Azərbaycanlı mollanın 'şortik'li qız sevgisi və ya ...

Azərbaycanlı mollanın
Bütün Xəbərlər
02:12 17.08.2014
13006
Hacıbəy Heydərli
Bir gün molla sakinləri qızlarına sahib çıxa bilmədiyinə görə kəskin tənqid edir, deyir ki, qızlarınız “şortik” geyinir və bu da milli-mentalitemizə zidd hərəkətdir və yolverilməzdir. Bu məqamda sakinlərdən biri özünü saxlaya bilməyib deyir: “Molla əmi, amma sizin də qızınız “şortik” geyinir axı, bəs ona niyə söz demirsiz?”
Bu sözləri eşidən molla sakitcə cavab verir: “Adamın Allahı var, mənim qızıma yaraşır da”...
Çox təəssüf ki, cəmiyyətdə bu molla kimi düşünən insanların sayı yetərincədir, öz gözündə çöpü görməyənlər, başqalarını müzakirə edir, başqalarının oğlunu “mavi”, qızını isə “fahişə” çıxarır. Bunun üçün qızların “şortik” geyinməsi, evə gec gəlməsi, oğlanla şəhərdə əl-ələ gəzməsi, "facebook"da münasibətdə olması, oğlanların isə “cırıq şalvarda” olması, açıq-saçıq qızları müzakirə etməsi kifayətdir.
Əslində, cəmiyyətdə kimdən soruşsan ki, bu cür hərəkətlərə necə baxırsız, hər kəs normal yanaşdığını deyər. Amma nəticə odur ki, insanlar bu tip düşüncələrdən qurtula bilmir, özündən çox başqasını müzakirə edir, başqasının həyatına müdaxilə edir, başqaları üçün xoşbəxt olmağa çalışır.
Xüsusən, sosial şəbəkə istifadəçilərinin klaviaturalarından nifrət, kin, qəzəb, aqressiya yağır. Tam səmimi deyim ki, Azərbaycanda elə bir məşhur, elə bir ictimai-siyasi xadim yoxdur ki, onun şəkli “facebook”a yüklənəndə insanlar xoş sözlər yazsın. Artıq iş o həddə çatıb ki, heç bir məşhur sosial şəbəkələrdə səmimi ola bilmir. Əgər hansısa məşhur dənizdə şəkil çəkdirib onu öz profilində paylaşırsa, hər kəs onu bədənini satışa çıxarmaqda suçlayır, əgər səhnəyə açıq-saçıq çıxıbsa, hamı onu sponsor axtarışında günahlandırır. Tutaq ki, o məşhur həqiqətən bu məqsədlə şəkillərini paylaşır və ən axırıncı adamdır. Bəs, onun şəxsi həyatına qarışmaq, onun yatağını müzakirə etmək ixtiyarını bizə kim verib? Doğurdanmı fahişələr, əxlaqsızlar, mavilər yalnız məşhurlardır? Onları müzakirə edənlərin ailəsində, dostunda, tanışında belə adam yoxdur? İnanın ki, bu mümkün deyil, sadəcə olaraq güzgüyə baxıb, düşünmək yetərlidir.
Sosial şəbəkələrdə məşhurlara olan bu aqressiya şəhərdə də sıravi xanımlara, qızlara qarşı müşahidə olunur. Əgər hansısa qız şəhərə “şortiklə” çıxıbsa, axşam saatlarında rəfiqələriylə hansısa kafedə oturubsa, avtobusa, metroya “yubka” ilə giribsə, öyrəşmişik ki, mütləq ona “podxod” edək, hansısa duzsuz zarafata qonaq edək.
Bu yaxınlarda xaricdə oxuyan qızlardan biri söhbət zamanı belə bir söz dedi: "Mən Avropada təhsil alıram və burada bütün günü “şortik”lə, “mini yubka” ilə gəzirəm, kafedə pivə içirəm, siqaret çəkirəm, amma bu heç bir avropalı oğlanın diqqətini cəlb etmir, heç biri buna görə mənə baxmır, mənə “podxod” etmir. İnan səmimiyyətimə ki, bu məni çox narahat edir və Bakı üçün çox darıxıram.”
Əslində, bu həm də o deməkdir ki, Avropada hər kəs özü üçün yaşayır, onlar üçün bu cür qızlar adiləşib, heç bir əhəmiyyət daşımır.
Mən əminəm ki, bir qıza veriləcək ən böyük cəza ona qarşı laqeyd olmaqdır. Əgər cəmiyyətdə bu tip şeylərin azalmasını, olmamasını istəyiriksə, o qızlara reaksiya verməməliyik, türklər demişkən, nə halları varsa, görsünlər. Onsuz da özləri nə etdiklərinin fərqindədirlər.
Mən heç də əxlaqsızlığın, tərbiyəsizliyin tərəfdarı deyiləm və onlara haqq da qazandırmıram. Sadəcə dediyim odur ki, bu adamları görməzdən gələk, onlara görə qanımızı qaraltmağa, onları müzakirə etməyə dəyməz. Buraxın hər kəs öz həyatını yaşasın, buraxın hər kəs öz doğrularının ardınca getsin. Ancaq həmin adamların arxasınca danışanda da güzgünü unutmayaq. İsa Peyğəmbərin məşhur sözləri ilə desək, qoy kimin günahı yoxdursa, birinci daşı da o atsın.
Bir şeyə tam əminəm ki, həyatda başqaları üçün yaşayan insan heç vaxt xoşbəxt ola bilməz. Başqalarını müzakirə edən, bütün günü ondan danışan, onu söyən, hətta onu tərifləyən adam da xoşbəxt ola bilməz. Xoşbəxtlik öz həyatını yaşamaq və ürəyindən keçənləri etməkdir. Əgər kiminsə içindən soyunmaq, siqaret çəkmək, içki içmək keçirsə, əmin olun ki, o bunu nə zamansa edəcək. İndi etməməyinin səbəbi isə ictimai qınaqdır. Ona görə də onları qınamayaq, icazə verək ki, öz potensiallarını ortaya qoysunlar. Əgər nə vaxtsa edəcəksə, qoy elə bu gün etsin.
Əmin olun ki, bu adamları müzakirə etməklə, onları aşağılamaqla yox, sadəcə olaraq ətrafa xoş, müsbət enerji yayan, pozitiv olan, üzündən gülüş əksik olmayan adamlarla bir yerdə xoşbəxt ola bilərsiz. Elə isə özümüzdən başlayaq.
Hazırsınızmı?
OXŞAR XƏBƏRLƏR