Azərbaycanı hədəf alan çağırışların arxasında nə dayanır? - VİDEO

Azərbaycanı hədəf alan çağırışların arxasında nə dayanır? - VİDEO
SİYASƏT
01:54 18.08.2026
141
Azərbaycan Respublikasının Baş Prokurorluğunda konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışlarla bağlı başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

İstintaq zamanı Rusiya Federasiyasının vətəndaşları - "Moskva 24" telekanalının aparıcısı və jurnalist İvan Knyazev, Rusiyada siyasi məsləhətçi və media eksperti kimi fəaliyyət göstərən Semyon Uralov, həmçinin televiziya jurnalisti, müxbir və Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev barəsində əsaslı şübhələr müəyyən edilib.

Müəyyən olunub ki, həmin şəxslər 14 iyul 2026-cı il tarixində "YouTube" platformasında "Семён Уралов" adlı kanalda yayımlanan "Чистота понимания" verilişində Azərbaycan Respublikasına qarşı zorakı üsulların tətbiqinə, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş çağırışlar səsləndiriblər.

Videomaterialda bildirilib ki, siyasi mövqe ifadə etmək, hakimiyyəti tənqid etmək və dövlət siyasəti ilə razılaşmamaq demokratik cəmiyyətdə normal siyasi prosesin tərkib hissəsidir. Lakin zorakılığa, konstitusiya quruluşunun dəyişdirilməsinə, ərazi bütövlüyünün pozulmasına və konkret şəxslərin fiziki məhvinə çağırışlar artıq siyasi polemika çərçivəsindən kənara çıxır.

Süjetdə qeyd olunur ki, məsələ Azərbaycanın son illərdə həyata keçirdiyi müstəqil xarici siyasət fonunda da diqqət çəkir. Azərbaycan beynəlxalq məsələlərdə dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipini müdafiə edir.

Süjetdə həmçinin müasir informasiya mühitində sosial şəbəkələrin siyasi çağırışların geniş auditoriyaya çatdırılmasında mühüm rol oynadığı vurğulanır. Bununla yanaşı, bu imkanların məsuliyyət də tələb etdiyi qeyd olunur.

Hazırda konkret şəxslərin hansı məqsədlə və hansı siyasi motivlərlə bu fikirləri səsləndirdiyinin istintaq çərçivəsində müəyyənləşdirilməsi gözlənilir.

Cinayət işi üzrə ibtidai istintaq davam edir. Şəxslərin əməllərinə yekun hüquqi qiymət istintaqın nəticələrinə və məhkəmənin qərarına əsasən veriləcək.

OXŞAR XƏBƏRLƏR