Bədəlov Azərbaycanın cənub bölgəsi olan Lerik rayonunda doğulub. Uzun müddət Rusiyada yaşasa da, sonradan Azərbaycana geri qayıdıb.
Onun sözlərinə görə, gey olmasından xəbər tutduqdan sonra ailə üzvləri ona hədə-qorxu gəlməyə başlayıb və bundan sonra Azərbaycanı tərk edərək Avropaya köçməyə məcbur olub.
"Avropada kiçik əyalət şəhərlərini deyə bilmərəm, amma böyük şəhərlərdə gey olaraq xoşbəxt yaşamaq mümkündür. Mən Parisdə yaşayıram və tamamilə azadam," Bədəlov deyir.
Rəssamın sözlərinə görə, Azərbaycanda LGBT-lərin həyatı hər zaman təhlükə altındadır. "Azərbaycanda homoseksualların gələcəyi üçün çox işlər görmək lazımdır. İlk növbədə dövlət LGBT-lərin hüquqlarının qorunması üçün təbliğat aparmalıdır".
Azərbaycanda yaşayan Nəzrin deyir ki, əgər "gey olduğunu gizlətsən və hamıya özünü yalandan homofob kimi təqdim etsən, Azərbaycanda yaşamaq heç də çətin deyil".
Nəzrin hazırda tələbədir və ekologiya ixtisası üzrə təhsil alır. "Gey olduğumu ailəmdə sadəcə bacım və qardaşım bilir. Anama deməmişəm, yəqin özü təxmin edib".
O deyir ki, Azərbaycan cəmiyyətində homoseksual olmaq əxlaqsızlıq kimi qavranılır və hətta homoseksual sözünü işlətmək belə ədəbsizlik sayılır.
"İnsanların çoxu, cəmiyyətə fayda vermiş homoseksuallardan xəbərsizdir. Problemin kökündə məlumatsızlıq dayanır," Nəzrin deyir.
Buna baxmayaraq, onun fikrincə Azərbaycanda LGBT-yə münasibətdə hər il müsbət mənada dəyişiklik baş verir.
N.R (red: ad və soyadının baş həriflərini qey edirik) Azərbaycanda LGBT-ın gələcəyinə ümidli baxdığını deyir. "Çünki artıq insanlarımız bu mövzuda öyrənir, məlumat toplamağa başlayıb. Homoseksuallıq haqqında olan mühafizəkar fikrin yavaş-yavaş yox olduğunu müşahidə edirəm"
LGBT haqlarının müdafiəçisi olan Mahmudovanın sözlərinə görə, Azərbaycanda geylərin ən böyük problemi işsizlikdir. "Çoxları məhz gey olduğu üçün iş tapa bilmir və buna görə də ciddi problemlərlə üzləşir".
Təşkilatın əvvəlki sədiri olan İsa Şahmarlı 2014-cü ilin yanvar ayında işlədiyi ofisdə özünü rəngarən “qürür bayrağı” ilə asıb intihar etmişdi.
İsa Şahmarlının intiharından sonra Azad LGBT təşkilatına rəhbərlik edən Mahmudova deyir ki, "Şahmarlının ölümü LGBT sahəsində böyük dirçəlişə səbəb olub".
“...Bu dünya mənim rənglərimi daşıya biləcək qədər güclü deyil,” İntahar etməzdən öncə Şahmarlı Facebook hesabında bunları yazmışdı.
Ölümündən öncə mətbuata verdiyi müsahibədə o, homoseksual olduğu üçün yaxınları tərəfindən və universitetdə təzyiqlərə məruz qaldığını bildirirdi.
Lalə Mahmudova deyir ki, Bakıda bölgələrə nisbətən homoseksuallar müəyyən qədər azaddır. "Bölgələrdə vəziyyət daha acınacaqlıdır. Hətta LGBT fərdi özünün niyə digərləri kimi olmadığını anlaya bilmir və ətrafdakıların nifrət davranışları ilə üzləşir," Mahmudova bildirir.
Onun sözlərinə görə, LGBT sahəsində Türkiyə və Gürcüstandakı təşkilatlarla da əməkdaşlıq edirlər.
Azərbaycanda homoseksuallığa görə cəza Cinayət Məcəlləsindən 2001-ci ildən çıxarılıb. Azərbaycan rəsmiləri ölkədə homoseksuallara mənfi münasibət bəslənməsi haqda məlumatları təkzib edirlər. /// BBC Azərbaycanca