Azərbaycan son illərdə həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində regionun ən sabit və dayanıqlı iqtisadiyyatlarından birinə çevrilib. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar ölkəmizin maliyyə dayanıqlığını daha da möhkəmləndirib, investisiya mühitini yaxşılaşdırıb və sosial rifahın yüksəldilməsinə mühüm töhfə verib.
"Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir” fikri Prezident cənab İlham Əliyev tərəfindən 2026-cı il iyunun 1-də Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində səsləndirilib. Dövlət başçısı çıxışı zamanı Azərbaycanın iqtisadi göstəricilərində müşahidə olunan müsbət dinamikanı xüsusi vurğulayaraq, ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin möhkəmləndiyini qeyd edib.
Prezident İlham Əliyev bildirib ki, son illərdə ölkədə yoxsulluq və işsizlik səviyyəsinin əhəmiyyətli dərəcədə azalması aparılan uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir. Bununla yanaşı, maliyyə dayanıqlığının təmin olunması, büdcə imkanlarının genişləndirilməsi və xarici borcun minimum səviyyədə saxlanılması istiqamətində ciddi nailiyyətlər əldə olunub.
Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanın xarici borcu ümumi daxili məhsulun təxminən 6 faizindən bir qədər çoxdur ki, bu da dünya miqyasında ən aşağı göstəricilərdən hesab olunur. Bu fakt ölkəmizin güclü iqtisadi potensialını, düzgün maliyyə idarəçiliyini və gələcəyə hesablanmış strateji yanaşmasını əks etdirir.
Bu gün Azərbaycan yalnız enerji sahəsində deyil, eyni zamanda qeyri-neft sektorunun inkişafı, sahibkarlığın təşviqi, investisiya cəlbediciliyinin artırılması və iqtisadi şaxələndirmə istiqamətində də mühüm uğurlar qazanır. Bütün bunlar ölkənin dayanıqlı inkişaf modelinin formalaşdığını və iqtisadi sabitliyin daha da möhkəmləndiyini göstərir.
Şübhəsiz ki, Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyası Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirəcək, vətəndaşların rifah səviyyəsinin yüksəlməsinə xidmət ediləcəkdir.
Müəllif: Bilal Mehdiyev
Göygöl RİHB Aparatının baş məsləhətçisi











































