Ötən əsrin 90-cı illərində ölkənin siyasi xaos mühitində ona bağlı avantüristlər yetişirdi və bu da başadüşülən idi.
AZXEBER.COM xəbər verir ki, bunu millət vəkili Zahid Oruc dilə gətirib.
“O dövrlərdə, yəni, hərbi şəraitdə-müharibə dövründə də eyni durum hökm sürürdü, o sahədə də Azərbaycan əleyhinə fəaliyyət göstərən xeyli qüvvələr mövcud idi ki, artıq bunlara da qiymət verilib, bunların üstündə indi çox dayanmaq istəmirəm.
Lakin eyni dərəcədə ictimai həyatda, təhsil sektorunda da xeyli işbazlar, dəllallar mövcud idi”- deyən millət vəkilinin sözlərinə görə, onların ən aparıcı nümayəndələrindən biri isə Elşad Abdullayev sayıla bilər:
“Nə qədər ki, qeyd etdiyimiz hərbi separatçılara və yaxud, Azərbaycan əleyhinə işləyənlərə qiymət vermək mümkün oldu, nə qədər ki, siyasi səriştəsizləri cəzalandırmaq sonradan reallaşdı, amma təəssüflər olsun ki, təhsil sektorunda olanlar müxtəlif kanallara, vasitələrə əl ataraq, hansısa bir örtük əldə edərək, xeyli müddət Azərbaycan cəmiyyətinin bətnində yaşaya bildilər.
Amma, dediyimiz kimi, bu yad cismilərdən vaxtında kənarlaşmalıydı. Elşad Abdullayev bir ünsür kimi 2010-cu ilə doğru, necə deyərlər, öz aqibətinin sonluğuna gəlib çatıb. Əslində mənim anlamımda Beynəlxalq Universitet adlı abriviatura- ABU təhsil vəbası və taunu olub. İddia etmirəm ki, Azərbaycanın təhsil sektorundakı bəlası, problemləri yalnız bu idi...Amma bu, onlardan “önəmli”lərdəndir”.
Millət vəkili qeyd edib ki, minlərlə tələbənin aldadılaraq ABU-ya “qəbul edilməsi”, sonradan həmin binanın koridorlarında açıq şəkildə korrupsiya, rüşvətin bazarının yaradılması və insanlıq adına bütün təhqiramiz başa verə biləcək hərəkətlərin hamısının menyüsünü müəyyənləşdirmək yalnız E. Abdullayevin ağlına gələ bilərdi.
Z.Oruc eyni zamanda zənn edir ki, ABU-nun bağlanmasından sonra cəmiyyətə daşıb axan çirkab hələ uzun müddət bu milləti və dövləti təmizlənməyə vadar edəcək:
“Çünki 5200-dən artıq tələbə bu gün diplomsuz qalıb. Bu insanların yüzlərlə- yazılı və şifahi şəkildə parlamentə də müraciətləri olub. Onlarla dəfələrlə görüşmüşəm və o insanların üzünə baxmaq mümkün deyil. Bəli, onlar özlərini bir məsələdə günahkar sayırlar, yəni, hansısa bir qanunsuzluqda iştirak ediblər.
Lakin onlar eyni zamanda qeyd edirlər ki, sonuc olaraq bu məsələ ilə bağlı dövlətin ata biləcəyi fərqli addımlar var və ən azı onları gözləyirlər. Yəni, dörd ilin sonunda ortalama olaraq hər bir tələbənin çəkdiyi xərc, qəbuldan sonluğadək - diplom imtahanında 2000-3000 manat rüşvətə qədər - 15 min manatdan artıq pul edir.
Bu isə 5000-dən artıq tələbəyə vurulanda milyonlarla manat vəsait edir. Belə düşünürəm ki, bu, kasıb insanların, yazıq adamların, əlinin qabarı ilə öz övladı üçün gələcək düzəltməyə çalışan şəxslərin, valideynlərin qazancı idi ki, onu Elşad adlı birisi mənimsəməyə çalışırdı. El dilində buna qan- irin deyirlər. O qan-irin də onu tutmalıydı və elə zənn edirəm ki, onu tutub da.
Əslində onun mediada dərc olunan böyük miqdarda, yəni, bahalı mülklərinin, malikanələrinin, əmlakının mayasında həmin o haram pullar, haram şəkildə əldə etdiyi vəsaitlər dayandığından o taxt-tac aşmalı, dağılmalıydı. Əlbəttə, düşünürəm ki, onun sonradan xaricə qaçması və oradan Azərbaycanın bəyanatlar yağdırması, həm də kinorejissorluqda bulunaraq antidövlət, necə deyərlər, informasiya roliklərini meydana çıxarması tamam başqa bir söhbətin mövzusudur.
Lakin mən prezident seçkilərindən namizəd olarkən o tribunadan baş prokurora səsləndim ki, həmin şəxsin gətirilməsinə əgər xarici dairələr əl qoyubsa, ekstradisiya məhz bu səbəbdən alınmırsa, onun ayağına az qala bir UPS qurğusu bağlayaraq, hər yerdə, hansı nöqtədə olduğunu, hansı koordinat sistemində yerləşdiyini bilən dairələr varsa, ölkədəki UPS-siz belə, bunun mülki əmlakı, ünvanları bəllidir”.
Z.Orucun qeyd etdiyinə görə, bu baxımdan, qiyabi qərarlar, hökmlər çıxarılaraq, onun mülkləri müsadirə edilməli və onlar hərrac qaydasında satılıb, aldadılan tələbələrin, deməli, tələbələrə dəymiş ziyan kompensasiya qaydasında ödənməlidir:
“Məhz bu məsələni qaldırdığımdan o, özünün ağrılı yeri və nöqtəsi kimi mediada mənim ünvanıma bir neçə söz söyləyib, qarşılıq olaraq özümə haqq qazandırmaq üçün deyil, birmənalı olaraq hər kəsə aydınlıq olsun deyə söyləyirəm ki, ehtiyatda olan zabit kimi bu dövr ərzində millətimə, dövlətimə ləyaqətlə xidmət etmişəm. Təmsil etdiyim bölgədən tutmuş bizi tanıyanlara qədər hər bir insanın ağrısına-acısına bacardığım qədər qatlaşmağa çalışmışam.
Azərbaycanın ən böyük fərarisi isə ölkədən qaçmış məhz Elşad Abdullayevin özüdür. Və o özünə ictimai status adını axtarırsa, həmin o, vaxtilə saxta geydiyi hüquqşünas mundirini çıxarıb, beynəlxalq dələduz libasını geyməlidir. Zatən mənəviyyat libası elədir, zahirinə də onu uyğunlaşdırmalıdır.
Son olaraq düşünürəm ki, bilirsiniz, dəniz ovlarında sadə bir qayda var. Hamı tilova xüsusi yem daxil edir ki, kimlərisə ora salsın. Bu gün qardaşı Mahir Abdullayevin haqqı uğrunda savaşdığını iddia edən o şəxs minlərlə tələbənin, onların ahının kənarında fəaliyyət apardığı zamanda birmənalı onu sübuta yetirir ki, Mahir Abdullayev həmin tilovdakı yemdir.
O şəxslərin üzərinə bu gün kasetlərlə gedilir ki, baxın, sizi ifşa edərik və indi bu şantajlar onun növbəti qazanclarının, hansısa zaman itkilərinin yerinin ört-basdır edilməsinə yönəlir. Bu mənada yaxşı olardı ki, zamanında hər kəs öz qiymətini versin, yəni, guya qardaş davası adı altında əsl həqiqətdə nələr baş verdiyini görsün və dəyərləndirsin.
Ona görə bu gün Elşad Abdullayevin kimlərisə qiymətləndirməyə nə üzü, nə həyası var. Biz də el sözü ilə deyirlər ki, ayıbına kor ol...Başqalarının, yəni, prezident seçkilərində fəaliyyətini təhlil etməliykən özünün hansı adla, hansı ağılla, təfəkkürlə, dələduzluq yolu ilə hansısa bir hakimiyyət mövqeyini qazanmasına da baxsa, daha ikiqat kor olmağa, necə deyərlər, məcbur olmalıdır”.