Azərbaycanda tıxaclara görə iş saatları azaldılır? - Deputatdan açıqlama

Azərbaycanda tıxaclara görə iş saatları azaldılır? - Deputatdan açıqlama
SOSİAL
22:39 22.09.2026
92
8 saatlıq iş rejiminin müasir dövrün tələblərinə uyğunluğu, xüsusilə böyük şəhərlərdə artan tıxaclar fonunda yenidən müzakirə olunur. İşçilərin gün ərzində yolda keçirdiyi vaxtın artması iş və şəxsi həyata ayrılan zamanı da azaldır. Bu baxımdan Azərbaycanda iş saatlarının azaldılması və ya iş qrafiklərinin daha çevik təşkil edilməsi mümkün olub-olmaması məsələsi gündəmə gəlir.

Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, inkişaf etmiş ölkələrdə iş rejimi hibridləşdirilir, yəni çevik iş rejimindən istifadə olunur.

Onun sözlərinə görə, bu, həftənin bəzi günlərinin ofisdə, bəzi günlərinin isə evdə işləməyi nəzərdə tutur:

"Məşhur Azərbaycan strategiyasında da çevik iş rejiminin tətbiq edilməsi nəzərdə tutulub. Eyni zamanda, Əmək Məcəlləsində məsafədən işin tətbiqi də öz əksini tapıb və bununla bağlı dəyişikliklər artıq qəbul edilib. Bu baxımdan, Azərbaycanda da hibrid iş rejiminin daha çox tətbiq olunması nəticə etibarilə fərqli iş rejimlərinin tətbiqinə imkan verəcək. Bu, xüsusən də vətəndaşlarımızın bir qisminin ofisdə deyil, evlərində işləməsinə, yəni evdən işləməsinə imkan yaradacaq".

Deputat əlavə edib ki, bu, həm bir neçə işdə çalışmaq baxımından vacibdir, həm də vətəndaşlarımızın, xüsusən də ixtisaslı kadrların daha çox gəlir əldə etməsinə imkan yarada bilər:

"Çünki bu halda onlar bir neçə iş yeri ilə əməkdaşlıq etməklə daha çox gəlir əldə etmək imkanına malik ola bilərlər. O baxımdan, artıq iş saatlarının deyil, iş formasının dəyişdirilməsi tətbiq olunur və inkişaf etmiş ölkələrdə bu praktikadan geniş istifadə edilir. Azərbaycan da artıq mərhələli şəkildə hibrid iş rejiminə keçidi reallaşdırır".
OXŞAR XƏBƏRLƏR