Yay mövsümü uzanacaqmı? Yaxın aylarda hava durumu necə olacaq?
Globalinfo.az-a danışan "Səma və Eko" Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova deyib ki, adətən iyun ayından etibarən müşahidə olunan güclü istilər bu dəfə gecikib:
"Ayrı-ayrı aylarda havanın qeyri-adi keçməsi iqlim sistemində baş verən dəyişikliklərlə bağlıdır. Son illərdə qlobal iqlim dəyişikliyi nəticəsində fəsillərin başlanğıc və bitmə tarixlərində müəyyən sürüşmələr sezilir. Bu isə yay mövsümünün bəzi illərdə daha gec başlayaraq sentyabrın sonu, hətta oktyabrın ilk günlərinə qədər davam etməsi ehtimalını artırır. Lakin bunu indidən dəqiq proqnoz kimi qəbul etmək düzgün olmaz.
Ekoloq bildirib ki, sentyabr ayında da havanın temperaturu normadan yüksək qala bilər:
"Bu səbəbdən isti hava şəraitinin payızın ilk həftələrində də davam etməsi mümkündür. Lakin oktyabr ayının necə keçəcəyini indidən yüksək dəqiqliklə söyləmək elmi baxımdan mümkün deyil".
"Bir neçə həftə quraqlıq müşahidə olunduqdan sonra qısa müddətdə intensiv yağışların yağması, dolu və sel hadisələrinin baş verməsi artıq daha tez-tez rast gəlinən hallardandır. Bu dəyişikliklər kənd təsərrüfatına, su ehtiyatlarına və insanların gündəlik həyatına da təsir göstərir. Belə nəticəyə gəlmək olar ki, bu il yayın gec hiss olunması onun müəyyən qədər uzanacağı ehtimalını artırsa da, "yay mütləq oktyabra qədər davam edəcək" demək hələlik elmi əsaslandırılmış proqnoz deyil. Qarşıdakı aylarda isti hava dalğalarının davam etməsi mümkündür və vətəndaşların rəsmi meteoroloji proqnozları mütəmadi izləmələri tövsiyə olunur".











































