Azərbaycanda şaxtalı və qarlı hava yanvarın sonunadək davam edəcək

Azərbaycanda şaxtalı və qarlı hava yanvarın sonunadək davam edəcək
Bütün Xəbərlər
12:15 27.01.2012
1564
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, Bakı və Abşeron yarımadasında bu gün axşam və sabah gün ərzində arabir qar yağacaq. Şimal-qərb küləyinin saniyədə 15-20, bəzi ərazilərdə 23-28 metrədək güclənəcəyi gözlənilir. Havanın temperaturu yanvarın 28-i və 29-da gecə və gündüz saatlarında eyni olacaq və 1-5 dərəcə şaxta təşkil edəcək. Şaxtalı, qarlı hava şəraiti ilə əlaqədar ölkə ərazində və paytaxtda yollar buz bağlayacaq. Yanvarın 29-da gündüz saatlarında küləyin mülayimləşməsi gözlənilir. Yanvarın 30-a keçən gecə paytaxtda havanın temperaturu mənfi 7 dərəcəyədək enəcək. U. Tağıyeva deyib ki, yanvarın 29-u və 30-da günün birinci yarısında respublikanın bəzi rayonlarında yağıntılarda qısa fasilə yaranacaq. Lakin şaxtalı hava şəraiti bu ayın sonunadək davam edəcək. Yanvarın 31-də bu günlərə nisbətən havanın temperaturu müsbət 2 dərəcəyədək yüksələcək. Buna baxmayaraq, yanvarın 31-də də havanın fasilələrlə yağıntılı olacağı, yağıntıların əsasən sulu qar şəklində düşəcəyi gözlənilir. Ümumilikdə, fevral ayının ilk günlərində də soyuq anomaliya davam edəcək. U. Tağıyevanın sözlərinə görə, hazırda Zaqatala-Şəki bölgəsində qar örtüyünün hündürlüyü 12, Altıağacda 13, Şahbuzda 11, Qubada 18, Lerikdə 28, Rvarudda 60, Sarıbaşda 45 sm təşkil edir. Böyük Qafqazın rayonlarında gecə saatlarında 8-11 dərəcə şaxta müşahidə olunub. Hazırda qar yağmaqda davam edir və axşama yaxın havanın daha da kəskinləşəcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR