Azərbaycanda siqaretin qiyməti niyə bahalaşıb? - AÇIQLAMA

ÖZƏL
16:37 07.08.2023
1595
Xəbər verdiyimiz kimi, bu gündən etibarən Azərbaycanda bütün siqaretlərin qiyməti artıb. Bildirilib ki, siqaretlər firmalar tərəfindən bahalaşdırılıb. Firmalar bütün siqaretlərin qiymətinə 10 qəpik əlavə ediblər.

Bəs, siqaretin qiymətinin bahalaşmasının səbəbi nədir?

Bununla bağlı iqtisadçı ekspert Eyyub Kərimli AZXEBER.COM-a açıqlama verib.

Onun sözlərinə görə, siqaretin qiymətinin bahalaşması gözlənilən idi:

"Fevral ayında ölkə Prezidenti tərəfindən tütün məmulatlarına və spirtli içkilərə aksiz markalarının tətbiqi, 6 aydan bir qiymətlərin tənzimlənməsi ilə bağlı sərəncam verilmişdi. Hesab edirəm ki, növbəti aylarda da tütün məhsullarının qiymətində artım müşahidə edəcəyik. Ölkəyə ildə 90-100 milyon arası siqaret idxal olunur. Siqaret tələbatı artır.  Əlbəttə ki, bu artım istehsalçıların tələbinə təsir göstərəcəkdir. Həmçinin, digər ölkələrin təcrübəsinə baxaraq deyə bilərik ki, siqaret qiymətinin artımı həm də sosial  məsələdir”.

İqtisadçı ekspert hesab edir ki,  siqaretin qiymətinin bahalaşması  siqaret çəkənlərin sayının azalmasına qismən təsir edəcək:

"Statistik göstəricilərdə hazırda həm qadınlar, həm yeniyetmələr arasında siqaret çəkənlərin sayında artım müşahidə olunur. Fikrimcə, reallıq statistik göstəricilərdən daha da çoxdur. Bu baxımdan düşünürəm ki, siqaret çəkənlərin sayının azalmasına müəyyən təsiri olacaq. Yaxşı olar ki, biz həm də ölkədaxili tütün istehsalını genişləndirək.
Bu cür halların yaşanmaması üçün xaricdən asılılığı azaltmaq, yerli tütünçülüyü inkişaf etdirmək lazımdır. Yerli istehsalın artması belə məsələlərin qarşısını ala bilər”.

Şəbnəm Zahir

OXŞAR XƏBƏRLƏR