Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
SİYASƏT
21:12 15.06.2026
168
İyunun 15-də ABŞ-nin Nyu-York şəhərində Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta tərəf dövlətlərin 42-ci iclası çərçivəsində Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin (ICCPR) 2027-2030-cu illər üzrə üzvlüyünə seçilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd olunub ki, ciddi beynəlxalq rəqabət şəraitində baş tutmuş seçkidə Azərbaycanla birgə 16 ölkədən olan namizədlər komitədə mövcud doqquz vakant yer uğrunda mübarizə aparıblar. Azərbaycan tərəfindən namizədliyi irəli sürülmüş Cenevrə Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq professoru Fuad Zərbiyev səsvermənin ilk mərhələsində ən yüksək səs toplayaraq, 131 iştirakçı dövlətin dəstəyini qazanıb və komitəyə üzv seçilib.

Qeyd edək ki, BMT-nin İnsan Hüquqları Komitəsi 1966-cı il Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın icrasına nəzarət edən qurumdur. Komitə 18 müstəqil ekspertdən ibarət olmaqla, Pakta tərəf dövlətlərin öhdəliklərinin yerinə yetirilməsini nəzərdən keçirir və beynəlxalq insan hüquqlarının inkişafında mühüm rol oynayır.
OXŞAR XƏBƏRLƏR