Azərbaycanda təkuşaqlı ailələrin övladları əsgərliyə getməyəcək? - AÇIQLAMA

Azərbaycanda təkuşaqlı ailələrin övladları əsgərliyə getməyəcək? -  AÇIQLAMA
Bütün Xəbərlər
12:30 29.11.2013
2966

Azərbaycanda təkuşaqlı ailələrin övladları yenidən hərbi xidmətdən azad olunması ilə bağlı ictimaiyyət arasında müəyyən fikirlər səslənir. Təkuşaqlı ailələrin övladlarının hərbi xidmətə çağrılması ilə bağlı məsələ bir neçə il bundan öncə yenidən müzakirəyə çıxarılsa da, Milli Məclisin qərarı ilə qanun öz qüvvəsində qaldı və heç bir dəyişiklik edilmədi.

Qeyd edək ki, bu hal Azərbaycanda əvvəllər mövcud olsa da, 2008-ci ildə“Hərbi xidmət keçmə haqqında” qanuna edilən dəyişiklikdən sonra ailənin tək övladı da artıq hərbi xidmətə cəlb olunur.

Məsələ münasibət bildirən parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc AZXEBER.COM-a açıqlamasında təkuşaqlı ailələrin övladları ilə bağlı məsələnin gündəmdə olmadığını deyib:

“Təkuşaqlı ailələrin övladları ilə bağlı məsələ gündəmdə deyil. Çünki ailə planlaşmasına nəzər salsaq, Azərbaycanda on minlərlə ailədə tək övladlılıq mövcuddur. Digər bir tərəfdən, burada digər vətəndaşların hüquqlarının pozulması amili var. Təsəvvür edin ki, bir ailədə 4 övlad var və onların hamısı hərbi xidmətə gedib öz borclarını yerinə yetirir. Ancaq digər tərəfdən təkuşaqlı ailələrin övladları əsgərliyə getmir. Buradan belə aydın olur ki, sanki ailənin çox uşağının olması onun “günahıdır”. Eyni zamanda tək övladın hərbi xidmətdən azad olunması bir çox ailəyə stimul verə bilər ki, gələcəkdə tək övlada üstünlük versin. Lakin şəxsən mənim mövqeyim ondan ibarətdir ki, qanuna bu kontekstdə dəyişiklik edildiyi halda ailənin tək övladlarının arxa cəbhədə xidmətini təşkil etmək lazımdır, nəinki birdəfəlik xidmətdən azad etmək”.

Deputat, Azərbaycanda hərbi xidmətə çağırışın yuxarı yaş həddinin artırılması ilə bağlı səslənən fikirlərə də münasibət bildirib. Belə ki, Z.Oruc hərbi xidmətə sonuncu çağırış yaşının 35-dən 40-a qaldırılması ilə bağlı heç bir müzakirənin getmədiyini və bu cür informasiyaların əsassız olduğunu deyib:

“Bu məsələ ilə bağlı hər hansı bir təklif və layihə yoxdur. Məndən bir dəfə soruşdular ki, hökumətin hərbi xidmətə çağırışla bağlı aşağı və yuxarı yaş həddi artırıla bilərmi? Mən isə bu suala cavab verərkən yuxarı yaş həddinin artırılmasını bir neçə səbəblə izah etdim. Reallıqda 35 yaşınadək çağırışçılar ali məktəbi bitirir, səhhətində hər hansı bir problem olanlarınsa müəyyən olunmuş müddətədək müalicə olunur. Tutalım ki, şəxsin ilk çağırışı zamanı xəstəliyi aşkarlandı. 10 il ərzində hər il müalicədən keçən şəxs, 10 ildən sonra yenə eyni xəstəlikdən əziyyət çəkirsə və hərbi xidmətə yararsızdırsa bu zaman ona əlillik statusu vermək lazımdır. Eyni zamanda 10 il ərzində həmin şəxsin ailə vəziyyətinə də baxmaq lazımdır. Fikir versək, bu gün Azərbaycanda 27 yaşına qədər yoxlamalardan keçən şəxs, bu yaşdan sonra hərbi xidmətə getməkdən yayınır. Təəssüflər olsun ki, mənim bu təklifimi başqa yerlərə yozanlar oldu. Ancaq bir daha təkrar edirəm ki, bu təklif Milli Məclisin gündəliyinə salınmayıb və bununla bağlı heç bir müzakirə yoxdur”.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR