Azərbaycanın ən böyük vulkanlarından biri püskürüb
Bütün Xəbərlər
15:32 08.04.2013
1098
Azərbaycanın Hacıqabul rayonundakı Axtarma-Paşalı vulkanı püskürüb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev bildirib.Onun sözlərinə görə, püskürmə aprelin 1-də baş verib. Ərazidə Geologiya İnstitutunun alimləri tədqiqat aparıblar: “Bu, Azərbaycanın ən böyük vulkanlarından biridir. Vulkan Şirvan şəhərinin 35 km-liyində yerləşir, cənub-şərqi Şirvan ərazisindədir. Vulkan ilk dəfə 1948-ci ildə püskürüb, bu, 7-ci püskürmədir”.A. Əliyev deyib ki, püskürmə zamanı yer səthinə vulkan palçığı ilə yanaşı, böyük həcmdə müxtəlif tərkibli və yaşlı suxurlar da atılıb: “Vulkan palçığı 18 hektar sahəni örtüb, ümumi həcmi 220 min kub metrdir. Tullanan məhsulun orta qalınlığı 1 metr 20 sm-dir. Vulkan nəticəsində ərazidə çoxlu çat əmələ gəlib. Çatlardan biri çox böyükdür. Təxminən 2 km-dən artıq məsafəyə uzanıb. Çatın dərinliyi 2 metrə, eni 30 sm-dən 80 sm-ə qədər çatır. Çat həm şimal-qərb, həm cənub-şərq istiqamətində vulkandan keçir. Hazırda vulkan sakitləşib. Adətən palçıq vulkanları püskürəndə alov müşahidə olunur. Bu vulkanda isə alov müşahidə olunmur”.