Azərbaycanda piylənmə problemi böyüyür – Mütəxəssis xəbərdarlıq edir

Azərbaycanda piylənmə problemi böyüyür – Mütəxəssis xəbərdarlıq edir
SOSİAL
16:11 12.03.2026
234
Piylənmə müasir dövrdə həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə ən ciddi sağlamlıq problemlərindən birinə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 1 milyarddan çox insan piylənmədən əziyyət çəkir və 2035-ci ilə qədər bu rəqəmin 4 milyardı keçəcəyi proqnozlaşdırılır. Azərbaycanda da bu problem geniş yayılıb və xüsusilə qadınlar arasında daha çox müşahidə olunur. Statistikaya görə, ölkədə əmək qabiliyyətli insanların təxminən 30-40 faizi piylənmədən, 25-30 faizi isə artıq çəkidən əziyyət çəkir.

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova AZXEBER.COM-a açıqlamasında deyib ki, bunun əsas səbəblərindən biri düzgün qidalanma vərdişlərinin pozulmasıdır:

"Bunun əsas səbəblərindən biri düzgün qidalanma vərdişlərinin pozulmasıdır. Xüsusilə fast food qidalarına meylin artması, təbii və liflə zəngin qidaların- meyvə və tərəvəzlərin qida rasionunda az yer tutması bu problemi daha da dərinləşdirir. Fast food məhsulları ilə birlikdə qəbul olunan qazlı, rəngli və şəkərli içkilər gündəlik qəbul edilən kalori miqdarını artırır. Bununla yanaşı, bu qidaların qida dəyəri aşağı olduğundan piylənməyə səbəb olan əsas amillərdən biri hesab olunur”.


O bildirib ki, piylənmənin digər mühüm səbəb isə texnologiyanın inkişafı ilə bağlıdır:

"Piylənmənin digər mühüm səbəb isə texnologiyanın inkişafı ilə bağlıdır. İnsanlar gün ərzində daha çox telefon, kompüter və digər ekranlar qarşısında vaxt keçirirlər. Bu isə hərəkətsiz, oturaq həyat tərzinin formalaşmasına gətirib çıxarır. Fiziki aktivliyin azalması nəticəsində qəbul olunan qidaların enerjiyə çevrilməsi prosesi pozulur və artıq çəki yaranır. Genetik amillər də piylənmənin yaranmasında rol oynayır. Bəzi insanlar genetik olaraq artıq çəkiyə meyilli olduqları üçün qidalanmalarına daha çox diqqət yetirməlidirlər”.

Qida eksperti bildirib ki, psixoloju faktorlar da piylənməyə səbəb olur:

 "Psixoloji faktorlar -stress, depressiya və emosiyaların düzgün idarə olunmaması bəzi insanlarda həddindən artıq yemək istəyinə səbəb olur. Bəzən isə uzun müddət iştahsızlıqdan sonra nəzarətsiz şəkildə qida qəbul edilməsi artıq çəkiyə gətirib çıxara bilir.
Nəzərə almaq lazımdır ki, piylənmə yalnız xarici görünüşlə bağlı problem deyil. Bu, eyni zamanda daxili orqanların yağlanmasına və onların funksiyalarının pozulmasına səbəb olan ciddi sağlamlıq problemidir. Davamlı olaraq piylənmədən əziyyət çəkən insanlar vaxtında sağlamlıqlarına diqqət etməsələr, ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi, yüksək xolesterin və diabet kimi xəstəliklərə tutulma riski artır. Eyni zamanda artıq çəkili insanlarda tənəffüs problemləri də daha çox müşahidə olunur ki, bu da həyat keyfiyyətinə və yuxu rejiminə mənfi təsir göstərir”.

O söyləyib ki, artıq çəkili insanlarda tez-tez yuxu apnesi yaranır: 

"Artıq çəkili insanlarda tez-tez yuxu apnesi adlanan problem də rast gəlinir. Bu vəziyyətdə yuxu zamanı tənəffüs dayanması halları baş verə bilər ki, bu da daxili orqanların yüklənməsi və onların funksiyalarını tam yerinə yetirə bilməməsi ilə əlaqədardır. Bundan başqa, artıq çəki sümüklərə və oynaqlara da əlavə təzyiq göstərir, bu isə ağrılara, hərəkətin çətinləşməsinə və fiziki aktivliyin azalmasına səbəb olur”.

M.Hüseynova piylənmədən qorunma yollarına da toxunub. O bildirib ki, erkən yaşlardan düzgün qidalanmaq lazımdır:

"Ümumiyyətlə, piylənmənin qarşısını almaq üçün erkən yaşlardan etibarən düzgün və sağlam qidalanma vərdişləri formalaşdırılmalıdır. Yüksək kalorili, şəkərli və emal olunmuş qidaların istehlakı azaldılmalıdır.

Daha çox təbii və yerli meyvə-tərəvəzlərdən istifadə etmək tövsiyə olunur. Karbohidrat mənbəyi kimi isə paxlalı bitkilərə üstünlük verilməsi faydalıdır. Bundan əlavə, hər gün mütləq yüngül idman hərəkətləri edilməlidir. Gündə təxminən yarım saat normal tempdə yerimək belə piylənmənin qarşısını almaqda mühüm rol oynayır. Həmçinin qida qəbul edərkən gündəlik su miqdarını da unutmamaq lazımdır. Hər insan hər kiloqram bədən çəkisinə görə təxminən 30 millilitr su qəbul etməlidir.

Əgər bütün bu qaydalara ciddi şəkildə əməl olunmasa, 2030-cu ildə dünyada ciddi sağlamlıq böhranı yarana bilər. Bu isə yalnız sağlam insanların sayının azalmasına deyil, eyni zamanda sağlam cəmiyyətin formalaşmasına da mənfi təsir göstərə bilər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR