Azərbaycanda yumurta ixracı yenidən başladı - İqtisadiyyata necə təsir edəcək?

Azərbaycanda yumurta ixracı yenidən başladı - İqtisadiyyata necə təsir edəcək?
İQTİSADİYYAT
17:04 27.04.2026
267
Bu ilin əvvəlindən dayandırılan yumurta ixracı aprelin 10-dan yenidən başlayıb. Bu barədə "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın sədri Mürvət Həsənli məlumat verib.

Onun sözlərinə görə, hazırda ehtiyat kifayət qədərdir və istehsal sabit davam edir. İxrac əsasən BƏƏ, İraq və Səudiyyə Ərəbistanına həyata keçirilir, bəzi hallarda Əfqanıstana da göndərilir. Gələcəkdə ABŞ və digər ölkələrə ixrac planlaşdırılır.

İqtisadçı Asif İbrahimov AZXEBER.COM-a açıqlamasında bildirib ki, yumurta ixracının yenidən bərpası müsbət addımdır:

"Azərbaycanda bu ilin əvvəlindən müvəqqəti dayandırılmış yumurta ixracının aprelin 10-dan etibarən yenidən bərpa olunması aqrar sektor və ərzaq bazarı baxımından mühüm qərar kimi qiymətləndirərdim. Bu addım ilk növbədə daxili bazarda formalaşmış istehsal artıqlığının tənzimlənməsinə xidmət edir. Son dövrlərdə quşçuluq sektorunda istehsalın artması fonunda ixracın açılması artıq məhsulun xarici bazarlara yönləndirilməsinə imkan yaradır və bu da daxili qiymətlərin kəskin dalğalanmasının qarşısını almağa kömək edir”.

İqtisadçı deyib ki, yumurta ixracının bərpası yerli istehsalçıların maliyyə dayanıqlığını gücləndirir:

"Yumurta ixracının bərpası yerli istehsalçıların maliyyə dayanıqlığını gücləndirir. Xarici bazarlara çıxış fermerlər və quşçuluq təsərrüfatları üçün əlavə gəlir mənbəyi yaradır, investisiya imkanlarını genişləndirir və sahədə rəqabət qabiliyyətini artırır. Ən mühüm məsələ isə ixracın ölkəyə valyuta axınını təmin etməsidir. Aqrar məhsulların ixracı qeyri-neft sektorunun inkişafı baxımından strateji əhəmiyyət daşıyır və iqtisadiyyatın şaxələndirilməsinə töhfə verir”.

O qeyd edib ki, ixrac siyasəti həyata keçirilərkən daxili bazarın təminatı prioritet olaraq qalmalıdır:

"İxrac siyasəti həyata keçirilərkən daxili bazarın təminatı prioritet olaraq qalmalıdır. Əgər ixrac həcmləri düzgün tənzimlənməzsə, bu, daxili bazarda qiymət artımına səbəb ola bilər. Bu baxımdan balanslaşdırılmış və çevik tənzimləmə mexanizmlərinin tətbiqi çox vacibdir. Qısaca desəm, yumurta ixracının bərpası düzgün idarə olunduğu təqdirdə həm istehsalçıların maraqlarına, həm də ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcək mühüm addım hesab edirəm”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR