Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama

Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
SOSİAL
14:55 03.03.2026
258
Milli Məclis "Uşaq hüquqları haqqında” yeni qanun layihəsini müzakirəyə çıxarıb. Layihəyə əsasən, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir, dini tərbiyənin isə onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməsi tələb olunur.
 
Sənədə görə, yalnız qanunla müəyyən edilən hallarda ictimai təhlükəsizlik, ictimai qayda, sağlamlıq, mənəviyyat və digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə uşağın dini etiqad azadlığına məhdudiyyət qoyula bilər.

İlahiyyatçı Ağa Hacıbəyli AZXEBER.COM-a açıqlamasında deyib ki, qanunun qəbul olunması da müsbət haldır:

"İslam dinində istər böyüyə, istərsə də kiçiyə qarşı məcburiyyət yoxdur. Qanunun qəbul olunması da müsbət haldır. İslam dini qəbul edildikdən sonra insan müəyyən prinsipləri mənimsəyir və bu çərçivə daxilində onun həyatını nurlandıran bir dəyərlər sistemi formalaşır. Hər hansı bir şəxs İslamı qəbul etdikdən sonra namaz, oruc, zəkat və digər ibadət və mənəvi dəyərlərlə tanış olur. Bu əməlləri yerinə yetirir, haramdan uzaq durmağa çalışır. İslam dini heç kəsi zorla müsəlman olmağa məcbur etmir”.
 
 
İlahiyyatçı bildirib ki, din zorakılığı hər bir halda rədd edir:

"İslam etiqadına görə, uşaqlar fitrət üzərində, yəni saf və təmiz yaradılışla dünyaya gəlirlər. Doğulan uşağın bir qulağına azan, digər qulağına isə iqamə oxunur. Uşaqlar həyatımızın fidanları, üzümüzü güldürən və Allahın bizə əmanət etdiyi varlıqlardır. Quranda buyurulur: "Özünüzü və ailənizi cəhənnəm odundan qoruyun.” Bu baxımdan hər bir valideyn övladına mənəvi dəyərləri aşılamağa məsuliyyət daşıyır. Hansı valideyn övladının zərər görməsini istəyər? İslam dininin insana münasibəti mərhəmət və ədalət prinsiplərinə əsaslanır və zorakılığı rədd edir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR