Azərbaycanda sənədsiz evlər problemi böyüyür: 500 min tikili qeyri-qanuni qalır

Azərbaycanda sənədsiz evlər problemi böyüyür: 500 min tikili qeyri-qanuni qalır
SOSİAL
15:53 29.01.2026
733
Azərbaycanda yüz minlərlə ev və qeyri-yaşayış obyekti hələ də rəsmi sənədlərə malik deyil. Ölkə üzrə təxminən 400–500 min sənədsiz və ya sənədləşdirilməsi mümkün olmayan tikilinin mövcud olduğu bildirilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin məlumatına görə, bu tikililərin dəqiq sayını müəyyənləşdirmək üçün ölkə üzrə genişmiqyaslı inventarlaşdırmaya ehtiyac var.

Prezident İlham Əliyevin torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı fərmanının icrası çərçivəsində indiyədək 60 928 ailə dövlət vəsaiti hesabına elektron çıxarışla təmin edilib.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc AZXEBER.COM-a açıqlamasında bildirib ki, dövlət əmlak reyestrinin formalaşdırılması strateji əhəmiyyət daşıyır:

"Dövlət əmlak reyestrinin formalaşdırılması olduqca vacibdir və bu sahədə əsas icraçı qurum Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətidir. Tikililərin sayının və ümumi vəziyyətinin müəyyənləşdirilməsi məhz bu qurum vasitəsilə həyata keçirilməlidir. Faktiki olaraq sənədləşdirilməyən və sənədləşdirilməsi mümkün olmayan evlərin sayı artıq 400–500 mindən də çox ola bilər. Bu səbəbdən müvafiq siyahıyaalma və müəyyənləşmə prosesinə start verilməlidir. Sayın çoxluğu prosesin yubadılması üçün əsas ola bilməz”.

Sədr qeyd edib ki, bu il sənədsiz evlərin sənədləşdirilməsi istiqamətində real addımlar atılmalıdır:

"2026-cı ilin ‘Şəhərsalma və Memarlıq İli’ elan olunmasını nəzərə alsaq, məhz bu il sənədsiz evlərin sənədləşdirilməsi prosesinə başlanmalıdır. Eyni zamanda əmlak amnistiyası tətbiq edilməlidir ki, yüz minlərlə vətəndaşın təyinatı fərqli olan torpaq sahələrində inşa etdiyi fərdi yaşayış evləri hüquqi status alsın. Hazırda bu evlər hüquqi baxımdan qanunsuz sayılır. Normativlərə uyğun tikilməyən və qeydiyyat problemi olan evlərin siyahıya alınması vacibdir. Əgər tikililər yüksək gərginlikli elektrik xətlərinin altında, kommunikasiya xətlərinin üzərində, kənd təsərrüfatı və meşə zolaqlarında, yaxud strateji əhəmiyyətli dövlət obyektlərinə yaxın ərazilərdə yerləşirsə, həmin ərazilərdə sənədləşdirmə mümkün olmayacaq. Torpaq sahəsinin təyinatına uyğun olmayan yerlərdə tikilmiş evlərin yaşayış statusu alması üçün isə əmlak amnistiyası əsas şərtdir”.

Vüqar Oruc vurğulayıb ki, siyahıyaalma zamanı ölkədə mövcud olan bütün əmlak vahidləri müəyyən edilməlidir:

"İlk növbədə proses qeydiyyatsız evlərin və qanunsuz tikililərin uçota alınmasından başlamalıdır. Siyahıyaalma nəticəsində ölkə ərazisində nə qədər əmlakın mövcud olduğu dəqiqləşdirilməlidir. Daha sonra isə onların hüquqi statusu müəyyənləşdirilməlidir. Kütləvi şəkildə qanuniləşdirilməsi mümkün olan obyektlərlə bağlı operativ qərarlar verilməlidir. Əmlak amnistiyası ölkədə sistemli əmlak siyasətinin formalaşdırılması üçün ilkin və vacib addım olmalıdır. Qalan qanunsuz tikililərin isə təhlükəsizlik və şəhərsalma baxımından mövcudluğunun mümkünlüyü qiymətləndirildikdən sonra sənədləşdirilmə prosesinə cəlb edilməsi nəzərdən keçirilməlidir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR