Azərbaycanın xalq artisti: "Yaxşı ki, anam yoxdur"

MAQAZİN
07:50 30.08.2012
2294
"Əməliyyatdan sonra da gözümü açan kimi dedim ki, kaş anam yanıma olardı. Sonra da düşündün ki, yaxşı ki, anam yoxdur, yoxsa bu dərdə dözməzdi. Mənim anamdan başqa bir dərdim yoxdur, onun yoxluğu məni sarsıtdı”.
Bu sözləri bir neçə gün öncə Mərkəzi Neftçilər Xəstəxanasında ürək əməliyyatı keçirən xalq artisti İlhamə Quliyeva deyib.Xalq artisti bunun çox ağır əməliyyat olduğunu diqqətə çatdırıb, göstərilən diqqətə görə hər kəsə təşəkkür edib: “Çox çətin əməliyyat idi. Əməliyyatda beş donor iştirak edirdi, amma heç bir donordan istifadə etməyə lüzum qalmadı, öz damarlarımdan üçünü ürəyimə qoydular. Əməliyyat beş saat yarım çəkdi.Hər şey uğurla baş tutdu. Mənim əməliyyatımı tanınmış ürək cərrahı, doktor Rəşad Mahmudov həyata keçirdi. Burada çox güclü mütəxəssislər çalışır. Mənə çox yaxşı qulluq olunur. Xalqım mənə dua edib, hər kəsə təşəkkür edirəm. Bu günlər ərzində Azərbaycanın rəsmi şəxslərindən tutmuş, çoxsaylı sənət dostlarıma kimi hər kəs ziyarətimə gəlir. Ziyarətlərin ardı-arası kəsilmir”.Müğənni səhiyyə naziri Oqtay Şirəliyevin ona hədiyyə etdiyi müqəddəs “Qurani-Kərim”i yanında saxladığını da deyib.İ.Quliyevanın ziyarətçilərinin sayı çox olduğu üçün palatanın qapısı önündə xüsusi mühafizəçi də qoyulub: “Ziyarətlər çoxdur, demək olar ki, bütün sənət dostlarım gəlib".Artıq ayağa durduğunu deyən İ.Quliyeva bir həftə Mərkəzi Neftçilər Xəstəxanasında qaldıqdan sonra evə buraxılacağını açıqlayıb: “Qarşıdakı iki ay müddətində mütləq qorunmalıyam. Özüm də özümü qorumalıyam. Sonra Allah qoysa, artıq böyük konsertlərim olmalıdır. Allahıma çox minnətdaram, hər şey çox yaxşıdır. Yaşamaq və valideynlərimin müqəddəs xatirəsini özüm yaşatmaq istəyirəm. Anamın ruhuna görə yaşamalıyam”.Qeyd edək ki, avqustun 25-də Azərbaycanın xalq artisti İlhamə Quliyeva Mərkəzi Neftçilər Xəstəxanasında ürəyindən əməliyyat olunub. Müğənni üç gün reanimasiyada qaldıqdan sonra ötən gün palataya köçürülüb.

OXŞAR XƏBƏRLƏR