Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) səlahiyyətləri artırılır. Bu, “Teleiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərdə öz əksini tapıb. Dəyişikliklərdə Azərbaycan Milli Televiziya və Radio Şurasının səlahiyyətlərinin artırılması nəzərdə tutulur.
23.1-ci maddəyə təklif olunan dəyişikliyə görə, teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və bu qanunun tələblərini pozduqda xüsusi razılığın (lisenziyanın) qüvvəsi və ya hər hansı proqramın yayımı teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə bir ayadək müddətə müvəqqəti dayandırılır. Hazırda qüvvədə olan maddəyə görə isə teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və bu qanunun tələblərini pozduqda razılığın (lisenziyanın) qüvvəsi məhkəmənin qərarı ilə bir gündən yeddi günədək müvəqqəti dayandırıla bilər.
Dəyişikliklərdə bir sıra digər məsələlərdə də teleradio yayımçılarının xüsusi razılığının ləğv edilməsi səlahiyyəti teleradio yayımı sahəsindəki müvafiq dövlət orqanına, yəni Milli Televiziya və Radio Şurasına verilir.
Azərbaycan Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev quruma yeni səlahiyyətlər verilməsi ilə bağlı AZXEBER.COM-a bildirdi ki, zaman-zaman müxtəlif qurumlar tərəfindən Şura tənqidlərə məruz qalır: “Qanunları bilən də, bilməyən də danışır. Biz yayımçıların fəaliyyətinə müdaxilə etmirik. Yeni sənədin qəbulundan sonra isə Şura müəyyən proqramları, verilişləri bağlamaq səlahiyyətinə malik olacaq. Bəzi televiziyalarda elə verilişlər var ki, bir tamaşaçı kimi məni də qane etmir. Amma bu o demək deyil ki, o veriliş, proqram bağlanmalıdır. Çünki cəmiyyət yalnız hansısa bir konkret tamaşaçı auditoriyası təbəqəsindən ibarət deyil. Televiziyalarda müxtəlif verilişlər yayımlanır və bir çox insanlar bu verilişlərə maraqla baxırlar. Biz demokratik ölkədə yaşayırıq və hər kəs öz fikrini azad ifadə etmək hüququna malikdir. Amma bundan sui-istifadə edilməməlidir. Televiziya cəmiyyəti maarifləndirməlidir, küçə psixologiyası aşılamamalıdır, cəmiyyətin önündə getməlidir, arxasında deyil. Onu da deməliyik ki, bu gün televiziyalarda yüksək peşəkar kadrlar azlıq təşkil edir. Bir məqamı da unutmayaq ki, özəl televiziyalar kommersiya strukturlarıdır və pul qazanmalıdırlar”. MTRŞ-nin səlahiyyətlərinin artırılmasına imkan verəcək sənəd dövlət başçısı tərəfindən imzalanandan sonra qüvvəyə minəcək. Artıq 12-ci ildir fəaliyyətini davam etdirən qurumun yeni əldə edəcəyi səlahiyyətlərlə cəmiyyətdə heç də hər zaman birmənalı qarşılanmayan televiziya verilişlərindəki bayağılıqlara biganə qalmayacağına ümid edirik. Orxan











































