Azərbaycan Respublikasında 1834 məscid mövcuddur. Bu barədə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) rəsmi saytında məlumat verilib. Naxçıvan Muxtar Respublikası və işğal olunmuş rayonlar bura aid deyil. Sovetlər dövründə respublikada cəmi 17 məscid fəaliyyət göstərib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1990-cı ildən indiyədək ölkədə 814 məscid inşa olunub. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. 1993-2003-cü illər ərzində ölkədə 517 məscid inşa olunub, 200-ə yaxın məsciddə əsaslı təmir işləri aparılıb, 16 məscid yenidən qurulub. Dövlət vəsaiti hesabına 1998-ci ildə Bibiheybət məscid-ziyarətgah kompleksinin yenidən qurulmasına başlanılıb, 1999-cu ildə rəsmi açılışı olub. 2003-2013-cü illər ərzində ölkədə 216 məsciddə inşa və əsaslı təmir və yenidən qurma işləri aparılıb, o cümlədən dövlət vəsaiti hesabına 10 məscid tikilmiş və ya əsaslı bərpa olunub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına və tapşırığına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdərbəy məscidində, Şamaxı Cümə məscidində əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılıb. Hazırda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Gəncə şəhər İmamzadə ziyarətgahında müvafiq işlər davam etdirilir. Heydər Əliyev Fondu tərəfindən 7 məscid və ziyarətgah – Daşkəsən şəhər Cümə məscidi, Gəncə şəhər Şah Abbas və Həzrət Zeynəb məscidləri, Xəzər rayonu Buzovna qəsəbəsi Cümə məscidi, Mərdəkan qəsəbəsi Pirhəsən ziyarətgahı, Binə qəsəbəsi Möhsün Səlim və İmam Rza məscidləri inşa və ya əsaslı təmir olunub.