Azərbaycanın kişilik rəmzinin əyri qalan məzar daşı – FOTOREPORTAJ

Azərbaycanın kişilik rəmzinin əyri qalan məzar daşı –  FOTOREPORTAJ
Bütün Xəbərlər
18:10 28.04.2014
2989

Azərbaycan tarixində öz kişilik, qəhrəmanlıq, mərdlik, əyilməzlik, yenilməzlik ömrü yaşayan, keçmiş tariximizdə iz qoyan, gələcəyə, bu günə, sabah qürurla boylanan, bugünkü, gələcək gənclərə öz həyatı ilə bir öyrənilməli tərbiyəvi həyat məktəbi qoyan tarixi şəxsiyyətlərimiz çox olub. Şan-şöhrətli tariximiz xalqımızın taleyidir, tərcümeyi-halıdır, qeyrət məktəbimizdir, ibrət dərsimizdir. 

Hər bir abidə, hər bir yazılı daş, keçmiş tariximizi əks etdirən məzar daşları ağsaçlı tariximizin anasıdır. Azərbaycan tarixində Qazağın Şıxlı kəndində olan Şıxlinskilər (Şıxoğlular) tayfasından böyük, nəhəng, sayılıb-seçilən şəxsiyyətlər çox yetişib. Şıxlinskilər tayfasının böyük oğullarından biri Azərbaycanın xalq yazıçısı, el ağsaqqalı, göylərə baş çəkən Göyəzən dağının əyilməz vüqarı kimi görünən İsmayıl Şıxlının "Dəli Kür" romanının qəhrəmanı Cahandar ağa Yusif ağa oğlu haqqında məlumat vermək istəyirik. Cahandar ağanın nəsil şəcərəsi Şıxıoğluları Kamaloğullular ilə bağlıdır. Cahandar ağa 1853-cü ildə Qazağın II Şıxlı kəndində dünyaya gəlmişdi. Yusif ağanın oğludur. Cahandar ağa 2 qadınla evlənmişdi. Birinci həyat yoldaşı Müqəddənisə xanımdan Şəmiddin ağa (1878-1930), Şəmistan ağa (1885-1914), Daniyal ağa adlı 3 oğlu və Minə xanım, Afiyat xanım adlı 2 qızı olmuşdu. Cahandar ağanın ikinci həyat yoldaşı Güllü xanımdan Əbil ağa (1885-1914), Qiyas bəy (1887-1972), Həsən ağa (1894-1950) adlı oğulları və Səltənət, Məleykə adlı iki qızı olub. Cahandar ağa 1910-cu ildə Kürün o tayından gələn bir dostunun dəvəti ilə ona qonaq gedən zaman rus əsgərlərindən ibarət bir qrupun pusqusuna düşür. Ruslar Cahandar ağanı gülləyə tuturlar. Cahandar ağa öz atının belində Kürü üzə-üzə ruslara qarşı tüfəng və tapançasından atəş açmağa başlayır. 5 rus əsgərini öldürür, lakin özü Kür sularında düşmən gülləsindən şəhid olur. Cahandar ağanın qəbri II Şıxlıda, Bakı-Tbilisi yolunun Sınıq körpüyə yaxın hissəsində, yolun sağ kənarında yerləşən köhnə qəbristanlıqdadır. Cahandar ağanın qəbir daşı bir az əyilmiş vəziyyətdədir. Üstündə tüfəng və xəncər şəkli var. Azərbaycan tarixində böyük bir səhifəyə malik Şıxllinskilərin böyük oğullarından biri Cahandar ağanın qəbrinə və qəbir daşına biganəlik gördük. Cahandar ağanın qəbir daşını tam düzəltmək, onun ətrafına hasar çəkmək, vaxtı gec də olsa, lazımdır. "Dəli Kür"ü oxuyan hər bir gənc Cahandar ağanın qəbrini və baş daşını əyilmiş vəziyyətdə gördükdə, görəsən, nə düşünər? Əziz "Dəli Kür"ün oxucuları, Cahandar ağanın qəbrini və qəbir daşını sizə təqdim edirik. Yolunuz Qazağa, II Şıxlıya düşsə, Cahandar ağanın məzarını ziyarət etməyi unutmayın. Fəxrəddin Vəlizadə

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR