"Urbanizasiya problemi bütün ölkələrdə var. Fərqi yoxdur, inkişaf etmiş, orta inkişafda olan və ya başqa ölkələrdə. Bu problem var. Bunun kökü daha çox insanın mərkəzi şəhərlərdə rahat iş tapması və komfort yaşamasıdır, daha çox bununla bağlıdır”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev son günlər sosial şəbəkələrdə müzakirə olunan məsələyə münasibət bildirərkən deyib.
O, qeyd edib ki, Azərbaycanda rayondan gələnlərin şəhərə uyğunlaşma problem yoxdur:
"Amma Azərbaycanda mən deməzdim ki, rayondan gələnlər şəhər şəraitinə uyğunlaşa bilmir, belə bir fikir düşünmürəm. Təbii ki, fərq var. Rayonda gedən həyatın öz sürəti, şəhərdə gedən həyatın öz sürəti var. Bir çox şeylərdə fərq var. Amma belə böyük ziddiyyət görmürəm. Sadəcə olaraq, mən qeyd etmək istəyirəm ki, son 20 ildə rayonlarda kifayət qədər şərait yaradılıb. İnfrastruktur məsələləri ilə əlaqədar, məktəblər, kifayət qədər ali məktəblərin açılması və s. Bu yaxınlarda Lənkərandakı universitetin biz 30 illiyini qeyd etdik, özüm də iştirak etdim. O universitetdə tələbələrin sayı 6 minə çatıb. Bu da onu göstərir ki, regionlarda yaşayan insanların orada ali savad almaq fikri var”.
Deputat qeyd edib ki, bu məsələdə ən böyük problem işlə əlaqədardır:
"Burada daha böyük problem işlə əlaqədardır. Regionlara nisbətən mərkəzi şəhərlərdə həyat tərzi daha yüksəkdir, bu baxımdan maaşlar da, qazanclar da regionlara nisbətən yüksəkdir. Məsələ buradan qaynaqlana bilər. Bu gün regionda işləyən adi fəhlə ilə mərkəzi şəhərlərdə işləyən fəhlə arasında maaş fərqi var. Bunun da köklərini dedim, həyat tərzindən, alıcılıq qabiliyyətindən asılıdır. Böyük şəhərlərdə əhalinin alıcılıq qabiliyyəti daha çoxdur”.
"Amma mən həmişə bunu deyirəm, regionlarda şərait var, sahibkarlıq fəaliyyəti üçün kifayət qədər imkanlar var. Bizim kənd təsərrüfatının regionlarda sürətini daha da artıra bilsək, mənə elə gəlir ki, emal edən fabrik-zavodlar da köçəcək. Onlar da orada fəaliyyət göstərcəklər. Bu da tənzimləmə prosesinə kömək edəcək. Amma bu ziddiyyət bütün dünyada var, bizdə də bunu həlli üçün kifayət qədər addımlar atılır”, - deyə deputat əlavə edib.
Aydın Nuri