Parisdə səfərdə olan Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan-Fransa dostluq qrupunun sədri Mehriban Əliyeva bu gün Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb. Görüşdə Fransa Senatı ilə Azərbaycan arasında əməkdaşlığın davam etdiyi xüsusi vurğulanıb. Mehriban Əliyeva Fransaya səfərindən və Senatın sədri ilə görüşdən məmnunluğunu bildirərək qeyd edib ki, Azərbaycan-Fransa dostluq qrupunun sədri kimi ölkələrimiz arasında əməkdaşlığın və parlamentlərarası əlaqələrin genişləndirilməsi üçün səylərini davam etdirir. Bu baxımdan Fransada Azərbaycan ilə bağlı təşkil edilən mədəni tədbirlər, konsertlər, konfranslar, sərgilər ikitərəfli münasibətlərin gücləndirilməsində mühüm rol oynayır. Ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindən danışan Mehriban Əliyeva qeyd edib ki, Fransa Senatı əvvəllər də bu məsələdə mühüm rol oynayıb və gələcəkdə bu rolun əhəmiyyəti böyükdür. Azərbaycanın birinci xanımı Fransa Senatının sədrini ölkəmizə rəsmi səfərə dəvət edib. Görüşdə Fransa Senatının Qafqaz dostluq qrupunun sədri Ambruaz Düpon və ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov iştirak edib.