Azərbaycanda xanım aparıcıya qarşı ‘facebook’da təxribat - BƏYANAT

Azərbaycanda xanım aparıcıya qarşı ‘facebook’da təxribat - BƏYANAT
MEDİA
14:50 12.11.2013
4180

“Açıq aydın görünür ki, bu mənə qarşı olan bir kampaniyadır”.

Bu sözləri AZXEBER.COM-a göndərdiyi bəyanatda, “Space” televiziyasının “Hər gün” informasiya proqramının aparıcısı Zamirə Dadaşova söyləyib. 

Xanım aparıcı, son bir neçə gün ərzində “facebook” sosial şəbəkəsində onun adına saxta profil açıldığını və orada ona aid olmayan fikirlər yazıldığını deyib:

“Son zamanlar mətbuatda və Televiziyada mənim səhiyyə ilə bağlı açıqlamalarım deyəsən kimlərisə qıcıqlandırır. Bu cür fikirləşməyə düşünürəm ki, haqqım və əsasım var. Çünki 3 -4 ildir sosial şəbəkələrdə olsamda heç vaxt problemlərlə üzləşməmişəm. Bu gün isə mənim adımdan saxta profil açılıb və dövlətə, mənim şəxsi həyatıma qarşı qərəzli fikirlər yazılır. Mən dəfələrlə çıxışlarımda bütünlüklə səhiyyəmizə qarşı olmadığımı bildirmişəm və bu dövlətin xalq üçün etdiklərini dana bilmərəm.

Demişəm və bu gün də deyirəm ki, səhiyyəmizdə baş verən xoşagəlməz hadisələr daha dəqiq desək ana və uşaq ölümləri bir iki nəfərin səhvi ucbatından baş verir və bunu bütün səhiyyəmizə şamil etmək olmaz. Lakin səhiyyə nazirliyi özü maraqlı olmalıdır ki, belə həkimlər səhiyyədən uzaqlaşdırılsın, cəza alsınlar və nəticədə səhiyyəmizin adı təmizə çıxsın.

Bundan başqa bu profildə mənim və yoldaşımın adından nəinki dövlətə qarşı hətta çalışdığım şirkətin rəhbərliyinin gözündən salmaq üçün bizə aidiyyatı olmayan məsələlərə də münasibət bildirilir. Və bu məni narahat edir. Açıq aydın görünür ki, bu mənə qarşı olan bir kampaniyadır. Çünki nə mən nə də yoldaşımın facebook hesabından o adamın profilinə daxil ola bilmirik. Aidiyyatı orqanlardan bu məsələdə mənə yardımçı olmalarını xahiş edirəm. Və həmin adamın dostluğunda olan insanlara bildirirəm ki, orada yazılan heç bir fikir mənə aid deyil.

Nədənsə ana və uşaq ölümü problemini gündəmə gətirdikdən sonra mən bəzi həkimlərin gözündə dövlətə qarşı çıxmış bir insan kimi görünürəm. Halbuki 18 ilimi bu dövlətə və dövlətçiliyə xidmət etməklə yaşamışam. Və bundan sonra da bu əqidəni davam etdirəcəyəm. Son olaraq onu bildirirəm ki, bu məsələdə sona kimi varam və düşünürəm ki, sevdiyim və xidmət etdiyim bu dövlətdə mənim arxamda olacaq.

Xatırladaq ki, Zamirə Dadaşova bundan öncə dünyaya gətirməyə hazırlaşdığı övladının həkimlərin səhlənkarlığı ucbatından öldüyünü açıqlamışdı.

OXŞAR XƏBƏRLƏR