Azərbaycanda zob xəstəliyi niyə artır? – Professor səbəbləri açıqladı

Azərbaycanda zob xəstəliyi niyə artır? – Professor səbəbləri açıqladı
SOSİAL
14:13 29.09.2026
174

Son dövrlər Azərbaycanda qalxanabənzər vəzi ilə bağlı xəstəliklərin, xüsusilə zob probleminin müxtəlif yaş qruplarında müşahidə olunması diqqət çəkir. 

Mütəxəssislər bildirirlər ki, bu xəstəliklərin yaranmasına yod çatışmazlığı, qidalanma, stress, ətraf mühit və digər amillər təsir göstərə bilər. Əvvəllər əsasən yod çatışmazlığı ilə bağlı endemik zob daha çox yayılsa da, hazırda qalxanabənzər vəzinin müxtəlif xəstəliklərinə rast gəlinir. 

Bəs son illərdə zob və digər qalxanabənzər vəzi xəstəliklərinin artmasına hansı amillər təsir edir?

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, hazırda qalxanabənzər vəzi xəstəlikləri arasında müxtəlif funksional və struktur dəyişikliklərə daha çox rast gəlinir:

"Sovet dövründə ən çox rast gəlinən xəstəliklərdən biri endemik zob idi. Endemik zob Azərbaycanın müəyyən rayonlarında, xüsusilə Qafqazın bəzi ərazilərində içməli suyun və torpağın mineral tərkibindəki çatışmazlıqlarla, əsasən də yod çatışmazlığı ilə əlaqədar yaranırdı. Sonradan yodlaşdırılmış duzdan istifadə və həyata keçirilən digər profilaktik proqramlar bu problemin qarşısının alınmasına imkan verdi. Lakin hazırda da sporadik şəkildə, xüsusilə yod çatışmazlığı ilə əlaqədar zob hallarına rast gəlinir. Hazırda isə daha çox rast gəlinən qalxanabənzər vəzi xəstəlikləri müxtəlif səbəblərdən yaranan funksional və struktur dəyişikliklərdir. Məsələn, qalxanabənzər vəzinin autoimmun xəstəliklərindən biri Haşimoto tireoiditidir. Digər xəstəlik isə tireotoksikozla müşayiət olunan Qreyvs xəstəliyidir”.


Professor qeyd edib ki, qalxanabənzər vəzi xəstəlikləri müxtəlif əlamətlərlə özünü göstərə bilər:

"Qreyvs xəstəliyi zamanı qalxanabənzər vəzin hazırladığı hormonların miqdarı artır. Bu da orqanizmdə maddələr mübadiləsinin sürətlənməsinə, ürəkdöyünmənin artmasına, arıqlamaya, gözlərin qabağa çıxmasına və digər əlamətlərə səbəb ola bilər. Qalxanabənzər vəzi xəstəliklərinin artmasında müxtəlif amillərin rolu ola bilər. Təəssüflər olsun ki, qalxanabənzər vəzi çox həssas orqandır. Qısa müddət ərzində orqanizmdəki qanın böyük hissəsi bu vəzdən keçir. Ona görə də stress, qidalanma tərzi və digər amillər qalxanabənzər vəzinin funksiyasına təsir göstərə bilər. Eyni zamanda, qalxanabənzər vəzinin xəstəlikləri arasında bədxassəli şişlərə, yəni xərçəngə də rast gəlinir”.

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR