Gənclər və İdman nazirliyinin, habelə Mədəniyyət və Turizm nazirliyinin birgə layihəsi olan Gənclərin I Ümumrespublika Teatr Festivalının final mərhələsi davam edir.
AZXEBER.COM-un verdiyi xəbərə görə, festivalın 3-cü günü (noyabrın 30-u) Gənc Tamaşaçılar teatrının kiçik zalında sonuncu 4 tamaşa nümayiş olunub.
Tamaşalardan öncə açılış sözü ilə çıxış edən festivalın icraçı direktoru Ramil Ağasiyev tamaşaların hər birinin mövzu baxımından biri-birindən maraqlı olduğunu söyləyib: “Bu gün sonuncu tamaşalar nümayiş olunacaq. Sabah yəni, dekabrın 1-də isə festivalın qaliblərinin adları açıqlanacaq. Bir daha bizə bu şərait yaratdıqları üçün Gənc Tamaşaçılar Teatrına minnətdarlığımı bildirirəm”.
Ramil Ağasıyevin çıxışının ardından tamaşaların nümayişinə başlanılıb. İlk tamaşa Pərviz Məmmədovun ssenari müəllifi olduğu və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbəsi Elgün Həmidovun hazırladığı “Aslanın erkəyi, dişisi olmaz”tamaşası olub. Tamaşada, Qarabağ müharibəsində azərbaycanlı qızın oğlan adı ilə müharibəyə qatılması təsvir olunur. Əsgər yoldaşları onun qız olduğunu öldükdən sonra anlayırlar.
İsmayıllı rayon H.Əliyev adına Mədəniyyət evinin Xalq teatrının hazırladığı və ssenarisi Azər Cəfərin olan “Qatil” tamaşası günün 2-ci tamaşası olub. Tamaşa iki dostun acılı taleyindən bəhs edir. Burada dostlardan biri digər dostunun qızını ermənilər tərəfindən təcavüz edilməməsi üçün öldürür və hadisələr bir xətt üzərində inkişaf edir.
Növbəti tamaşa Pəri Ağakişiyevanın ssenari müəllfi olduğu və Tərlan Abdullayevin hazırladığı “Günəşə Doğru” tamaşası olub.
Sonda isə “Q.A.T.A.R” Yaradıcılıq studiyasının hazırladığı “Qisasın rəngi” tamaşası nümayiş olunub. “Qisasın rəngi” tamaşasında bir qrup əsgərin Şuşa alınmasından sonra orada gizlənib düşmənlə mübarizə aparmaları təsvir edilir. İllər keçdikdən sonra Azərbaycan əsgərinin düşmənə qalib gəlməsi və doğma torpaqlarını tərk edənlərin geri dönməsi təsvir olunub. Bu tamaşa ilə truppaların çıxışı yekunlaşıb.
Qeyd edək ki, 3 gün ərzində Gənc Tamaşaçılar Teatrında 12 gənc truppa çıxış edib. Münsiflər heyəti 4 nominasiya üzrə qalibləri müəyyənləşdirəcək: Ən yaxşı tamaşa, ən yaxşı ssenari, ən yaxşı aktyor və ən yaxşı aktrisa. Gənclərin I Ümumrespublika Teatr Festivalı sabah qala konsertlə yekunlaşacaq.