Azərbaycanın gənc liderləri bir arada - FOTOLAR

GƏNCLİK
00:50 08.09.2012
2562

Bu gün Azərbaycan Gənclərinin I Liderlik Forumuna start verilib.

AZXEBER.COM-un məlumatına görə, Azərbaycan Gənclər paytaxtı Gəncədə keçirilən forumun ilk günündə iştirakçılarla tanışlıq və daha çox gənclər arasında səmimi ünsiyyətlə yadda qalıb. Forumun iştirakçılarını giriş sözüylə Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Zeynalov salamlayıb. O paytaxt Bakıdan gələn gəncləri Gəncədən görməkdən məmnunluq hissi keçirdiklərini və artıq mütəmadi olaraq gənclər paytaxtının belə mötəbər tədbirlərə ev sahibi etdiyini bildirib.

Daha sonra çıxış edən “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev də gəncləri salamlayaraq keçirilən forumun yüksək əhəmiyyətini qeyd edib. O bildirib ki, forumun keçirilməsində məqsəd ölkəmizdə müxtəlif sahələrdə lider mövqedə olan gənclərin bir araya gətirilərək, ölkə gəncliyini düşündürən vacib məsələlər ətrafında fikir mübadiləsini təmin etməkdir. Rauf Mərdiyevin sözlərinə görə, yaxın 3 gün ərzində öz işini müxtəlif panellərdə ayrı-ayrı mühüm mövzular ətrafında bu sahənin mütəxəssisləriylə birgə davam etdirəcək.

Qeyd edək ki, Gəncədə təşkil olunan foruma Bakıdan və Gəncədən 200 gənc lider qatılıb. Onlar forumun ilk günündə bir neçə işçi qrupuna bölünərək forumun panellərinə hazırlıq üçün müxtəlif məsələlərlə bağlı müzakirələr aparıblar. Forum sentyabrın 11-də başa çatacaq.

Xatırladaq ki, forum Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondu, Gəncə şəhər İcra Hakimiyyəti, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyi və “İRƏLİ” İctimai Birliyininin təşkilatçılığı ilə keçirilir.

OXŞAR XƏBƏRLƏR