Dövlət Statistika Komitəsi “Ümumtəhsil məktəblərində davamiyyət səviyyəsi haqqında” seçmə statistik müayinənin yekunlarına dair məlumat yayıb. Komitədən verilən məlumatda bildirilir ki, dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri də ölkədə təhsilin inkişafı, onun maddi texniki bazasının möhkəmləndirilməsidir və son illər Azərbaycanda bu istiqamətdə məqsədyönlü işlər aparılır. “Bununla belə, bu sahədə məktəb yaşlı uşaqların təhsildən yayınma hallarının olması narahatçılıq doğurur. Belə halların səbəblərini araşdırmaq məqsədi ilə Dövlət Statistika Komitəsi 2011-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 2583 nömrəli Sərəncamı ilə təsdiq edilən “2008-2012-ci illərdə Azərbaycan
Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”nın 3.2-ci bəndinə uyğun olaraq, ölkə ərazisində 18750 ev təsərrüfatını əhatə edən “Ümumtəhsil məktəblərində davamiyyət səviyyəsi haqqında” seçmə statistik müayinə keçirib”.
Müayinə zamanı 6-17 yaşlı 30920 nəfər uşaq sorğu olunub, onların 55 faizini oğlanlar, 45 faizini qızlar təşkil edib. Sorğu olunanların 56,7 faizi şəhər, 43,3 faizi isə kənd yerlərinin sakinləridir.
Müayinənin nəticələrinə görə, uşaqların 95,6 faizi ümumtəhsil məktəblərində oxuyanlar, 4,2 faizi orta və ya tam orta təhsili bitirənlər, 0,2 faizi ümumiyyətlə məktəbə getməyənlərdir. Ümumtəhsil məktəblərində oxuyan uşaqların 33,8 faizi 1-4-cü, 47,5 faizi 5-9-cu, 18,7 faizi 10-11-ci sinif şagirdləridir.
Sorğu olunan uşaqların 734 nəfəri və ya 2,4 faizi məktəbdən yayınanlar olmaqla, 675 nəfəri (92 faizi) ümumtəhsil məktəblərində oxuyanlar, 59 nəfəri (8 faizi) isə ümumiyyətlə məktəbə getməyənlərdir. Onların da 40 nəfəri və ya 68 faizi 6 yaşlı uşaqlardır. Şəhər yerlərində məktəbdən yayınanlar 2,5 faiz, kənd yerlərində isə 2,2 faiz təşkil edib.
Ümumtəhsil məktəblərində oxuyan və müxtəlif səbəblərdən təhsildən yayınan uşaqların 57,5 faizi oğlanlar, 42,5 faizi qızlardır. Şəhər yerlərində bu göstərici müvafiq olaraq 62,6; 37,4 faiz, kənd yerlərində isə oğlan və qızların xüsusi çəkisi təxminən bərabər olub.
Məktəbdən yayınma halları əsasən yuxarı yaşlı uşaqlar arasında qeydə alınıb və onların 55,3 faizi 15-17 yaşda, 24,6 faizi 12-14 yaşda olanlardır. Ümumtəhsil məktəblərində oxuyan uşaqların cins və təhsildən yayınma müddətlərinə görə faiz bölgüsü belədir:
Ümumtəhsil məktəblərində oxuyan uşaqların 49,8 faizi 1 ayadək, 10,4 faizi 1 aydan 3 ayadək, 11 faizi 3 aydan 6 ayadək, 14,7 faizi 6 aydan 1 ilədək, 14,1 faizi isə 1 il və yuxarı müddətdə məktəbə getməyib.
Ümumtəhsil məktəblərində oxuyan və təhsildən yayınan uşaqların təhsildən yayınma səbəblərinə gəlincə, uşaqların 43,6 faizi xəstəlik, 13,9 faizi valideynlərinin icazə verməməsi, 7,9 faizi pul qazanıb gələcəklərini qurmaq istədikləri, 6,4 faizi valideynlərinin təhsil üçün lazımi ləvazimatların almasına imkanları olmadığı, 28,2 faizi isə digər səbəblərindən məktəbdən yayınır. Pul qazanıb gələcəyini qurmaq istəyən uşaqların 92,5 faizi oğlanlar, valideynlərinin icazə verməməsi səbəbindən məktəbdən yayınan uşaqların 81,9 faizi qızlardır.
Ümumtəhsil məktəblərində oxuyan və valideynlərinin icazə verməməsi və ya pulqazanıb gələcəklərini qurmaq istədikləri səbəbindən məktəbdən yayınanlar əsasən 15-17 yaşlı uşaqlardır. Valideynlərinin icazə verməməsi səbəbindən həmin yaşda məktəbdən yayınan uşaqlar 77,7 faiz təşkil edib və onların əksəriyyəti, 80,5 faizi qızlardır. Gələcəklərini qurmaq istəmələri səbəbindən yayınanlar isə 88,7 faizdir ki, onların da 91,5 faizi oğlanlar təşkil edir.
Uşaqların 27 faizi IX sinifdən, 13,5 faizi X sinifdən sonra məktəbə qayıtmayıb.
Sorğunun nəticələrinə görə ümumtəhsil məktəblərində oxuyan və təhsildən yayınan uşaqların 64,3 faizi məktəbə qayıtmaq istədiklərini bildiriblər. Uşaqların 96,6 faizi ailəsi ilə, 2,8 faizi qohumları ilə, 0,6 faizi isə kənar adamlarla yaşayırlar.
Statistika Komitəsinin məlumatında həmçinin ümumtəhsil məktəblərində oxuyan və məktəbə getməyən uşaqların ailə üzvlərinin tərkibi üzrə bölgüsü də faizlə gösətirlib. Belə ki, uşaqların 81,1 faizinin hər iki valideyni, 15,3 faizinin yalnız atası və ya anası, 2,6 faizinin ata və analığı və ya ana və atalığı, 0,8 faizinin yalnız qardaş-bacıları, 0,2 faizinin isə atalığı və analığı olub.
10-17 yaşlı uşaqların atalarının 31,2 faizi, analarının 23,6 faizi ali və orta ixtisas təhsilə, müvafiq olaraq 35,3 və 40,3 faizi tam orta təhsilə, 21,4 və 27,7 faizi ümumi orta təhsilə malik olub, 12,1 və 8,4 faizinin ibtidai təhsili və ya təhsili olmayıb. Uşaqların atalarının əksəriyyəti kənd təsərrüfatı işçisi (22,9 faiz), fəhlə (18,1 faiz), ticarət işçisi (11,5 faiz), anaları isə pensiyaçı (39,9 faiz), kənd təsərrüfatı (20,4 faiz) ilə məşğul olanlardır.
Valideynlərinin onların tərbiyələrində iştirakına dair sualına 10-17 yaşlı uşaqların 65,3 faizi atası, 86,9 faizi anası onları çox istədiyini və qayğılarına qaldığını, müvafiq olaraq 20,1 və 5,8 faizi işə çox vaxt sərf etdiyindən onların tərbiyəsi ilə lazımi qədər məşğul olmadıqlarını, 7,6 və 4,8 faizi uşaqlarını tərbiyə etməkdən yayındığını və ya onlarla kobud rəftar etdiyini, 7,0 və 2,5 faizi isə digər cavabları qeyd ediblər.
Uşaqların 60,3 faizi hər iki valideyndən ibarət olan, 19,4 faizi aztəminatlı, 11 faizi qaçqın və məcburi köçkün, 5,9 faizi isə natamam ailədə tərbiyə alırlar.