Azərbaycanlı alimin məqaləsi Türkiyə mediasında dərc olunub

Azərbaycanlı alimin məqaləsi Türkiyə mediasında dərc olunub
SOSİAL
13:31 18.06.2026
218
Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Elman Mirzəyevin müəllifi olduğu məqalə Türkiyə mediasında işıqlandırılıb.

Tarixçi alimin Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və siyasi əhəmiyyətinə həsr etdiyi "Şərqdə İlk Parlamentli Demokratik Dövlət” adlı elmi-publisistik məqalə Türkiyənin "Ayancık” və "Marmara” qəzetlərində dərc olunub.

Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XX əsrin əvvəllərində Şərqdə demokratik dövlətçilik ənənələrinin formalaşması kontekstində təhlil edilir. Müəllif qeyd edir ki, 1918-ci il mayın 28-də qəbul olunmuş İstiqlal Bəyannaməsi Azərbaycan xalqının dövlətçilik tarixində yeni siyasi mərhələnin əsasını qoyaraq xalq hakimiyyəti və suverenlik prinsiplərinə əsaslanan müasir dövlət modelinin yaranmasına zəmin yaradıb.

Araşdırmada vurğulanır ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli demokratik respublika kimi hüquqi dövlət quruculuğu, hakimiyyət bölgüsü, vətəndaş bərabərliyi, insan hüquqlarının qorunması və siyasi iştirak prinsiplərini dövlət idarəçiliyinin əsas istiqamətləri kimi müəyyən edib.

Məqalədə Azərbaycan Parlamentinin təşkili və fəaliyyəti ayrıca təhlil olunur. Bildirilir ki, parlamentdə müxtəlif siyasi qüvvələrin, eləcə də ölkədə yaşayan milli və dini azlıqların nümayəndələrinin təmsil olunması həmin dövr üçün inklüziv siyasi idarəetmə modelinin formalaşdırıldığını göstərir. Parlamentin fəaliyyətində siyasi plüralizm, fikir müxtəlifliyi və hüquqi prinsiplərə əsaslanan qərarvermə mexanizmlərinin tətbiqinə diqqət yetirilir.

Müəllif qeyd edir ki, Azərbaycan Parlamenti fəaliyyət göstərdiyi müddətdə dövlət quruculuğu, təhsil, iqtisadiyyat, ordu quruculuğu, vətəndaş hüquqları və beynəlxalq münasibətlər sahələrində bir sıra mühüm qanun və qərarlar qəbul etmiş, müasir Azərbaycan dövlətçiliyinin hüquqi-siyasi əsaslarının formalaşmasına töhfə verib.

Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluq müddəti qısa olsa da, onun siyasi irsi, demokratik idarəçilik təcrübəsi və milli dövlətçilik ideyası sonrakı dövrlərdə də öz əhəmiyyətini qoruyub saxladığına dair məqamlar öz əksini tapıb. Bu baxımdan Cümhuriyyətin siyasi-fəlsəfi irsi Azərbaycanın müstəqillik ənənələrinin və dövlətçilik düşüncəsinin mühüm tərkib hissəsi kimi qiymətləndirilir.

Elman Mirzəyevin Türkiyə mediasında dərc olunan bu məqaləsi Azərbaycan tarixinin beynəlxalq auditoriyaya çatdırılması, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik irsinin elmi müstəvidə təqdim olunması və Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələrinin inkişafı baxımından diqqət çəkən nəşrlərdən biri hesab olunur.

Xatırladaq ki, Elman Mirzəyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi, tarix üzrə fəlsəfə doktorudur. Onun elmi araşdırmaları əsasən Azərbaycan tarixi, dövlətçilik ənənələri və milli parlamentarizm məsələlərini əhatə edir. O, ali təhsil müəssisələri üçün hazırlanmış bir sıra dərs vəsaitlərinin və elmi-metodik nəşrlərin müəllifidir.
OXŞAR XƏBƏRLƏR