Səhiyyə Nazirliyi "Azərbaycanda 300 uşaq onkoloji xəstəliyə düçar olur"
"Hər il Azərbaycanda 300 uşaq onkoloji xəstəliyə düçar olur. Onkoloji xəstə uşaqların 80 faizi sağalır, 20 faizini isə sağaltmaq olmur".
ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasının şöbə müdiri Reyman İsmayılzadə Səhiyyə Nazirliyinin “Tibb” qəzetinə müsahibəsində deyib. O, bildirib ki, onkoloji xəstəlik aşkarlanan hər on nəfərdən 7-8-i tam sağala bilir: “Uşaqlarda olan onkoloji xəstəliklərin əksəriyyətinin embrional şişlərdir. Ancaq doğulduqdan bir müddət sonra özünü göstərir. Yəni, böyüklərdə onkoloji xəstəliklərin əmələ gəlməsində ətraf mühit, iris faktor, həyat tərzi, ekoloji problemlər, qidalanma, stress və digər amillər rol oynayırsa, uşaqlarda onkoloji xəstəliklərin əsası ana bətnində qoyulur. Uşaqlarda bu xəstəliklər böyüklərə nisbətən daha yaxşı müalicə olunur. Onkoloji xəstə uşaqların 80 faizi sağalır, 20 faizini isə təəssüf ki, sağaltmaq olmur. Müalicə olunub sağalan uşaqların valideynləri adətən uşaqlarının diaqnozunu gizlədir və övladının xərçəng xəstəsi olduğunu və sağaldığını demirlər. Amma 20 faiz sağalmayan uşaqların valideynləri bu barədə hər yerdə danışırlar. Bunun nəticəsində hər kəs də düşünür ki, xəstəliyin müalicəsi yoxdur və sonu ölümdür”.
R.İsmayılzadə bildirib ki əsas onkoloji xəstəliklər 3-10 yaş arası uşaqlarda rast gəlinir: "Ümumilikdə onkolji xəstəlikli uşaqların sayı çox deyil. Hər 10000 min uşaqdan 1-idə bu xəstəliyə təsadüf edilir".