Azərbaycanın Milli Qəhrəmanları goranboylu gənclərlə görüşüb

GƏNCLİK
09:54 19.03.2013
2108

“Bakı Gənclər Klubu” İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirdiyi “Qəhrəmanlar unudulmasın!” layihəsinin iştirakçıları Goranboy rayonuna səfər ediblər.

AZXEBER.COM-un məlumatına görə, səfər Goranboyda yaşayan, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə rəşadət göstərmiş qəhrəmanlarımız və şəhid ailələri ilə görüşmək məqsədi ilə təşkil olunub.Görüş Goranboy rayon Gənclər Mərkəzində keçirilib. Gənclərlə görüşdə Milli Qəhrəmanlar Maşallah Abdullayev və Məhəmməd Həsənov, həmçinin, Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş digər döyüşçülər iştirak ediblər. Gənclər qarşısında çıxış edən qəhrəmanlarımız könüllü Goranboy batalyonunun həyata keçirdiyi uğurlu əməliyyatlardan, Goranboyun müdafiəsindən danışıblar.

Döyüşçülər Goranboyun xüsusi strateji əhəmiyyətə malik olduğunu, Goranboyun müdafiəsinin Azərbaycanın müstəqilliyini qorumaq baxımından çox vacib olduğunu və Goranboy batalyonunun bu vəzifənin öhdəsindən şərəflə gəldiyini qeyd ediblər. Daha sonra, qəhrəmanlarımız gəncləri maraqlandıran müxtəlif sualları cavablandırıb.Qeyd edək ki, “Qəhrəmanlar unudulmasın!” layihəsinin məqsədi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş döyüşçülərimizi daha yaxından tanımaq və ictimaiyyətə tanıtmaqdan ibarətdir.

OXŞAR XƏBƏRLƏR