Azərbaycanda yas mərasimləri – kondisionerli, biotualetli çadırlar (ARAŞDIRMA)

Azərbaycanda yas mərasimləri –  kondisionerli, biotualetli çadırlar (ARAŞDIRMA)
Bütün Xəbərlər
11:39 16.12.2013
5733

İnsanın dünyaya gəlişi onların yaxınları üçün nə qədər sevindiricidirsə, dünyadan köçməsi ondan da artıq kədərli və ağır olur. Üstəlik bu ağır hadisəni cəmiyyətimizdə formalaşmış dəbə uyğun təmtəraqla yola vermək məcburiyyətini də nəzərə alsaq, onda ölüm imkansız ailə üçün müflisedici olur. Necə deyərlər, ölən öldü vay qalanın halına.

AZXEBER.COM portalı olaraq bu dəfə məhz elə bu mövzuya işıq tutmağa çalışaraq, hazırda çadır qiymətləri və İslam dinində yas çadırlarına olan münasibətlə bağlı araşdırma apardıq.

Kondisionerli, biotualetli çadırlar və “əl yandıran” qiymətlər...

Mərhumun rəhmətə getməsindən bir neçə saat keçəndən sonra mərhumun yaxınları qollarını çırmalayıb məclis hazırlıqlarına başlayırlar. İlkin hazırlıq isə, məclisin əsas keçəcəyi məkan – yas çadırının tapılmasıdır.

Paytaxt Bakının məhəllələrində mərasim zallarının barmaqla sayılacaq qədər az olması problemi, yeni hüzürü düşmüş insanların mütləq əksəriyyətinin məhz bu cür çadırlar sifariş verməsinə ehtiyyac yaradır.

Çadırlar isə, rənglərinə, konfortuna və xidmət növlərinə görə fərqləndiyi kimi onların qiymətləri arasında da fərqlər nəzərə çarpacaq dərəcədə böyükdür.

Maya dəyəri 25-30 min manatdan başlayan və əsasən Çin istehsalı olan çadırlar arasında VİP xidmət təklif edən özəl şirkətlər də var ki, bu da mərhumun yaxınlarının imkanından asılıdır.

VİP çadır sifariş vermək istəyənlər bir gün üçün 4-5 min manatı gözdən çıxartmalı olurlar. Hava şəraitindən asılı olmayaraq, belə çadırların içərisində rahat şərait yaradılıb, ən azı, 8-9 ədəd kondisioner qoyulur. Vip-çadırların zahiri və daxili görünüşü – döşəmə və tavan örtüyü, pərdələr, stol və stullar müasir dizayna uyğundur. Xidmət personalı uniformada olur. Vip-çadrılarda qadınlar və kişilər üçün xüsusi biotualetlər də var.

Dəqiq rəqəmlər bilinməsə də, bu çadırlardan Bakıda az sayda olduğu və daha imkanlı insanların mərasimləri zamanı istifadə edildiyi söylənilir.

Azərbaycanda orta təbəqə üçün nəzərdə tutulan ekonom-klass çadırların gündəlik icarə haqqı isə,500-1000 (24 saat) manatdır. Daha kasıb təbəqə üçün 200-300 manatlıq (24 saat) çadırlar da var.

Araşdırma aparkən benzinin qiymətinin qalxmasının da çadırlara özünəməxsus təsir göstərdiyinin şahidi olduq.

Məsələn, artıq ekonom-klass çadırların gündəlik icarə haqqı 500-1000 manatdan 700-1400 manat arası dəyişir. Eyni zamanda kasıb təbəqə üçün 200-300 manatlıq çadırlar isə, 300- 500 manat arası dəyişir ki bu da benzinin qiymətinin artımı ilə əlaqələndirilir.

Çadır sahibləri benzinin qiymətinin artması ilə çadırda işləyən aşbazların, ofisantların, sürücünün və çadırın digər işçilərinin də gündəlik əməkhaqlarının artırıldığını söyləyirlər.

Mahmud Əyyubov adlı sahibkar AZXEBER.COM-a bunun səbəbini belə izah edib:

“Sonuncu qiymət artımı bizim üçün də öz təsiri göstərib. Əvvəllər qabyuyana, çayçıya, aşbaza, ofisantlara və digər günəmuzdu işçilərə 10 – 50 manat arası pul verirdiksə, arıq bir neçə gündür ki, məcbur olub onların da pullarını qaldırmışıq. Təbii ki, burada əsas güc hüzür sahibinin üstünə düşür. Amma bizi də başa düşmək lazımdır”.

Molla gəlmişkən, ölən ölsün...

Mərasim zamanı mərhumun yaxınlarının ən çox önəm verdiyi məsələlərdən biri də, məclisi aparacaq mollanın kimliyidir. Bəziləri üçün bu elə də bir önəm daşımasa da, mütləq əksəriyyət məclisin əsas aparıcısı rolunda çıxış edən mollanın savadına, biliyinə və daha çox tanınmış olmasına önəm verir.

Təbii ki, bu da mollaların məclisdə bir neçə saatlıq iştirakı zamanı müxtəlif qiymətlərin ortaya çıxmasına səbəb olur.

Məsələn, mollalar məclislərə bir neçə saata daha çox 70-100 manat arası gedirlər. Mollanın savadına və tanınmasına görə qiymət 100-200 manat arası dəyişir.

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan dini ekspert Elşad Miri, İslamda molla peşəsinin olmadığını və bu uydurma addan istifadə edib insanları aldadan işbazların çox böyük günaha batdıqlarını deyib:

“İslam dinində mollalıq peşəsi yoxdur. Qurani-Kərimi bu işlə alət edib, məclisdə pul qarşılığında dualar oxuyan insanlar çox böyük günaha batırlar. Ümumiyyətlə İslamda yas mərasimlərinin qurulması anlayışı da yoxdur. Mərhumun yaxınları onun üçün ehsan verə bilərlər, ancaq ona yas mərasimi qura bilməzlər. Çox qəribədir başqa vaxt aldanmağı sevməyən insanlar özləri ciblərindən bu işbazlara pul da verirlər ki, gəlin bizi aldadın. İslam dinində bir insan vəfat edən zaman 4 vacib iş görülməlidir - mərhumun yuyulması, kəfənlənməsi, onun üçün cənazə namazının qılınması və sonda dəfn olunması. Bununla da mərhumun yaxınlarının işi bitir. İslamda buyrulmur ki, sən get ən bahalı yas çadırı sifariş et və ən bahalı mollanı məclisə çağır. Bu çox böyük günahdır”.

Banan, mandarin, ananas hətta toyuq və balıq ləvəngisi...

Ölkəmizdə toy məclisləri ilə yanaşı yas məclisləri də mərhumun ailəsi üçün əksər hallarda qohum-əqrəbaya imkanların sərhədsiz olduğunu nümayiş etdirmək üçün əsl arenaya çevrilir. Nə qədər dəhşətli olsa da, bu acınacaqlı bir faktdır.

İllərdi Azərbaycan mətbuatında və ictimaiyyətində tənqid olunan mövzulardan biri də məhz yas mərasimlərinin keçirilməsi zamanı israfçılığa yol verilməsi ilə bağlı mövzudur. Lakin bu barədə nə qədər çox yazılırsa, nə qədər çox deyilirsə, ehsan süfrələri bir o qədər zəngin olur.

Yas mərasimləri zamanı mərhumun yaxınları süfrənin üzərində olan təamların hazırlanması ilə birbaşa məşğul olurlar. Və təbii ki, mərhumun ailəsi istədiyi formada süfrəyə yeməklər və meyvələr düzür.

Hüzür sahibi mərasimə gələnlər üçün əvvəlcə çay süfrəsi, çay süfrəsinə isə çayla yanaşı, ləbləbi, marmelad və qənd təqdim edir. Yemək süfrəsində isə əsasən üstü qaralı plov (aş), göyərtilər, meyvələr (əsasən alma və armud) daxildir.

Ancaq eynilə şadlıq saraylarında olduğu kimi, bahalı menyu hazırladanlar da olur.

Məsələn, yas mərasimlərində toyuq və ya balıq ləvəngisi sifariş edənlərə də rast gəlinir. Belə olan halda bir nəfərlik stul üçün 20 manat və daha çox xərcə düşənlər də olur.

Meyvələrdən isə, daha çox mövsüm meyvələri, bir çox hallarda isə banan və ananas kimi ekzotik meyvələr süfrəyə qoyulur.

“Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli indiki yas mərasimləri İslam dininin tələblərinə uyğun şəkildə təşkil olunmadığını deyir:

“Yas məclislərində israfçılığa yel verilir və bu, dinimizin ehsan haqqında olan hədisləri ilə tam ziddiyyət təşkil edir. İslam dininin dünyadan köçmüş insan barədə göstərişləri yalnız insanın kəfənlənib dəfn olunması ilə məhdudlaşır. Yəni, dünyadan keçən insanı yuyub, kəfənləyib dəfn etmək lazımdır. Ondan sonra isə mərhumun ailəsinin boynunda heç bir vacib əməl yoxdur. Bizdə isə sanki vacib əməl kimi 40 gün ərzində mərhum üçün yas mərasimi təşkil olunur, ehsan verilir, o cümlədən cümə axşamları keçirilir. Lakin bu, dinimizə əsasən qəbul olunan əməl deyil. Təbii ki, hər bir şəxsin dünyadan köçən yaxını üçün ehsan vermək haqqı var. Amma bu, icbari xarakter daşımamalı, məcburi olmamalıdır. İlin istənilən vaxtında, xüsusən də ehtiyacı olan, fəqir insanlara ehsan verilə bilər. Ancaq bizdə təşkil olunan indiki yas mərasimləri dinimizə həm məntiqə, həm də dinimizin göstərişlərinə ziddir”.

Bir sözlə, yasımızı yas kimi, toyumuzu da toy kimi yaşamağı bacarmalıyıq. Hər ikisində israfçılığa yol vermək və dinin tələblərini pozmaq nə gedəni geri qaytaracaq, nə dəki insana yazılan günahları azaldacaq.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR