifadə edərək mənə əl də qaldırır. Onu boşamamağım üçün hədələyir məni”.

Bu sözləri AZXEBER.COM-a 3 övladının anası həyat yoldaşı S. K.-dan ağır işgəncələr görən M.D. danışıb. Onun sözlərinə görə, uşaqlarının anası S. K. ilə davamlı olaraq bir neçə ildir ki, münaqişə yaşayır. Övladlarının bu situasiyadan çox əziyyət çəkdiyini söyləyən müsahibimiz deyir ki, vəziyyətdən çıxış yolunu da görmür: “Çünki 3 uşağımız var. Mən övladlarımın yetim qalmasını istəmirəm. Onların bu həyatda əziyyət çəkməmələri üçün mən çox əziyyət, əzab çəkmişəm. Yoldaşımın mənə qarşı bu münasibətini əvvəllər az pul qazanmağımla bağlı olduğunu düşünürdüm. Amma indi başa düşürəm ki, sən demə belə deyilmiş. 4 ildir xəstlələndiyim üçün işləyə bilmirəm. İşdən çıxandan sonra bir müddət xəstəxanada yatdım. Sonra evə gəldim. Elə evə gəldiyim gün hər şeyin çox dəyişdiyini gördüm. O qışqırırdı, mənə bağırırdı. Gecə uşaqlarım yatdıqdan sonra ondan bu davranışının səbəbini soruşanda isə dedi ki, mənə nifrət edir. 3 ildir demək olar ki, mənimlə danışmır. Paltarlarımı yumur, evə-eşiyə gəlmir. Anam bir gün bizə gəldi və məndən yoldaşımdan boşanmağımı tələb etdi. Anam elə bunu söyləmişdi ki, yoldaşım dava saldı, anamı evdən qovdu, məni isə döyməyə başladı. Böyük qızım məni güc-bəlayla onun əlindən aldı. Yoldaşım məni hədələyir ki, ondan boşansam mənim üçün çox pis olar”.

Dinlədiyimiz müsahibimizin xahişi ilə bir çox mətləbləri açıqlaya bilmirik. Təbii ki, özəl həyatla bağlı olan bu olayın detallarını tam təfərrüatı ilə açıqlaya da bilmərik. Biz ona kömək etmək istədiyimiz söylədikdə isə,  - “Ay oğul, ayıbdır axı” - dedi. Hansı səbəblərdən bizə üz tutmasını soruşduqda isə bunları dedi: “Dərdimi deməyə kimim-kimsəm yoxdur” – cavabını eşitdik.

Xoş olmayan bir mənzərədir əlbəttə. Qeyd edək ki, məişət zorakılığı ilə bağlı məsələlər gündəmə gəldiyində daha çox qadınlara, azyaşlı uşaqlara və yaşlı insanlara qarşı baş verən zorakılıq hallarından söz açılır, bəhs olunur. Amma vurğulamağı vacib bilirik ki, məişət zorakılığı halları yalnız bu kateqoriyalarla əlaqədar baş vermir. Kişilərə qarşı da zorakılıq halları olur. Amma mental səbəblərlə bağlı kişilər bu halları qadınlar kimi hər zaman açıqlaya bilmirlər. Hüquqlarını müdafiə etmək üçün belə aidiyyati səlahiyyətli qurumlara müraciət etmirlər. Daha doğrusu, etmək istəmirlər. Mənzərənin bu tablosu isə onsuz da həll edilməsində kifayət qədər boşluqlar olan problemləri həll etməyə əngəl yaradır.

Son illərin təcrübəsindən çıxış edərək qeyd edirik ki, kişilərə qarşı zorakılıq halları baş verir və bu əksər hallarda bu barədə informasiyalar bölgələrdən eşidilir. Olaylarda xüsusən də ailə üzvləri ilə bağları qırılan, münasibətləri kəsilən kişilərin məişət zorakılığına məruz qaldığını müşahidə edirik. Çox qəribədir ki, maddi, fiziki, psixoloji, hüquqi və bir sıra haqsızlıqlarla üz-üzə qalan kişilərə ünvanladığımız bir suala faktiki olaraq, eyni CAVABI ALIRIQ:

“Siz niyə polisə və yaxud digər hökumət orqanlarına müraciət etmirsiniz?”

“Ayıb deyil?”

“Nə deyəcəm mən gedib polisdə?”

“Sonra utandığımdan necə cıxım mən adam içinə”?

“Arvadımı tutdurum, saldırım türməyə, sonra balalarımın üzünə necə baxaram?”

“Sən necə kişisən deyərlər”

Mahiyyət etibari ilə bir-birini tamamlayan bu cavablardan sonra məişət zorakılığına məruz qalan kişiləri müdafiə etmək heç də asan məsələ kimi görünmür. Çünki ilk növbədə qurbanlar özləri qurban olduqlarını cidd-cəhdlə gizlədirlər .

Bu məsələ ilə bağlı apardığımız araşdırma zamanı diqqətimizi çəkən kişilərlə əlaqədar zorakılıq hallarının qabardılmasının müşkül olduğunu bir daha anladıq. Çünki bəzilərinin hətta maraqlandığımız məsələnin nə ilə bağlı olmasını biləndən sonra hətta gülmələri oldu. “Yəni, nə olsun ki, lap belə hallar var”  - kimi.

Bu isə o anlama gəlir ki, varsa da, problemi qabartmaq, onu ictimailəşdirmək, qurbanı üzə çıxarmaq, ona yardım etmək, pozulan hüquqlarını müdafiə etmək və sair istiqamətdə iş göprmək bəzən bizlərə müyəssər olmur. Məsələn, çox istərdik ki, bu problemin rəsmi statistikası aparılsın. Nə qədər kişinin arvadları tərəfindən zorakılığa məruz qalması haqqında məlumatlar ictimaiyyətə açıqlansın. Bundan başqa, kişilərin həyat yoldaşlarından hansı mahiyyətli zorakılığa məruz qalmaları haqqında araşdırmalar təqdim olunsun. Yəni, problemin hansı köklərdən qaynaqlanmasının səbəbləri bilinsin.  Hər zaman olmasa da, heç olmasa bəzən qurbanlar ictimaiyyət qarşısına çıxıb yaşadıqları olaylarla əlaqədar açıqlamalar versinlər. Yalnız bu hallarda problemin üzərinə birbaşa gedilə bilinər. Və onun həlli yolları araşdırıla, həll edilməsinə əyə səylər göstərilər.

AZXEBER.COM 

OXŞAR XƏBƏRLƏR