«Nə? Harada? Nə zaman?» Klubları Beynəlxalq Assosiasiyasının üzvləri olan Azərbaycan klubları - “Atəşgah” İntellektual Oyunlar Klubu, “Turan” İntellektual Oyunlar Klubu və “Xəzər” İntellektual Gənclər Klubu Azərbaycan İntellektual Oyunlar Federasiyasını (AİOF) yaratmaq barədə qərar qəbul ediblər. AZXEBER.COM-un məlumatına görə, AİOF-nın yaradılmasında əsas məqsəd intellektual oyunlar hərəkatına dəstək vermək və onu tənzimləməkdir. Federasiyanın təsis edilməsi yerli yarışlar təqviminin tərtib edilməsini, Azərbaycan komandalarının beynəlxalq arenada keçirilən yarışlarda daha fəal iştirakını, müxtəlif şəhər və rayonlarda yaradılacaq klubların inkişafını təmin etməkdir. AİOF-dan verilən məlumata görə, təşkilat qısa vaxt ərzində bir çox tədbirlərin həyata keçirilməsini planlaşdırır. Bunlar arasında Azərbaycan kuboku uğrunda oyunlar, iyul ayında Batumidə təşkil olunacaq Qara dəniz kuboku və digər beynəlxalq yarışlarda iştirak və s. mühüm tədbirlər var. Qeyd edək ki, 1989-cu ildə yaradılan “Atəşgah İntellektual Oyunlar Klubu” həmin ildə Mariupolda keçirilmiş beynəlxalq konqresdə “Nə? Harada? Nə zaman?” Klublarının Beynəlxalq Assosiasiyasını təsisçilərindən biridir. Klub, müxtəlif illərdə "İlin ən yaxşı klubu" nominasiyasında və təşkilatçılarından biri olduğu "Millətlər Kuboku"nun "İlin ən yaxşı turniri" nominasiyasında "Nə? Harada? Nə zaman?" Klublarının Beynəlxalq Assosiasiyasının "Büllur bayquş" mükafatına layiq görülüb.«Nə? Harada? Nə zaman?» Klubları Beynəlxalq Assosiasiyasına üzv olan “Turan” İntellektual Oyunlar Klubu 2004-cü ildə təsis edilib. Hazırda klubda 25 komanda iştirak edir. Klubda oyunlar şənbə və bazar günləri təşkil olunur. Klub mütəmadi olaraq müxtəlif yarışlar təşkil edir. «Nə? Harada? Nə zaman?» Klublarının Beynəlxalq Assosiasiyasının üzv olan “Xəzər” İntellektual Gənclər Klubu 2001-ci ildə yaradılıb. Klubun yaradılmasının və fəaliyyətinin əsas məqsədi ölkədə Azərbaycan dilində intellektual oyunlar hərəkatının inkişafını təmin etməkdir. “Xəzər” İntellektual Gənclər Klubu hal-hazırda BDU, AzTU, ADU, İdarəçilik Akademiyası, Yakın Doğu Universiteti (ŞKR) və BSU-da fəaliyyət göstərir. Oyunlar hər şənbə və bazar günləri təşkil olunur.