Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi

Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
SOSİAL
20:35 18.06.2026
290

İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq maliyyə institutları ilə münasibətlərində yalnız protokol çərçivəsi ilə məhdudlaşmayan, ölkənin son illərdə qazandığı siyasi etimadın, iqtisadi dayanıqlılığın və strateji tərəfdaşlıq qabiliyyətinin təsdiqinə çevrilən mühüm hadisədir. Ölkə başçısının açılış mərasimindəki çıxışı bu baxımdan Bankla əməkdaşlığın tarixi xülasəsi çərçivəsini aşaraq Azərbaycanın müasir inkişaf modelinin siyasi-iqtisadi təqdimatı kimi səsləndi. Bu modelin mahiyyətində sabitlik, suverenlik, investisiya etibarlılığı, bağlantı siyasəti, enerji təhlükəsizliyi və postmüharibə quruculuğu vahid dövlət strategiyası kimi birləşir.

Cənab Prezident İlham Əliyevin çıxışında ən mühüm məqamlardan biri sabitliyin iqtisadi inkişaf üçün başlanğıc şərt kimi təqdim olunması idi. Azərbaycanın xarici borcunun ÜDM-un cəmi 6 faizi səviyyəsində olması, valyuta ehtiyatlarının xarici borcu təxminən 20 dəfə üstələməsi, ölkəyə 350 milyard dollardan çox birbaşa investisiyanın cəlb edilməsi və qeyri-neft-qaz sektorunun ÜDM-də 70 faizdən artıq paya malik olması göstərir ki, ölkənin iqtisadi dayanıqlığı sistemli idarəetmə, ehtiyatlı maliyyə siyasəti və uzunmüddətli inkişaf iradəsi üzərində formalaşıb. Bu rəqəmlər Azərbaycanın idarəçilik fəlsəfəsində maliyyə intizamı ilə fəal inkişaf gündəliyinin eyni anda aparıldığını sübut edir.

Müqayisə baxımından 2010-cu il toplantısı ilə 2026-cı il toplantısı arasında fərq xüsusilə diqqətəlayiqdir. Əgər 2010-cu ildə əsas gündəm Azərbaycanın iqtisadiyyatının neft gəlirlərindən asılılığının azaldılması və şaxələndirmə prosesinin sürətləndirilməsi idisə, 2026-cı ildə Bakı artıq tamam başqa statusla çıxış edir. Azərbaycan indi islahat aparan ölkə statusunu aşaraq enerji ixrac edən, 16 ölkəyə təbii qaz nəql edən, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində əsas nəqliyyat-logistika qovşağına çevrilən, eyni zamanda yaşıl enerji ixracı üçün yeni infrastruktur quran dövlət kimi təqdim olunur. Bu, inkişafın kəmiyyət mərhələsindən keyfiyyət mərhələsinə keçidin göstəricisidir.

Prezident İlham Əliyevin çıxışında enerji siyasəti də daha geniş strateji mənada izah olunur. Azərbaycan ənənəvi enerji resurslarından əldə etdiyi üstünlüyü yalnız ixrac gəliri mənbəyinə çevirməyib, onu beynəlxalq etimad, regional əməkdaşlıq və Avropanın enerji təhlükəsizliyi üçün mühüm dayağa yüksəldib. Bununla paralel olaraq 2032-ci ilədək 8 giqavat Günəş və külək enerjisi gücünün yaradılması istiqamətində imzalanmış müqavilələr Azərbaycanın postkarbon dövrünə hazırlığını göstərir. Burada əsas məqam ondan ibarətdir ki, Azərbaycan neft-qaz ölkəsi statusu ilə yaşıl enerji perspektivini bir-birinə alternativ kimi təqdim etmir, hər iki istiqaməti tamamlayıcı strateji üstünlüyə çevirir.

Çıxışın digər güclü xətti bağlantı siyasətidir. Prezidentin fikirlərindən aydın görünür ki, coğrafi mövqe real üstünlüyə yalnız infrastruktur, siyasi iradə və beynəlxalq etibar vasitəsilə çevrilir. Azərbaycanın açıq dənizə çıxışı olmayan ölkədən Avrasiyanın nəqliyyat qovşağına çevrilməsi məhz bu strateji düşüncənin nəticəsidir. Yüklərin həcmini iki dəfə artırmaq hədəfi göstərir ki, ölkə tranzit imkanlarını yalnız gəlir mənbəyi kimi deyil, regional inteqrasiyanın və geoiqtisadi təsir imkanlarının mühüm aləti kimi dəyərləndirir.

Qarabağ və Şərqi Zəngəzurla bağlı ölkə başçısının fikirləri isə çıxışın siyasi-mənəvi mərkəzini təşkil edir. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi həm tarixi ədalətin təntənəsi, həm də yeni iqtisadi quruculuq mərhələsinin başlanğıcı kimi əsaslandırılır. Azad edilmiş ərazilərə 17 milyard dollara yaxın investisiyanın yönəldilməsi, artıq 90 minə yaxın insanın həmin bölgələrdə yaşaması, işləməsi və təhsil alması qələbənin real inkişaf proqramına çevrildiyini göstərir. Bu müqayisə xüsusi əhəmiyyət daşıyır: Azərbaycan işğalın dağıntı mirasına cavab olaraq intiqam ritorikasını kənarda saxlayır, quruculuq, qayıdış və davamlı sülh gündəliyini irəli sürür.

Beləliklə, Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı Azərbaycanın inkişaf prosesinin hazırkı mərhələdə qazandığı siyasi və iqtisadi xüsusiyyətləri nümayiş etdirdi. Prezident İlham Əliyevin çıxışında vurğulanan məqamlar üç əsas istiqamət üzrə daha aydın şəkildə fərqləndirilə bilər. Birinci istiqamət iqtisadi dayanıqlıqdır ki, bu da ölkədə qorunan sabitliyin, həyata keçirilən iqtisadi siyasətin və uzunmüddətli inkişaf potensialının göstəricisi kimi təqdim olunur. İkinci istiqamət suverenliyin tam bərpasından sonra azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma, infrastrukturun bərpası və sosial-iqtisadi inkişaf tədbirlərini əhatə edir. Üçüncü istiqamət isə regional əməkdaşlıqdır; burada Azərbaycanın nəqliyyat, ticarət və tərəfdaşlıq platformalarında artan rolu, eləcə də regionlararası əlaqələrin gücləndirilməsinə verdiyi töhfə ön plana çıxır. Bu baxımdan, Bakı toplantısı beynəlxalq maliyyə əməkdaşlığı üçün əhəmiyyətli platforma olmaqla yanaşı, Azərbaycanın iqtisadi dayanıqlıq, yenidənqurma və regional əməkdaşlıq sahələrində əldə etdiyi təcrübənin beynəlxalq auditoriyaya təqdim edildiyi mühüm siyasi-iqtisadi proses kimi qiymətləndirilməlidir .
  
Milli Məclisin deputatı Rövşən Muradov
OXŞAR XƏBƏRLƏR